Bu gün Startap Azərbaycanın təşəbbüsü ilə ölkənin startap ekosisteminin nümayəndələri Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşüb.
Görüşdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun rəhbərliyi, Müşahidə Şurasının rəhbərliyi, Texnoparkların rəhbərləri, Universitetlərdə fəaliyyət göstərən biznes inkubatorların rəhbərləri, Startap Azərbaycan komandasının üzvləri, startapçılar iştirak ediblər.
Xeberler.az-ın məlumatına görə, görüşün əsas məqsədi ölkədə startap ekosisteminin inkişafı, startaplara dövlət dəstəyinin gücləndirilməsi və bu sahədə mövcud problemlər, onların aradan qaldırılması haqqında fikir mübadiləsi aparmaq olub.
Tədbiri nazir Əli Abbasov açaraq iştirakçıları salamlayıb və görüşün əhəmiyyətli olduğunu bir daha diqqətə çatdırıb.
Əli Abbasov İKT sahəsində sahibkarlığı inkişaf etdirmək məqsədilə görülən işlərdən, yeni yaranan startap şirkətlərə və kiçik sahibkarlıq subyektlərinə qrant şəklində maliyyə dəstəyinin həyata keçirilməsindən danışıb. O , irəli sürülən təkliflər nəzərə alınmaqla bu sahədə işlərin daha da canlandırılacağını diqqətə çatdırıb.
Daha sonra Fondun icraçı direktoru Elçin Zeynalov görüşün məqsədi və Fondun startap layihələrə göstərdiyi dəstək haqqında məlumat verib.
Dövlət Fondunun məsul əməkdaşı Anar Cəfərov indiyə qədər qrant müsabiqələri ilə bağlı təqdimat edib.
Tədbirdə Fondun elan etdiyi birinci və ikinci qrant müsabiqələrinin qalibi olmuş layihələr barədə təqdimatlar keçirilib, Fond haqqında video təqdimat nümayiş olunub.
Görüşdə Azərbaycan İnternet Forumun rəhbəri, Startap Azərbaycan layihəsinin koordinatoru Osman Gündüz çıxış edib. Osman Gündüz ölkənin startap ekosisteminin inkişafı və dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı Startap Azərbaycan tərəfindən hazırlanan təklifləri təqdim edib. O, çıxışında mövcud olan vəziyyəti şərh edib. Startapların qarşılaşdığı problemlərdən və mövcud problemlərin həlli yollarından danışıb.
Tədbirdə həmçinin İT sahəsində çalışan mütəxəssislər, startapçılar da İT biznes və startapların inkişafını ləngidən məsələlərlə bağlı təkliflərini səsləndirib.
Belə ki, Bethclip layihəsinin rəhbəri Rəşid Əliyev, AİF üzvü Rəşad Əliyev, Nettrends şirkətinin yaradıcısı Elşad Yusifli, ekspert Rafael Əzizov, startapçılar Murad Həsənzadə, Namət Məmmədzadə, Orxan Rzayev, Rüstəm Həsənov, Qafqaz Universiteti Texnoparkının direktoru İsa Qasımov, ADİU İnnovativ Biznes-İnkubator MMC-nin direktoru Mircavid Həsənov, Coworking Mərkəzinin rəhbəri Tamerlan Məmmədov, MyVideo portalının rəhbəri Əli Əliyev və digər tanınmış İT mütəxəssisləri, startapçılar çıxış edərək, startap mühitinin inkişafı ilə bağlı təkliflər və qarşılaşdıqları problemlər barədə məlumatlar veriblər.
Xeberler.az-ın məlumatına görə, səsləndirilən təkliflərdə bildirilib ki, investisiya mühitinin inkişafına ciddi dəstək verilməli, İnvestorlar Klubu yaradılmalı, İT investisiya forumu keçirilməli, startapçıların problemlərinin daha effektiv formada həlli üçün ASAN Startap sistemi yaradılmalı, uşaqlar üçün Texno Parklar yaradılmalı, kadrlar hazırlanmalıdır. Həmçinin qeyd olunub ki, universitetlərdə İT mütəxəssislərini yetişdirmək üçün daha geniş şərait yaradılmalıdır.
Görüşdə dünya təcrübəsindən yararlanan təkliflər, yeni ideyalar da səsləndirilib. Qeyd edilib ki, dünya bazarında Azərbaycanın İT, startap ekosisteminin yer tutması üçün dövlət dəstəyi gücləndirilməli, özəl investisya dəstəyi üçün şərait yaradılmalıdır.
Həmçinin qeyd olunub ki, ayrılan qrantların məbləği artırılsa, bu sahəyə maraq artar və nəticədə ciddi resurslar, gəlir əldə etmək olar.
Görüşdə nazir tərəfindən iştirakçıların hər biri üçün fikirlərini səsləndirməyə imkan yaradılıb.
Bütün çıxışları dinləyən nazir Əli Abbasov sonda qeyd edib ki, bu təkliflər Nazirlik tərəfindən dəyərləndirəcək, ümumiləşdiriləcək və konkret addımlar müəyyən olunacaq . Görüşün nəticəsi ilə bağlı məlumat veriləcək. Bununla bağlı nazir Əli Abbasov müvafiq tapşırıqlar da verib.
Təkliflərinin xeyli hissəsinin vergi və gömrük güzəştləri ilə bağlı olduğunu nəzərə alan Əli Abbasov açıqlayıb ki, payızda Pirallahı adasında yeni Texno Park salınacaq və bütün xarici şirkətlər ora dəvət olunacaq. Burada qeydiyyatda olan bütün qurumlar müvafiq güzəştlərə malik olacaqlar.
Əli Abbasov qeyd edib ki, hazırda maliyyə ilə bağlı bəzi problemlər mövcuddur. Buna baxmayaraq nazirlik startaplara həmişə dəstək olacaq.
Xeberler.az-ın məlumatına görə, nazir Əli Abbasov Dövlət Fondu tərəfindən ayrılan vəsaitlərin həcminin də artırılacağını diqqətə çatdırıb.
Görüşdə qeyd olunan məsələlərlə bağlı Müşahidə Şurasının yaxın vaxtlarda toplantısının da keçirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb. Əli Abbasov ixtisaslı kadrların yetişdirilməsi istiqamətində Təhsil Nazirliyinə təkliflər göndərəcəyini də deyib.
Görüşün sonunda nazir bir daha bütün təkliflər üçün minnətdarlığını bildirib və onların reallaşdırılması istiqamətində konkret addımların atılacağını diqqətə çatdırıb.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri