“Sosial şəbəkələrdə paylaşımlarda diqqətli olmaq lazımdır”

10-08-2015 / 16:59

“Sosial şəbəkələrdən, texnologiyalardan aşırı istifadə insanları aqressiv edir və digər psixoloji narahatlığa gətirib çıxarır”.

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov sosial mediadakı paylaşımlarla bağlı, eləcə də insanların sosial şəbəkələrdən asılığı ilə bağlı maraqlı məqamlardan danışıb.

O, Xeberler.az-a açıqlamasında istifadəçilərin sosial mediadan istifadəsi ilə bağlı psixoloji məqamlara toxunub. Elnur Rüstəmov qeyd edib ki, sosial mediada paylaşımlar zamanı diqqətli olmaq və ehtiyatlı davranmaq lazımdır:

“Son zamanlarda baş verən xoşagəlməz hadisələr istifadəçilərdən paylaşımlarda diqqətli davranmağı tələb edir. Bəzən bir şəklin altına yazılan şərh ailədaxili münaqişələrə səbəb ola bilər. Bəzi insanlar var ki, şəklini az insan bəyənəndə həmin insan aqressiv olur. Çünki insanların yaşamının əsasını, gündəlik əhval-ruhiyyələrini sosial şəbəkələrdəki bəyənmələr, şərhlər təşkil edir.  İnsanlar bu prosesdə fərdi məsuliyyət daşıyır. İnsanlar bir-birinə anlayışla yanaşıb, tolerantlıq sərgiləsə yaxşı olar ”.

Elnur Rüstəmov sosial şəbəkələrdən asılılığın insanların həyatına mənfi təsirindən danışır:

 “Yenicə tanış olan cütlüklər bir-birlərinə sosial şəbəkədə profil açmaq qadağası tətbiq edirlər. Yaxud da bir-birlərinin şifrələrini alırlar. Bunlar insanlar arasında münasibətlərə təsir göstərir. Cəmiyyətimiz bu haqda bilgilənsə daha yaxşı olardı. Bəzi insanlar günün əksər vaxtı selfie çəkib sosial şəbəkələrdə yerləşdirirlər. Bina yanır, insanlara kömək etmək əvəzinə hadisə yerində olduqlarını bildirmək üçün yanan bina ilə selfie çəkirlər. Belə hallarda xəsarət də ala bilərlər. Yaxud bunun əvəzinə zərərçəkmiş hansısa şəxsə yardım edə bilərlər. Sosial şəbəkələrdən aşırı istifadə etmək insanlar üçün zərərlidir”.

Psixoloq qeyd edir ki, sosial şəbəkələrdə status yazarkən diqqətli olmaq lazımdır: “Bəzən insanların psixi durumu yerində olmur və aqressiya ilə dolu fikirlərini sosial şəbəkədə paylaşırlar. Bu məsələ sadəcə paylaşan şəxslə kifayətlənmir. Kütləvi hal alır. Baş verən hadisə göstərir ki, insanlarımız diqqətli olmalıdır. Çünki, virtual həyatda da müəyyən psixoloji problemi olan insanlar var. Sosial şəbəkədəki insanların hansı psixoloji duruma malik olduğunu, hansı mühitdə yaşadığını bilmirik və insanların keçmişi ilə bağlı heç bir məlumatımız yoxdur. Bu baxımdan sosial şəbəkələrin təhlükəli tərəflərinin olduğunu hesab edirəm. Sosial şəbəkələrdə paylaşımlarda diqqətli olmaq lazımdır. Hətta, hər hansı faciə baş veribsə, həmin faciə ilə bağlı yazılan şərhlərdə belə diqqətli olmaq lazımdır”.

Psixoloq bildirir ki, sosial şəbəkələrdə paylaşım edərkən ehtimalları nəzərə almaq lazımdır: “İnsanlar bəzən hansısa nəqliyyat qəzasını, yaxud hansısa ölüm hadisəsini paylaşıb, hadisə yerindən şəkil çəkdirib status paylaşır. Bu məlumat vermək xarakterli ola bilər, ictimailəşdirmək istəyi ola bilər. Ancaq nəzərə almaq lazımdır ki, kimlərin ona baxacağına limit qoyulmayıb. Qəza hadisəsinə aid paylaşımı görən insan psixoloji sarsıntı keçirə və qorxuya düşə bilər. Yaxud həmin an sükan arxasında ola bilər. Ehtimalları nəzərə almaq lazımdır. İnsanlara, hadisələrə qarşı daha həssas davranmaq lazımdır”.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə