“Silikon təcrübəsi bizə stimul oldu”

11-08-2015 / 12:32

Məlumat verdiyimiz kimi , bir müddət əvvəl Xəzər Vençur şirkəti ( Khazar Ventures ) investorları və İT sahəsində çalışan sahibkarları texnologiya dünyası ilə daha yaxından tanış etmək üçün ABŞ-ın Kaliforniya ştatına, dünyanın əsas texnoloji mərkəzi olan Silikon Vadiyə ( Silicon Valley) səfərini təşkil edib.

Turda iştirak edən İT sahəsində sahibkar Elmayır Hüseynov səfər təssüratlarını Xeberler.az-a bölüşüb.

İlk dəfədir belə turda iştirak edirsiniz,  yoxsa əvvəllər də Silikon Vadi-də olmusunuz?

-Təəssüf ki,  ilk səfərim idi və düşünürəm ki, bu günə qədər Silikon Vadi-yə  getməməklə çox şey itirmişəm. 

-Silikon Vadi-yə təşkil olunan tur  neçə nəfərdən ibarət idi?

-Ümümi qrup olaraq  6 nəfər idik.

-Əsas məqsədiniz nə idi?

-Əslində əsas məqsədimiz, Silikon Vadi-dəki İKT atmosferi ilə tanış olmaq idi. Şirkətlərin necə yaranması və sonradan yüksək inkişafa doğru addımlamasını müşahidə etmək və bu təcrübədən yararlanmaq istəyirdik. Amma səfər zamanı gözlədiyimizdən daha çox yeni biliklər əldə etdik, təcrübələrlə tanış olduq.

-Getmədən öncə özünüz üçün plan qurmuşdunuzmu?

-Əlbəttə, burada plan layihəmizi hazırladıq. Hər birimiz Vadi-yə gedəndə artıq qabaqcadan nələrə diqqət etməli olduğumuzu bilirdik.

-Silikon Vadi-də kimlərlə görüşdünüz?

-Silikon Vadi-də bir sıra investorlarla, sürətli inkişaf edən İnkubasiya mərkəzləri  və orada çalışan bir çox həmyerliləirimizlə çox səmərəli görüşlərimiz oldu. Həmçinin Stanford-da təhsil alan sinif yoldaşım və dostum Ali Gara ilə görüşdük. O bizi İKT sahəsində inkişaf edən  dünyanın ən yaxşı  üniversitetlərindən olan Stanford-u gəzdirdi.

-Orada çalışan həmyerlilərimiz çoxdurmu? Necə fəaliyyət göstərirlər? Əsasən hansı işlə məşğuldurlar? Təcrübələrinizi bölüşdünüzmü?

-Silkon Vadi-yə müxtəlif məqsədlərlə gedən  həmyerlilərimizdən çoxdur. Məsələn, mənim  kimi green card ilə və ya təcrübəyə gedən şəxslər hazırda orada uğurlu fəaliyyət göstərirlər. Həmyerlilərimizdən Qərib Mehdiyev  öz layihəsi üzərində  uğurla çalışmağa davam edir. Qərib Mehdiyev Silikon Vali-də qazandığı təcrübələrini  bölüşürdü. Digər azərbaycanlı tələbələrdən Elçin  Əsgərli  Google-da təcrübə keçir. Elçin Əsgərli elə bizi Google şirkətində qarşılayıb, fəaliyyətləri barədə ətraflı məlumat verərək ofisi gəzdirdi.

-Səfərdə ən yadda qalan görüşlər , hadisələr hansı oldu? Səfər  neçə gün  davam etdi?  

-Səfərdə ən çox yadda qalan Google, Twitter və Founder İnstitute ofislərində olan görüşlər idi. Tech tour 10 gün nəzərdə tutulmuşdu, amma  digər ştatlardakı işər ilə əlaqədar olaraq  mən ilk 6 gün iştirak edə bildim.

-Özünüz bu səfərdən fəaliyyətiniz üçün hansı müsbət nəticələr əldə etdiniz?

-Bu səfərdə İKT sahəsində gələcək fəaliyyət üçün geniş əlaqələr yarada bildik. Səfər çərçivəsində startapların qurulması üçün yol xəritəsi tam aydın oldu.  Silikon Vadi-də dünyanın müxtəlif ölkəsindən olan startap layihələri ilə tanış olduq. Onların təcrübəli  rəhbərləri ilə görüşdük.

-ABŞ-da hansı şirkətlərlə görüşdünüz?

-Bəli, bir çox tanınmış İT şirkətləri-Startup Grind, 500 Startup, Founder İnstitue, Draper University, Exadel ilə görüşdük. Şirkətlərin təcrübələrindən yararlandıq.

-Sizcə, oradakı mələk yatırımçılar (fərdi investorlar) ölkəmizdə İKT sahəsinə  investisiya  yatıra bilərmi ?

-Ölkəmizdə kifayət qədər əlverişli  mühit olsa niyədə yox ?

-İlkin təəssüratlarınıza görə  ölkəmizdə bu sahədə sürətli inkişafa nail olmaq üçün hansı addımların atılmasını zəruri hesab edirsiniz ?

 -Bu gün ABŞ dünyada İKT sahəsində ən inkişaf etmiş ölkədir. ABŞ və Azərbaycanın İKT sektorunu müzakirə edəndə  ölkəmizdə bu sahədə müəyyən islahatlara ehtiyac duyulur. Xüsusilə, ilk mərhələlərdə vergidən və digər ödənişlərdən azad inkubasiya zonaların yaradılması İKT sahəsində kiçik sahibkarların ortaya çıxmasına çox müsbət təsit göstərə bilər. Məsələn, biz  vergidən azad yeni startaplara  başlamaq istəyirik, amma təəssüf qanunvericilikdə hələki belə bir imkan yoxdur. Ölkəmizin bu cür inkişaf yolunu  uğurla keçməsi üçün, təhsil sahəsində ciddi islahatlara ehtiyac var. Bizim İT sahəsində  çox istedadlı gənclərimiz var və hamıya da məlumdur ki, bu gənclərin bəziləri öz potensiallarını yetərincə reallaşdıra bilmədiklərindən Avropa və Amerika ölkələrinə üz tuturlar.

 

Məltəm Talıbzadə

 

 

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə