Bu gün Bakıda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Koreya Respublikasının Statistika Komitəsinin birgə təşkilatçılığı ilə “Rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi” mövzusunda konfrans keçirilib.
Xeberler.az bildirir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
Konfransda çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, konfrans rəsmi statistikanın yeni çağırışlara uyğun inkişaf etdirilməsi baxımından olduqca əhəmiyyətlidir. “Konfransın Cənubi Koreya Respublikasının Statistika Komitəsi ilə birgə keçirilməsi tədbirin əhəmiyyətini daha da artırır. Azərbaycan və Cənubi Koreya arasında bütün sahələrdə sıx əməkdaşlıq mövcuddur və bu proseslərdə Cənubi Koreya Respublikasının ölkəmizdəki səfiri cənab Tong-op Kimin rolunu xüsusi vurğulamaq istəyirəm”.
Dövlət Statistika Komitəsinin ölkədə aparılan islahatların, müxtəlif sahələrin informasiya təminatında aparıcı rol oynadığını qeyd edən nazir komitə tərəfindən hazırlanan “Azərbaycanda informasiya cəmiyyəti”, “Azərbaycanda telekommunikasiya və poçt”, “Azərbaycanda nəqliyyat” statistik nümunələrinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb
Nazir qeyd edib ki, rəqəmsallaşma erasında statistik informasiyanın idarə olunmasını müasir informasiya texnologiyalarının dəstəyi olmadan təsəvvür etmək mümkün deyil. “İnformasiya texnologiyaları statistik informasiyanın idarə olunmasının bütün mərhələlərində – informasiyanın toplanması, emalı və yayılması mərhələlərində geniş tətbiq olunur, rəsmi statistikanın yaxşılaşdırılmasına töhfə verir. Nazirliyimiz də bu proseslərdə aktiv iştirak edir. Tərəfimizdən dövlət qurumlarının məlumat bazalarının Dövlət Statistika Komitəsinin statistik məlumat bazasına inteqrasiyasına dəstək verilib, bu prosesdə elektron imzanın tətbiqi üçün birgə fəaliyyət həyata keçirilib. Komitənin 500 kompüteri lisenziyalı “Windows” əməliyyat sistemi və 200 “Microsoft Office” proqramı ilə təmin olunub. Həmçinin “Hökumət buludu”nun “Keçid Planı”nda Dövlət Statistika Komitəsinin informasiya sistemlərinin nazirliyin Data Mərkəzində yerləşdirilməsi nəzərə alınıb”, – deyə nazir bildirib.
Ramin Quluzadə son illər bir çox sahələrdə olduğu kimi, statistika qurumlarının da irihəcmli məlumatlara böyük maraq göstərdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, BMT-nin Statistika Komissiyası 2014-cü ildə irihəcmli məlumatların rəsmi statistikada istifadə olunma imkanlarının araşdırılması üçün Qlobal İşçi Qrup yaradıb, bir çox konfrans və seminarlar təşkil edib.
Nazir deyib ki, beynəlxalq Telekommunikasiya İttifaqı “İnformasiya cəmiyyətinin ölçülməsində irihəcmli məlumatlar” adlı layihə həyata keçirir, informasiya cəmiyyətinin inkişaf səviyyəsinin dəqiq və dolğun qiymətləndirilməsi üçün irihəcmli məlumatlardan istifadə imkanları öyrənilir. “Sevindirici haldır ki, ölkəmizdə də bu sahədə işlər aparılır. Cənab Prezidentin Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nda da irihəcmli məlumatların rəsmi statistik məqsədlər üçün istifadəsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və təkliflərin hazırlanması nəzərdə tutulur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əsas icraçılar sırasındadır”.
Ramin Quluzadə bildirib ki, irihəcmli məlumatların rəsmi statistika üçün istifadə olunması üçün bir çox addımlar atılmalı, hüquqi, texniki, metodoloji və s. məsələlər həll olunmalıdır. “Bütün bu inkişaf tendensiyaları, eyni zamanda statistika sahəsində kadr potensialına olan tələbləri də dəyişir. Yeni texnologiyalar yeni ixtisaslı kadrlara ehtiyac yaradır və bu ixtisasların təhsil proqramlarına daxil edilməsi də vacibdir. Nazirlik öz növbəsində bu proseslərdə aktiv iştirak etməyə, informasiya texnologiyalarının rəsmi statistika sahəsində geniş tətbiqi üçün hər cür köməklik göstərməyə hazırdır”.
Konfransda, həmçinin Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, KOSTAT-ın sədri Şin-Vuk Kanq, Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op çıxış ediblər.
Tədbirdə “Statistikanın modernləşdirilməsi – Koreya təcrübəsi”, “Dövlət Statistika Komitəsində rəsmi statistik məlumatların istehsalı proseslərinin təşkili: həyata keçirilmiş islahatlar və yeni çağırışlar”, “Modul tipli statistik təlim proqramları”, “Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi tərəfindən birgə həyata keçirilmiş layihələrin qısa icmalı” mövzularında təqdimatlar dinlənilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri