“Mikayıl Cabbarovun rəyi bu məsələdə çox vacibdir”- Deputat

22-06-2015 / 18:14

“Bugünkü gənclik informasiya texnologiyaları sahəsinə çox maraq göstərir. Təhsil naziri Mikayıl Cabbarov belə bir qərar qəbul edibsə, yəqin ki, bir əsası var. Təhsil naziri Mikayıl Cabbarovun rəyi bu məsələdə çox vacibdir ”.

Bunu Xeberler.az-a millət vəkili Aydın Mirzəzadə Təhsil naziri Mikayıl Cabbarovun imzaladığı təmayülləşmə ilə bağlı əmrə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, informatika fənni məktəblərdə tədris olunmasa da, gənclərimiz sərbəst vaxtlarında informasiya texnologiyalarına böyük maraq göstərəcək və bu məsələdə onlar böyüklərə də çox yaxşı nümunə ola biləcəklər: 

“İnformatikanın fənn şəklində məktəblərdə tədris edilib-edilməməsindən asılı olmayaraq gənclərimiz bu sahədə çox yaxşı biliklərə malik olur. Bu baxımdan İnformatika fənninin 10-11-ci siniflərdə tədris olunmaması ölkədə informasiya cəmiyyətinin inkişafına mənfi təsir edəcəyini gözləmirəm”.

Deputat onu da əlavə edib ki, Nazirlik bu qərarı dərs yükünün azalması ilə bağlı izah edə bilər: “Bunun səbəbi orta məktəblərin ixtisaslaşmaya keçilməsi ilə bağlı ola bilər. Yaxud da informatikanı başqa bir fənnin içərisinə daxil edərək şagirdlərə keçə bilərlər. Təhsil naziri Mikayıl Cabbarovun rəyi bu məsələdə çox vacibdir”.

Məsələylə bağlı Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz Xeberler.az-a bildirib ki, təhsil nazirinin təmayülləşmə ilə bağlı məlum qərarı düzgün yanaşma deyildir: 

“Bəzən cəmiyyətdə, sosial mediada İnformatika fənninin ləğvini əsaslandıran müxtəlif fikirlər səslənir. Fikrimcə, İnformatikanın bəzi məktəblərdə zəif tədrisi, TQDK-da informatikadan imtahan olmaması, məktəblərdə kompüterləşmənin zəif olması, informatika müəllimlərin sayının yetərli olmaması, bəzi məktəblərdə kompüterlərdən istifadə edilməməsi və s. bütün bu kimi səbəblər İnformatika fənninin ləğvinə əsas vermir. Bu tip səbəblərin ləğv edilməklə bağlı müzakirə obyektinə çevrilməsi belə doğru deyildir”.

Osman Gündüz vurğulayıb ki, texnologiyalar və kommunikasiyalar sahəsində, informasiya sahəsində bizim bəlli bir milli maraqlarımız var: 

“Biz ölkədə modern bir informasiya cəmiyyəti formalaşdırmağı qarşımıza məqsəd qoymuşuq. Ölkədə Elektron hökumət quruculuğu prioritetdir. Biz dünya informatika olimpiadalarına uşaqlar göndəririk. Global dünyaya inteqrasiya üzərində çalışırıq. Biz uşaqlar üçün texno-park yaratmaq üzərində düşünürük. Bütün bunlar isə İKT sahəsində yüksək bilik və bacarıqlara malik olan gənc nəslin yetişməsini tələb edir. Belə olan halda isə 10-11-ci siniflərdə İnformatika fənninin ləğvini, xüsusilə də Texniki təmayül üzrə İnformatika fənninin ləğvini anlamıram. Əksinə, fikrimcə İnformatika fənninin mahiyyətini daha da dərinləşdirmək, ona baxışları dəyişmək, onun adi Əməliyyat Sistemi və ya ofis proqramlarından ibarət olmadığını elan etmək lazımdır”.

Ekspert əlavə edib ki, İnformatikanın tədris proqramını dəyişmək, kodlaşdırmaya, alqoritmik təfəkkürün formalaşmasına diqqəti yönəltmək daha doğru addım olardı.

Qeyd edək ki, Təhsil naziri  Mikayıl Cabbarov ölkədə İKT və təhsil ictimaiyyətinin birmənalı qarşılamadığı təmayülləşmə ilə bağlı əmr imzalayıb. Əmrə əsasən,  50 məktəbin 10-11-ci siniflərində gələn ildən informatika fənni tədris olunmayacaq.

 

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə