“Dövlət qurumunda olan informasiya vətəndaşdan tələb olunmamalıdır”

04-09-2015 / 14:31

Son zamanlarda ölkədə elektron hökumət quruculuğu istiqamətində görülən işlər kifayət qədər sürətlənib. Prezident İlham Əliyevin elektron sənədləşmə və kargüzarlıqla, elektron arayışlarla və elektron lisenziyalaşma ilə bağlı imzaladığı fərman və sərəncamlar da bu sahədə atılan ciddi addımlardan xəbər verir.

Xeberler.az ölkədə elektron hökumət quruculuğunun gedişi  barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün də fikirlərini öyrənib.

Osman Gündüz  bu istiqamətdə görülən işləri müsbət qiymətləndirərək bildirib ki, elektron hökumət quruculuğu istiqamətində son dövrlərdə xeyli işlər görülüb.

O, xüsusən də son illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron hökumət” portalının operatoru - Məlumat Hesablama Mərkəzi tərəfindən elektron hökumət quruculuğu istiqamətində keçirilən brifinqlərə, müxtəlif xidmətləri təqdim edən qurumların aidiyyatı mütəxəssisləri ilə keçirilən görüşlərə, dövlət informasiya sistemlərinin monitorinqlərə diqqət cəlb edib.

Ekspert bildirib ki, RYTN MHM tərəfindən dövlət qurumlarının informasiya sistemlərinin, informasiya ehtiyatlarının monitorinqi, eyni zamanda elektron xidmətlərlə bağlı müxtəlif dövlət qurumlarının iştirakı ilə brifinqlərin, işgüzar görüşlərin təşkili, həmçinin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin elektron xidmətlərin keyfiyyəti ilə bağlı apardığı monitorinqlər elektron hökumət quruculuğu  sahəsində işlərin daha da canlanmasına təkan verir.

Osman Gündüz ölkədə elektron arayışlar məsələsinə də toxunub. O, Prezidentin son günlərdə imzaladığı Fərmanla yaşayış yerindən arayış məsələsinin elektron formada hazırlanması və ASAN xidmətə verilməsini də yüksək qiymətləndirib:

“Prezidentin dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində imzaladığı fərmana görə, ASAN xidmət bu arayışların elektron informasiya sistemindən istifadə edərək kağız formada dərhal verilməsini həll edəcək. Düşünürəm ki, mövcud idarəetmə sistemində hələlik bu kağız formaya ehtiyacımız var. Çünki bütün dövlət qurumlarının informasiya sistemlərinin bir-birilə inteqrasiya olunması prosesi hələ başa çatmayıb. Məncə, qurumların inteqrasiya məsələsi həll olunanadək kağız və elektron arayışların paralel fəaliyyət göstərməyi daha məqsədəuyğundur”.

Osman Gündüz  vətəndaşlarla bağlı məlumatların Daxili İşlər Nazirliyinin İAMAS informasiya sistemi vasitəsilə verildiyini bildirib.

O, həmçinin gələcəkdə elektron arayışlar sisteminə keçirilməsinin də faydalı olacağını bildirib.

O, artıq MHM tərəfindən həm adı çəkilən  İAMAS sistemindən, həm də digər dövlət qurumlarının informasiya sistemlərindən istifadə edərək xeyli sayda arayışların elektron formada əldə edilməsi imkanlarının da yaradıldığını diqqətə çatdırıb. Ekspert bununla belə bu arayışların bütün dövlət qurumları tərəfindən tanınması sahəsində problemlərin olduğunu da bildirib:

“Son dövrlərdə Prezident fərmanı ilə təsdiq edilən kargüzarlıqla bağlı təlimat artıq bu cür informasiya sistemləri vasitəsilə elektron formada əldə olunan arayışları tanımağa imkan verir. Ümumiyyətə düşünürəm ki, yaxın gələcəkdə dövlət qurumlarında vətəndaşla bağlı olan istənilən informasiyanın vətəndaşın özündən tələb edilməsi praktikasına son qoyulmalıdır”.

Osman Gündüz  hazırda bir sıra əhəmiyyətli xidmətlərin elektron formada əldə edilməsi imkanlarının olmadığını da diqqətə çatdırıb. Xüsusilə də səhiyyə sahəsində, təhsil sahəsində, inzibati orqanların təqdim etdiyi xidmətlər sahəsində elektronlaşmaya daha ciddi ehtiyac duyulur:

 “Təsəvvür edin ki, bu qədər işlərin qarşısında siz hələ də elektron formada həkim qəbuluna yazıla bilməzsiniz, uşaqların bağçalara qəbulu, növbəyə yazılma ilə  bağlı vacib elektron xidmətlərdən yararlana bilməzsiniz, elektron imza olsa da elektron formada notarial xidmətlər yoxdur, ümumiyyətlə, elektron imzanın tətbiq dairəsi çox məhduddur,  köhnədən qalma “etibarnamə-dovernost” məsələsi hələ də offlayn formadadır və s.  Gərək dövlət qurumları bu istiqamətdə səylərini gücləndirsinlər, nəzarət artırılmalıdır, həmçinin də maliyyə təminatı yaradılmalıdır”.
Bununla belə o, yaxın zamanlarda xidmətlərin elektron formaya keçirilməsi ilə bağlı vəziyyətin daha da yaxşılaşacağını qeyd edib. Forum rəhbəri VXSİ Dövlət Agentliyi yanında fəaliyyət göstərən Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura tərəfindən  daha populyar və ictimi əhəmiyyət kəsb edən xidmətlərin siyahısının hazırlanaraq Dövlət Agentliyinə verildiyini bildirib. Osman Gündüz zaman-zaman bu xidmətlərin də elektron formaya keçirilməsinin zəruriliyi ilə bağlı hökumət tərəfindən müvafiq qərarların qəbul edildiyini diqqətə çatdırıb.

“Hazırda Prezidentin müvafiq fərmanına uyğun olaraq ASAN xidmət tərəfindən ölkədə  mövcud olan bütün xidmətlərin vahid bir siyahısı- reyestri hazırlanır. Ümid edirəm ki, bundan sonra bu sahədə vəziyyət hədsiz dərəcədə şəffaf və bütün xidmətlərin əldə edilməsi daha çevik olacaq” – ekspert vurğulayıb.

Osman Gündüz Xeberler.az-a açıqlamasında FİN (Fərdi İdentifikasiya Nömrəsi) ilə bağlı məqamlara da toxunub. O bildirib ki, Prezidentin son fərmanında FİN-lə bağlı müəyyən məsələlər də nəzərdə tutulub. Ekspertin sözlərinə görə, bundan sonra dövlət  özəl qurumların informasiya sistemlərinin inteqrasiyası və FİN-ə uyğunlaşdırılması gücləndirilməlidir. Ekspert  dövlət qurumlarının informasiya sistemlərinin FİN-ə uyğunlaşdırılmasının başa çatdırılmadığını qeyd edib: “MHM tərəfindən aparılan monitorinqlərin nəticələri və bizim apardığımız müşahidələr, araşdırmalarımız  göstərir  ki, bu istiqamətdə hələlik görüləcək işlər daha çoxdur”.

Osman Gündüz hazırda ölkədə elektron hökumət quruculuğunun texniki – texnoloji təminatının gücləndiyini, infrastruktur işlərinin daha irəlidə olduğunu diqqətə çatdırıb.
O, bununla belə elektron hökumət quruculuğunda  tənzimləmə, hüquqi təminat məsələsinə xüsusi diqqət yetirilməsinə, xidmətlərin daha çevik və effektiv formada əldə edilməsi imkanlarının yaradılmasına və bu məqsəd üçün nəzərdə tutulan  maliyyə təminatının gücləndirilməsinə, mobil tətbiqlərin yaradılmasına, dövlətə məxsus açıq məlumat bazalarının sayının artırılaraq Portalda yerləşdirilməsinə ehtiyac olduğunu bildirib. 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə