Pilotsuz uçan aparatların “xarici pilot”-u kim ola bilər?

18-05-2016 / 13:02

Məlumat verdiyimiz kimi, Milli Məclisdə "Xüsusi icazə əsasında dövriyyəsinə yol verilən əşyaların siyahısına" pilotsuz uçan aparatların əlavə olunması ilə bağlı qanun layihəsi qəbul olunub.

 Bu, ictimai mühitdə kifayət qədər maraqla qarşılanıb.

Yeni qanun layihəsinin ilə bağlı  Milli Məclisin İqtisadi siyasət,sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili  Xeberler.az-a bildirib ki, bu,  kifayət qədər vacib və günü tələbinə uyğun layihədir.

Tahir Mirkişili yeni qanun layihəsi ilə bağlı bəzi maraqlı məqamlara aydınlıq gətirib.

Millət vəkili pilotsuz uçan aparatlardan (PUA) istifadə müasir dünyanın çox vacib və daim artan müasir elementlərindən biri olduğunu deyib.

Onun sözlərinə görə,  PUA artıq bütün sahələrədə, hərbi, kənd təsərrüfatı, xilasetmə, aerofoto çəkiliş sahələrində getdikcə geniş istifadə olunur və  bu aparatlar getdikcə daha ucuz və əlçatan olur:

“Belə geniş istifadə təbii olaraq bu aparatlardan istifadənin tənzimlənməsini tələb edir. Çünki sui-istifadə hallarında bu aparatlardan kifayət qədər ciddi təhlükələr də törətmək mümkündür. Məsələn, PUA -nın yük qaldırma qabiliyyətinin artması onlara hər hansı partlayıcı maddələri daşımaq, dəqiq foto çəkilişlər etmək imkanı verir. Bundan əlavə artıq bir çox ölkələrdə aeroport zonalarında PUA- lar mülki aviasiya üçün təhlükələr yaratmağa başlayıb.  İcazə sistemi hər hansı insident baş verdikdə aparatın sahibini tapmağa kömək edəcək”.

Tahir Mirkişili  bir çox ölkələrdə bunun üçün müxtəlif qaydaların mövcud olduğunu xatırladıb:

“Məsələn, ABŞ da çəkisi 250 qramdan  25 kiloqrama qədər olan PUA-lar qeydiyyatdan keçməli, onların xarici pilotları 13 yaşdan yuxarı olmalıdır, həmçinin bu aparatların idarəedilməsi ilə bağlı kursları keçməlidir. Böyük Britaniyada PUA insanlara, binalara, avtomobilərə 150 m-dən artıq yaxınlaşa bilməz və s.”.

Millət vəkili  PUA-larla bağlı ilə bağlı ümumi müddəalarda dəyişiklik olmasının da vacibliyindən danışıb. O, Milli Məclisə məsələ ilə bağlı  bəzi təkliflər verdiyini bildirib:

“2005-ci ildə qəbul olunmuş "Aviasiya haqqında Azərbaycan Respublikasının qanunu" və 2013-cü ildə Nazirlər Kabinetinin qəbul etdiyi "Azərbaycan Respublikasının hava məkanından istifadə qaydaları”nda PUA ilə bağlı ümümu müddəalar olsa da hesab edirəm ki, bu dəyişiklik paralel olaraq adıçəkilən qanun və qaydalara da müəyyən əlavələr etmək lazım olacaq. Təklifimiz ondan ibarətdir ki, PUA-nın dəqiq anlayışı müəyyən edilsin (çəkisinə, yükqaldırma və uçuş məsafəsinə görə). Həmçinin uşaq oyuncağı hesab edilən PUA-lar tənzimləmə obyekti olmasın , “Xarici pilot” anlayışını qanuna qətirmək və ona olan tələbləri (yaş məhduduyyəti, ixtisas tələbləri) müəyyən etmək lazımdır. Çünki cəza tədbirlənin kimə tətbiq olunacağı daha aydın olmalıdır. Əslində hər bir PUA-nın bir "xarici pilot"u var.  PUA-dan qanunsuz istifadə tək şəxsi həyata deyil, digər mühüm sahələrə (şəxsi mülkiyyətə, vətəndaşların təhlükəsizliyinə və. s) də təhlükə törədə bilir. Buna görə bu sahənin tənzimlənməsinə daha geniş diqqət verməyə ehtiyac var. Hesab edirəm ki, yaxın vaxtlarda pilotsuz uçan aparatlardan istifadənin tənzimlənməsi ilə bağlı bir çox əlavə tədbirlər görüləcək”.

 Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə