Ölkədə İT təhsilin inkişafına kim və nə üçün mane olur?

06-06-2016 / 11:10

Ölkənin İT təhsilini kim və nə üçün dünya sivilizasiyası inkişafının əksinə itələyir? 

Arayış:  İT– bu, İnformasiya Texnologiyalarıdır.

Yəqin ki, çoxlarımız  və  ya bəzilərimiz  XXI əsrdə yaşayır (daxilən). Çoxları  isə XX, bəziləri isə  XIX  əsrdə qalıb. Onlar xoşbəxt adamlardır, çünki onlara müasir sivilizasiya, mədəniyyət təsir etməyib.

Onlar möhkəm əmindirlər ki, kompüterdə yalnız oynamaq, mətn yazmaq olar, İnternet isə sağlam məqsədlərlə istifadə üçün yox, şıltaq əyləncələr üçündür.  Onlar qəti inanırlar ki, şagirdləri yalnız lövhədə təbaşir ilə yazaraq, ya da onlara “qiymətli” fikirlər söyləyərək öyrətmək olar. Şagirdlər isə həmin “qiymətli” fikirləri yazmaqla öyrənməlidir.

Baxırsan  ki, gəncdir, lakin elə ilk sözdən görürsən ki, ya sadəcə savadsızdır, ya da bioloji qocadır. Nə birincilərə, nə də ikincilərə nəyi isə izah etmək lazım deyil. Nə müasir tərəqqi ənənəsi, nə zamanın tələbi haqda. Boşuna vaxt və intellektual enerji itkisi olar. Təəssüf ki, bu gün bizim cəmiyyətimiz belədir.

Herontologiya (bioloji qocalma) barədə  bu qədər kifayətdir. Qayıdaq İT-təhsilə

İlk növbədə İnformatika nədir?. Bu fənn məktəbdə nə üçün lazımdır?. İnformatika və məktəbdə necə İnformatika lazımdır?  kimi suallara nəzər salaq.

Bu mövzunun məzmunu ayrıca bir kitaba aid ola bilmədiyi üçün  şərhləri tezis formasında verməyi kifayət hesab edirəm:

-İnformatika -Kompüter Elmləridir(Computer Science). Bu, YUNESKO-nun və mənim öz fikrimdir. Həqiqət naminə deyək ki, bu fikri hamı dəstəkləmir

-İnformatika –informasiyanı alma, yığma, saxlama, dəyişdirmə, ötürmə, istifadə və  qoruma üsulları barədə elmdir. O özündə İnformasiyanın hesablama maşınları və hesablama şəbəkələrində emalı kimi fənləri cəmləşdirir: abstrakt mənada alqoritmlərin analizi və eləcə də kifayət qədər konkret şəkildə  məsələn, proqramlaşma dillərinin tərtibatı. (Bu, Vikipediya-dandır)

-İnformatika (Computer Science) – bütün digər elmlər kimi, riyaziyyata əsaslanan fundamental elmdir

-İnformatika(Computer Science) – gəncdir, insan fəaliyyətinin bütün sahələrinə nüfuz edən, əzmlə inkişaf edən elmdir. Bizim cəmiyyət –informasiya cəmiyyətidir. Əgər proqnozlara inansaq, gələcəkdə o, biotexnologiyaya əsaslanan bir cəmiyyətə çevrilməlidir.

-İnformatika anlayışına da, məsələn, riyaziyyat anlayışı kimi,  hər hansı bir ümumi tərif vermək çətindir. Bu həm elmdir, həm tətbiqi araşdırmalar sahəsi, həm fənlərarası tədqiqat sahəsi, həm də (orta və ali məktəblərdə) tədris fənnidir. (Vikipediya)

Deyildiyi kimi, əgər riyaziyyat –bütün elmlərin dilidirsə, onda İnformatika bütün elmlərin tədqiqat alətidir.

İndi məktəbdə nələr  keçirilir?

- İndi məktəblərdə Word, Excel, Paint tədris olunur.  Sadəcə verilənlərin emalı üçün alətlər (necə ki, çəkic, kəlbətin, sümbə) şagirdlərə tədris edilir.  Bu alətlər mətnlə işləmə, cədvəldə hesablama və şəkil çəkmə üçündür. Demək onlar müvafiq fənnlərin tədrisi zamanı Word –dil tədrisində, Excel –riyaziyyatda, Paint –rəsm dərsində öyrədilməlidir. Hələ simvollarla iş, qrafiklərin qurulması və tədqiqi, üçölçülü obyektlərlə iş, verilənlərin yığılması və analizi funksiyalarını yerinə yetirən nə qədər gözəl alətlər hazırlanıb.

Nə olsun? Onlar müvafiq fənlərin kurrikulumunda var? O zaman biz hansı əsrdə yaşayırıq? 19 -cu əsrdə? Bəs, bizim məktəblərdə fənnlər hansı əsrdədir? 

Kurrikulum proqramını yalnız  pedaqoq hazırlamır, o yalnız dərs zamanı proramı təqdim edə bilər.  Word, Excel, Paint kimi istifadəçi proqramları İnformatika dərsində keçilməməlidir. İnformatika dərsində -Aqoritim və onun proqramlaşdırmada həyata keçirilməsi kimi fundamental anlayışlar keçilməlidir.

Yaponiyada proqramlaşmanı ibtidai sinifdən tədris etmələri barədə bir məlumatı bölüşüm:

 “Orta məktəb proqramına edilən dəyişiklik, əmək bazarında proqramçılara olan yüksək tələbatla bağlıdır.  Ehtimal olunur ki, gələcəkdə bu tələbat daha da artacaq.  Bundan əlavə proqram yazma qabiliyyəti insanlara öz gündəlik həyatlarında tez-tez lazım olur: məişət və mətbəx avadanlıqlarını idarə etmə və s. Uşaqlıqdan proqram yazmağı bacaran məktəb məzunu əmək bazarında itib batmaz və müasir həyata hazır olar. Bir çox başqa ölkələrdə proqramlaşma, məktəb proqramına zəruri fənn kimi daxil edilib. İsraildə  2000 –ci ildə bu qərara gəldilər. İngiltərədə isə 2014 –cü ildən proqramlaşmanı uşağa 5 yaşından tədris etməyi zəruri saydılar ”.

ABŞ Prezidenti Barak  Obamanın bu istiqamətdə təşəbbüsünü də  bölüşmək istəyirəm.

O qeyd edir ki, “Kompüter elmləri hamı üçündür” (Computer Science for All) –uşaq bağçasından başlayaraq məntiq və yaradıcılığın inkişafı üçündür.

 Yuxarıda deyilənlər mötəbər sayılmır, İnformatikanın inkişf yolunu müəyyən etmir? Ona görə bizim yuxarı siniflərdə  İnformatika tədris olunmayan Pilot məktəblər yaradılır? Ona görə İnformatika profilli heç bir məktəb, hətta  bütöv Respublika üzrə adında İnformatika sözü olan yegnə liseydə (Fizika, Riyaziyyat və İnformatika təmayüllü lisey) yuxarı siniflərin İnformatika dərsləri ixtisar edilir?

 Yaxşı, biz dünyakı inkişafa  hansı istiqamətə gedirik?

 Bizim məktəblərdə başlıca problem odur ki, ali məktəblərə qəbul üçün test hazırlığı keçməkdir. Daha çox şagirdi ali məktəbə qəbul olan məktəb isə ən yaxşı sayılır. Bu sirr deyil, bəs reallıq? Bütün valideynlər, uşaqlarının qəbul testlərinə hazırlığı üçün hər şeydən keçirlər. Məktəblilərin testlərə hazırlığı prosesi artıq bir incəsənətə  çevrilib. Elə cəmiyyətimiz də testdən asılı cəmiyyət olub. Tezliklə bir-birimizlə də testlərlə danışacağıq. Hətta müəllimlər belə öz fənnlərini testlərlə öyrənir. Testlər biliyi təyin edən yeganə meyar olub. Bu da cəmiyyətin həyati məqsədidir? Belə davam etsə, biz oxunan mətni anlya bilməyən, öz fikrini ifadə edə bilməyən, ayrı-ayrı frazaları analiz etməyi, calamaği bcarmayan şagirdlər yetişdirəcəyik (belələ “nailiyyətlər” artıq var).     

Yeganə ümidimiz budur ki, təhsilimizin bu yolundan qopub ayrıla bilən bəzi şagirdlərimiz də tapılır. 

 Arayış üçün: mən biliyi qiymətləndirmək üçün testlərin əleyhinə deyiləm. Lakin, testlərdən istifadə etməklə bizi savadsız icraçılara çevirməyin əleyhinəyəm (Bəlkə də belə lazımdır).

Bu reallıqdan qurtulmağın yeganə yolu –orta məktəbdə “Alqoritmika və Proqramlaşma” fənninin tədrisidir. Yalnız bu yolla, icraçı -robotlar deyil, düşünməyi bacaran yaradıcı insan yetişdirmək olar. Bütün başqa fənlərdən fərqli olaraq, yazılan hər kompüter proqramı bir yaradıcılıq nümunəsidir. Bu dərslərdə oxuduğunu dərk etmək öyrədilir, düşünmək öyrədilir və yaratmaq öyrədilir.    

Əgər biz doğrudan da İT-nin dünya tərəqqisi istiqamətində gediriksə, onda bizə get-gedə daha çox müvafiq mütəxəssislər lazım olacaq.

Əminəm ki, İnformatikadan sıfır biliklə Ali məktəbə gələnlərdən yaxşı mütəxəssis yetişdirməyin mümkünsüz olduğunu hər kəs dərk edir.

Bəs işi gücləndirmək üçün pilot məktəblərdə İnformatikanı yığışdırmaq və İnfomatika yönümlü heç bir pilot məktəb yaratmamaq lazımdır.

Bundan əlavə,  Tarix ixtisası üzrə qəbul imtahanında  niyə imtahan verilir? Doğrudur, Tarixdən  Coğrafiya üçün, Coğrafiyadan Biologiya üçün imtahan verilir. Lakin İnformatika ixtisası üçün kimyadan imtahan edilir.  Bunun mənası yoxdur.  Heç kim də bunu görmür və dərk etmir? Əlbəttə görür və başa düşürlər. Onda bəs nə üçün bu vəziyyət dəyişmir? Təəssüf ki, cavabı da yoxdur.

Bu problemi həll etmək  elə də çətin deyil. Yalnız İnformatika yönümlü pilot məktəblər yaratmaq və ali məktəbə Kompüter ixtisasları üzrə qəbulda İnformatika imtahanı salmaq lazımdır.  Orta məktəblərdə isə Proqramlaşma həm də aşağı siniflərdən tədris olunmalıdır.

Əgər İT tərəqqisinin asılı olduğu şəxslər bu əngəlləri görmürsə,  onda yəqin ki, onlar da hər şeyi testlərlə mənimsəyib, nə məntiqləri var, nə də  yaradıcılıq bacarıqları.  Yox, əgər onlar bilərəkdən bu problemləri həll etməyə cəhd etmirlərsə, o zaman bu, bizim gələcəyimiz qarşısında, uşaqlarımız qarşısında cinayət sayılır.       

İndi isə  bu məqalənin başlığında qoyulmuş suala özünüz cavab verin, bizi kim və hara itələyir? Sivilizasiyanın inkişafından kənara, yoxsa sivilizasiyanın inkişafı istiqamətinə?

 

 Ramin Mahmudzadə

Fizika-riyaziyyat elmləri namizədi,
Məktəblilərdən ibarət informatika üzrə Ümumittifaq
və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə