"“Ölüm haqqında tibbi şəhadətnamə”ni elektron formada almaq mümkündürmü ?
Mərkəzi icra qurumlarının göstərdikləri xidmətlərin elektronlaşması ilə bağlı hökumətin rəsmi sənədləri var.
«Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında»ı Prezidentin 2011-ci il 23 may tarixli Fərmanına uyğun olaraq Nazirlər Kabinetinin müvafiq Qərarı var.
Yəni, konkret siyahı var ki, mərkəzi icra qurumu burada olan xidmətləri elektronlaşdırmağa borcludur. Bu Siyahıda elə xidmətlər var ki, hədsiz ictimai əhəmiyyət kəsb edir, xidmət populyardır və tələbat çoxdur. İlk növbədə məhz bu tip xidmətlər elektronlaşmalıdır.
Səhiyyə Nazirliyinin elektron xidmətlərinin siyahısına nəzər salanda isə vacib elektron xidmətlər gözə dəymir.
Məsələn, bu günlərdə müşahidə olunur ki, “Ölüm haqqında tibbi şəhadətnamə”lərin alınmasına tələbat çoxalıb.
Ağlasığmazdır ki, hökumətin müvafiq qərarından 10 il keçməsinə baxmayaraq Səhiyyə Nazirliyi indiyədək də bu xidməti elektronlaşdıra bilməyib.
“Ölüm haqqında tibbi şəhadətnamə “ əldə etmək üçün vəfat edənin yaxınları ilk öncə ərazi poliklinikalarına üz tutmalı, sahə həkimini tapmalı və saatlarla növbədə durmalıdır. Bundan sonra isə ASAN Xidmətə və ya VVAQ şöbəsinə, daha sonra isə sosial təminat qurumuna üz tutmalıdır. Sadəcə biabırçılıqdır.
Karantin müddətində bütün bunları oflayn olaraq reallaşdırmaq isə əzab-əziyyətlə bərabər ciddi risklər də yaradır.
Ümid edirəm Səhiyyə Nazirliyi nəhayət ki, ictimai əhəmiyyət kəsb edən xidmətlərini elektronlaşdıracaq və VXSİ Dövlət Agentliyinin eGov Mərkəzi də bu xidmətin elektron formaya keçirilməsində və inteqrasiya məsələlərində Səhiyyə Nazirliyinə zəruri dəstək verəcək".
Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz