Ölkəmizdə bir neçə İnkubasiya Mərkəzi var ki, potensialı olan gənclərin startap ekosistemində uğurlu layihələr yaratmalarına yardım edib, dəstək göstərirlər. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi də Azərbaycanda sahibkarlığa dəstək verir, əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Hazırda Barama-da bir çox sahələr üzrə müxtəlif layihələr həyata keçirilir.
Barama-nın hazırki fəaliyyəti və gələcək istiqamətləri barədə Mərkəzin rəhbəri İmran Bağırov Xeberler.az-a məlumat verib.
İmran Bağırov bildirib ki, Mərkəzin əsas məqsədi Azərbaycanda rəqəmsal eksosistemin inkişafında katalizator rolu oynamaqdır. Onun sözlərinə görə, bununla bağlı digər İnkubasiya Mərkəzləri və Texnoparklarla əməkdaşlıq edirlər:
“Əsas məqsədlərimizdən biri Azərbaycandilli məzmunun inkişaf etdirilməsidir. Eyni zamanda müəyyən texnoloji yeniliklərin üzə çıxardılmasına, onların qlobal bazarda iştirakını təmin etməyə çalışırıq. Bu sahədə bizim startapların rəqibləri dünyadadır.Bizim bazarın kiçik olmasına baxmayaraq çox potensiallı gənclər və inkişafları üçün lazımı alətlər mövcuddur. Gələcəyin Google , Facebook-u yerli bazarda yaranacaq, amma qlobalda mübarizə aparacaq. Bu fəaliyyətimizdə ölkədəki digər texnoloji mərkəzləri rəqib hesab etmirik. Daha çox bu qurumlarla əməkdaşlıq etməyə meyilliyik. Çünki qlobal bazara dayanıqlı layihələrin çıxmasına nail olmaq bir nəfərin işi deyil. Məqsədimizə yalnız qarşılıqlı əməkdaşlıq, digər əlaqədar qurumlarla işbirliyi ilə çata bilərik.
Mərkəz rəhbəri qeyd edib ki, ölkəmizdə rəqəmsal ekosistemi inkişaf etdirmək üçün əsas potensial universitetlərdədir. Potensiallı gənclər və kreativ baxışlar məhz buradadır. İmran Bağırov bununla bağlı bank sektoru və universitetlərlə əməkdaşlıq etdiklərini vurğulayıb:
“Bank sektorunda Barama bir müddətdir ki, uğurlu əməkdaşlıqlara başlayıb. Həmçinin ölkədə təhsil sektoru ilə birgə fəaliyyət göstəririk. Universitetlərlə görüşürük, tələbələrlə tanış oluruq. Onlarda yüksək potensial görürük, bu bacarıqları üzə çıxarmaq lazımdır”.
Mərkəz rəhbəri deyib ki, son vaxtlar media ilə çalışmağı prioritet istiqamət seçiblər. Onun sözlərinə görə, media bu sahənin populyarlaşdırılması üçün əsas vasitədir:
“Startap ekosistemini ölkəmizdə inkişaf etdirmək üçün üç istiqamətdə fəaliyyətlərə ehtiyac var. Mərkəzimiz bu istiqamətləri proritet götürüb. Öncə startaplar yaratmalıyıq, uğurlu ola biləcək layihələri seçməliyik. Daha sonra investor sahəsini inkişaf etdirmək və sonda isə bu işlərin nəticəsinə uyğun olaraq ekosistemin infrastruktrunun yaradılmasını təmin etməyi düşünürük. Bu fəaliyyətdə əsas yardımçı qüvvə mediadır. Azərbaycan KİV-ləri startap ekosistemini populyarlaşdıra bilər. Ən önəmli olan keyfiyyətli startapların meydana çıxması və onların sayıdır. Bu baxımdan media istiqamətində çox işlər görülməlidir”.
İmran Bağırov qeyd edib ki, dünyada innovasiya cəhdlərinin uğurluluq dərəcəsi statistik olaraq 4 faizdir O hesab edir ki, layihələrin sayı nə qədər çox olsa, bu ekosistem üçün uğurlu layihələr yaratmaq bir o qədər asan olar:
“Düzdür, illər əvvəllə baxanda bu gün Azərbaycanda İKT sahəsi çox inkişaf edib. Amma hazırda dünya ilə rəqabətə baxınca, ekosistemin inkişafı ilə bağlı daha da çox iş görməliyik. Əsasən tələbələri bu sahəyə yönlədirməyə çalışırıq. Məsələn, hazırda Azərbaycanda startap eksosistemində mövcud layihələrin sayı yetərli deyil deyə hesab edirəm. Misal üçün, hazırda universitet tələbələrinin sayını 150 mindən çox olduğunu nəzər alsaq və onların 1 faizi rəqəmsal ekosistemin parçası olacaq hər hansı bir startap üzərində çalışsa bu artıq 1500 layihə deməkdir. Bu sayda layihə artıq həm Azərbaycan , həm də dünya səviyyəsində çox rəqabətə davamlı, yeni əsrin Google və Facebookları deməkdir. Bu gün İnkubasiya Mərkəzlərində olan layihələrin bir qismi eyni layihələrdi. Bu baxımdan startap sahəsi ilə bağlı hər birimizin üzərinə çox iş düşür ki, yetişdirilən layihələrin həm sayı həm də keyfiyyəti yüksək olsun.”
İmran Bağırov tələbələrin univeristetdə təhsil aldıqları zaman bu istiqamətdə çalışmaları üçün həm yetərli zamana və həm də imkanlara sahib olmalarına baxmayaraq bundan yetərincə faydalanmalı olduqlarını diqqətə gətirib:
“Startap yaratmaq istəyən gənclər bəzən elə hesab edirlər ki, layihə ilə Barama-ya gələndə onlara ilk başdan maliyyə ayrılacaq. Amma biz həmişə deyirik ki, ideyanın ideya mərhələsindəki dəyəri sıfırdır. İstənilən adam gün ərzində çoxlu ideya fikirləşə bilər amma, bu ideya o zaman investisiya cəlb edə bilir ki bu mövzuda ilkin addımlar atılsın, onun prototipi hazırlansın, əl ilə tutula biləcək, effekti görunə bilinəcək məhsul halına gətirilə bilinsin. Buna görə tələbələr elə univeristet zamanından bu istiqamətdə çalışmağa başlamalıdırlar. Dünyada bu, belədir. Startapların məhz böyük qismi məhz universitet vaxtı başlayır və daha sonralar uğur qazana bilirlər. Belə ki, bu zaman tələbələrin daha çox vaxtları olur və maddi öhdəlikləri olmur. Startap bazarına daxil olmaq üçün ən uyğun vaxt təhsil aldıqları zamanlardır”.
İmran Bağırov Barama-da çalışan layihələrdən də danışıb:
“Barama-nın idarəetməsində mən və iki layihə rəhbəri var. Əvvəllər Azercell adından biləvasitə layihələr aparmırdıq. Amma indi bir nəfər ayırıca strateji partnyorluq istiqaməti üzrə (strategic adjacencies) üzrə layihələr aparır.Barama-ya yeni startap layihələri də cəlb etmişik. Bu gün Mərkəzdə müxtəlif sahələr üzrə 20 dən çox layihə var. Bu layihələr hazırda müxtəlif inkişaf mərhələdədirlər. Barama-da çalışanların əksəriyyəti univeristet tələbələridir. Elə vaxt olur ki, gənclər səhərə qədər layihələri üzərində işləyirlər. Onlar 24 saat davamlı layihələri üzərində çalışırlar və Mərkəz onların həyatının bir hissəsi olub. Bundan sonra da potensiallı layihələri Barama-ya cəlb etməyə çalışacağıq. Potensial gördüyümüz bütün layihələrə dəstək verməyə hazırıq”.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri