Məlumat verdiyimiz kimi, Prezident İlham Əliyev "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında" fərman imzalayıb.
Fərmanda bildirilir ki, dövlət strukturlarında və dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi dövlət siyasətinin prioritetlərindən biridir və bu sahədə davamlı inkişaf üçün mühüm tədbirlər görülüb.
Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz fərmanda qeyd edilən məsələləri Xeberler.az-a şərh edib.
Onun sözlərinə görə, fərman son dövrlərdə elektron hökumət quruculuğu sahəsində ciddi problemə çevrilən kordinasiya və tənzimləmə məsələlərinə aydınlıq gətirəcək:
“Məlumdur ki, indiyədək az qala hər bir dövlət qurumunun vətəndaşlarla bağlı öz məlumat bazası, çox sayda oxşar və təkrar informasiya sistemləri vardı.
Bəzi dövlət qurumları isə özünün yaratdığı informasiya sisteminə digərlərinin qoşulmasına müxtəlif bəhanələrlə imkan vermirdi. Bəzən isə daha çox ictimai –sosial əhəmiyyət kəsb edən xidmətlərin elektron formaya keçirilməsinin ləngidiyini müşahidə edirdik”.
O hesab edir ki, VXSİ Dövlət Agentliyinin tabeliyində yaradılacaq “Elektron Hökumətin İnkişafı Mərkəzi” vahid tənzimləyici və əlaqələndirici qurum olaraq bu məsələləri həll edəcək:
“Qurum digər vacib məsələ olan inteqrasiya məsələsini birdəfəlik həll edə bilər.
Digər tərəfdən də, sirr deyil ki uzun müddətdir ki, ölkədə elektron hökumətin inkişafı ilə bağlı dövlət proqramının qəbulu ləngiyirdi. 2013-2015-ci illər, 2014 -2016 -cı illər üzrə belə bir proqramın layihəsi hazırlansa da, indiyədək qəbulu mümkün olmayıb. Strateji Yol Xəritəsindən sonra isə bu məsələ tam unuduldu. Nəzərə alınmadı ki, bunun da elektron hökumət quruculuğuna mənfi təsirləri oldu”.
Ekspert deyib ki, Prezidentin adı çəkilən son fərmanında isə “Rəqəmsal hökümətə keçid üzrə Fəaliyyət Planı”nın hazırlanması nəzərdə tutulub:
“Fikrimcə, bu sənəd ölkədə elektron hökumət quruculuğunda tam yeni bir mərhələnin, xüsusən də mobil elektron hökumət quruculuğunun inkişaına ciddi təkan verəcək”.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri