Populyar brauzerlərin müqayisəsi

25-11-2015 / 11:01

Dünyada onlarla veb-brauzer  mövcuddur, lakin onların çox az hissəsi  geniş istifadəçi kütləsinə sahibdir.

Xeberler.az  dünyada olduğu qədər ölkəmizdə də  populyar olan brauzerlərin əsas xüsusiyyətlərini, fərqli və ortaq cəhətlərini təqdim edir:

 Google Chrome

2008-ci ildə istifadəyə verilmiş Chrome sürətlə çox sayda istifadəçi qazana bildi. Ən sürətli brauzerlərdən biri olan Chrome, həm də istifadəçilərə olduqca geniş imkanlar təqdim edir.

Google hesabınızdan istifadə etməklə həm kompüterinizdə, həm də smartfon və ya planşetinizdə Google Chrome-a daxil olaraq öz məlumatlarınızın paylaşılmasını təmin edə bilərsiniz. Bu da bütün cihazlarınızda əlfəcinlərinizin(bookmarks), brauzer tarixçənizin, şifrələrinizin və s. paylaşılması deməkdir.

Chrome eyni zamanda geniş “Extensions”(Əlavələr) bölməsinə sahibdir. Bu bölmədən müxtəlif əlavələri yükləmək brauzerinizdən istifadə imkanlarınızı rahatlıqla genişləndirə bilərsiniz. O həm də təhlükəsizliyinə görə də lider brauzerlərdəndir. Bir çoxlarının fikirləşdiyi kimi öz funksionallığına və imkanlarına görə Chrome-u unikal brauzer saymaq olar. Ondan rahatlıqla müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür.

Chrome-la bağlı istifadəçiləri ən çox narahat edən şey isə onun gizlilik  tənzimləmələri ilə bağlıdır. Ümumiyyətlə, Google şirkətinin  geniş miqyasda istifadəçi məlumatlarını toplaması, onlardan ticarət və ya başqa məqsədlər üçün istifadə etməsi haqda tez-tez şikayətlər səslənir. Şəxsi məlumatlarınızın toplanılmasından narahatsınızsa, Chrome sizin üçün uğurlu seçim olmaya bilər.

Lakin ümumilikdə Google eko-sistemini bəyənən, faəliyyətindən razı qalan və müxtəlif xidmətlərindən istifadə edən şəxslər üçün həqiqətən Chrome unikal brauzer sayıla bilər.

 Mozilla Firefox

Həm dünya, həm də Azərbaycan istifadəçilərinin yaxşı tanıdığı və bir çoxlarının hələ də istifadə etdiyi Firefox bir müddət brauzerlər arasında rəqabətdə geriyə düşsə də, son yenilənmələrdən sonra əvvəlki mövqeyinə qayıda bilib.

Ən sürətli və təhlükəsiz brauzerlərdən biri olan Firefox-dakı əsas yenilik brauzerin sadələşdirilməsidir. Sadə və sürətli olmasına baxmayaraq öz geniş imkanlarını qoruyur və gündən-günə artırmağa davam edən Firefox, öz təhlükəsizliyinə görə Chrome-dan bir az geridə qalsa, gizliliyin qorunması siyasətinə görə olduqca qabaqcıldır.

Populyar veb-brauzerlər arasında Firefox internetdə təhlükəsizliyini qorunması ən çox diqqət edən brauzerdir. Həm daxili tənzimləmələri, həm də geniş “Adds-on”(Əlavələr) imkanları ilə sizin internetdə şəxsi məlumatlarınızı qorumağınıza kömək edir. Hətta Firefox geniş “Şəxsi”(Private) brauzinq imkanları da təklif edir və bu zaman açılan pəncərələr digər brauzerlərdə olduğu kimi fərqli görüntüyə sahib olmur. Eyni zamanda tənzimləmələr vasitəsilə hansı şəxsi məlumatlarınızın toplanılmasına icazə verməyinizi də qeyd etmək mümkündür.

Bu yaxınlarda iOS tətbiqini  təqdim etdikədən  sonra sistemdən  istifadə etmək daha da əlverişli oldu, çünki artıq məlumatları daha çox cihazlar arasında paylaşmaq mümkündür.

Şəxsi məlumatların qorunmasına ayırdığı xüsusi diqqət baxmayaraq Firefox təhlükəsizliyinə görə Chrome-dan bir az geri də qalır. Həmçinin nadir hallarda müəyyən saytların yüklənməsində problemlər, ləngimələr yaşana bilir.

Brauzerinin onu “izləməsini” istəməyə istifadəçilər üçün populyar brauzerlər arasında Firefox-u ən uğurlu variant saymaq olar.

 Opera

20 illik tarixə sahib olan Opera brauzerlər arasında əvvəlki şöhrətinə sahib olmasa da,  öz yerini tutmaq üçün mübarizəyə davam edir. Azərbaycanda internet istifadəçilərinin  bir çoxunun uzun müddət istifadə etdiyi və bəzilərinin hələ də istifadə etməyə davam etdiyi Opera əslində bu sahədə bir çox yeniliklərə imza atmış brauzerdir.  Sürətinə görə Chrome və Firefox-dan geridə qalmağına baxmayaraq onun da özünəməxsus özəllikləri var.

“Turbo Mode” funskiyası, xüsusilə, zəif internet sürətinə sahib şəxslərə imkan verir ki, veb-səhifələri sıxışdırılmış vəziyyətdə yüklənməyinə nail olsun.

Opera sizə açılan pəncərələri təkcə üfüqi(horizontal) qaydada yox, həmdə şaquli(vertikal) qaydada toplamaq imkanı verir ki, bu da onları müəyyən qruplar şəklində cəmləşdirməyi asanlaşdırır.  Opera da Firefox və Chrome kimi “Add-ons”(Əlavələr), mobil versiyalar kimi imkanlara sahibdir.

Opera ilə bağlı ən vacib problem isə bəzi saytlar tərəfindən dəstəklənməməsidir. Bu da bir çox saytın yüklənməsində problemlərə səbəb olur və ya ümumiyyətlə o səhifənin yüklənməsinə imkan vermir. Lakin aparılan təkmilləşdirmə işləri ilə gələcəkdə bu problemlərin arada qaldırılacağı gözlənilir.

Ümumiyyətlə, Opera öz sadiq istifadəçisi kütləsinə sahib brauzerdir və belə demək olar ki, mütəmadi yenilənmələr vasitəsilə bu kütlənin ən müasir brauzinq xidmətindən faydalanmasını təmin edə bilir.

Qeyd: Bu yazımızda İnternet Explorer və Microsoft Edge brauzerlərindən bəhs etməməyimizin əsas səbəbi İnternet Explorer-in Windows əməliyyat sisteminin daxili brauzeri olmasına baxmayaraq son illərdə öz populyarlığını itirməsi, Microsoft Edge-in isə hələ yeni  istifadəyə verilməsi və geniş istifadəçi kütləsi tərəfindən mənimsənilməmiş olması oldu.

Safari brauzeri isə ölkəmizdə yalnız MacOS əməliyyat sistemi istifadəçiləri arasında populyardır.

 

Murad Məmmədzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə