Real cəmiyyətin virtual adamları - Problem nədədir?

01-07-2015 / 14:36

Araşdırmalara görə, insanın özlərini başqası kimi təqdim etməsi onun yetərincə özünü dəyərli hiss etməməsi, əksik qalan, çatışmayan davranışlarını və şəxsiyyət, xarakter kompleksliliyi səbəb olur.

“Mənim 100-lüyüm” layihəsində elə bu mövzunu müzakirə etdik. Sosial media istifadəçilərinə  “İnsanlar virtualda niyə özləri kimi yox, fərqli olmağa çalışırlar?” sualını ünvanladıq.

İstifadəçilərin məsələyə bir-birindən fərqli baxışlarını təqdim edirik:

Əfsanə Salehova - İnsanlar realda olduğundan fərqli olurlarsa, deməli o cür olmağa meyillidirlər. Həyatlarının o cür olmasına çalışırlar. Sadə bir misal deyim. İnstagramda tanışım öz fotoları olmayan daha “cool” fotolar, yeməklər, müxtəlif məkanlar paylaşır. Daha səmimi olub özünün fotosunu da paylaşa bilər, məsələn ya da hesabında sıfır foto ola bilər. Realda ciddi ya səmimi olub virtulada tam tərsi olan biriləri də əslində normaldır. Adam var yazmağı, başına gələnləri, sevdiyi ifanı və s. paylaşmaq istəmir. Ya yazmağa səbri çatmır. Virtualda çox sərbəst və səmimi olan biri realda sıxıcı ya qapalı utancaqdırsa bu da anormaldır. Çünki insanlardan çəkinir ya da olduğu kimi ola bilmir. Virtual aləm insanlara daha səmimi olmağa kömək edir bir növ. Amma bu hər zaman belə olur demək deyil. Misal kimi özümü göstərə bilərəm.

Mari Məmmədova - Mənim üçün  sosial şəbəkələrdə yazılanlar önəmlidir. İnsanlar olmaq istədikləri kimi olurlar. Realda isə olmalı olduqları kimi. Fikrimcə mən eyni görünürəm. 

Amal Nəzərli - Realda bəzi tanıdıqlarım olub ki, çox sakit danışmayan biriləri olub. Amma sosial şəbəkədə çox aktiv, çox status yazan olub. Bu isə məncə psixoloji bir haldır. Bəzi insanlar realda insanlarla ünsiyyətdə çətinlik çəkdiyindən və ya narahat olduğundan dolayı virtual aləmdə bunun əvəzini çıxırlar. Mən özümdən deyim. Məni sosial aləmdə daha çox ciddi biri kimi tanıyırlar, amma realda ünsiyyətdə olanda daha şən biri kimi oluram. Əslində isə bunun səbəbini tam bilmirəm. Realda və virtualda normalda ciddiyəm. Amma vəziyyətdən asılı olaraq bu dəyişir və əyləncəli biri də oluram.

Cəmilə Quliyeva -  Təəssüf ki, virtualda olan insanların 90 faizi realda olduqlarından çox fərqlənir. Məncə səmimi olmadıqlarından irəli gəlir bu. Məsələn elə insanlar var realda tam başqa virtualda isə başqa cürdürlər.

Sevinc Babayeva- Mən özümdən deyim. Real həyatda tanımadığım biri ilə virtualda ünsiyyət qura bilmirəm. Qursam da çox rəsmi olur bu ünsiyyət. Məncə, virtual və real fərqlənməməlidir. Necə deyərlər insan hər yerdə bir cür yox hər yerdə eyni olmalıdır. O ki, qaldı fərqli davranışlara belələri kifayət qədərdir. Məsələn, realda ağzını bıçaq belə kəsməyən insanlar virtualda çox şən, ünsiyyətcil, zarafatcıl ola bilirlər. Hansı gerçəkdi hansında gerçəkcidi bilmək olmur.  Məncə, mən virtualda 85 faiz özüməm.

Kamran Ədalət oğlu-  Adətən xarici görünüşdə fərq görürəm. Məsələn, Facebook-da heç tanımadığım, dostluğumda olan birini xəyalımda müəyyən formada canlandırıram. Həmin adam birdən həyatda qarşıma çıxdıqda tamam fərqli mənzərə ilə qarşılaşıram. Sanki xəyalımdakı insan deyilmiş.

Leyla Məhərrəmova-İnsanlar realda necədirsə, sosial şəbəkələrdə elədir. Mən asosial biriyəm deyə, sosial şəbəkələrdə də , həyatda da insanlarla az ünsiyyət qururam. Amma bəzi insanlar bunun tam əksidir.

 Orxan Yusifli - Sosial şəbəkələrdə altereqo yaradıb, istənilən cür özünü tanıtmaq olar. Heç nə bilmədiyin halda, vikipediya hesabına dahi ola, ya da Biləcəridən çıxmadığın halda, istənilən ölkədə ola bilərsən. Bunun üçün iki, üç düyməni basmaq kifayətdir. Ona görə çox vaxt reallıqla ayaqlaşmağı bacarmayanlar, özlərini elə sosial şəbəkələrdə qaldırmağa çalışır.

Orxan Hüseyn - Mən virtualda bəzən susmadığım halda realda danışmıram. Misal üçün, bu cümləni mən realda deyə bilməzdim.

Aydan Sultanlı - Məsələn bir qrup çox əlçatmaz görünür, çox şey bilən, real həyatda görürsən ki, elə deyilmiş. Bir qrup burda yazıda özünü rahat ifadə edir, məsələn mən burda daha çox içimdən keçəni yazıram kimin oxumasının fərqi olmadan. Amma realda çox şeyi ancaq yaxınlarımla danışıram. Bəziləri ümumiyyətlə burda yazhayaz özlərinə səviyyə yığıb, realda görəndə havayla gəzirlər. Nəticə olaraq ,mənim kimlə necə davranmağım qarşımdakından asılıdır. Fikrimcə, insanların özlərini  başqa cür göstərmələri psixoloji amillə bağlıdır. Özgüvən zəifliyi, kiminsə hansısa mövzuda onu aşağılamasını istəməməsi, önəmli olduğunu hiss etmək və s. Bunlar da şərait yarada bilər.

Psixoloq Lalə Əhmədova Xeberler.az-a  məsələnin psixoloji tərəflərindən danışıb.

O, Xeberler.az-a bildirib ki, bu gün cəmiyyətdə insanların özlərini başqası kimi göstərmələrinin birinci səbəbi uşaqların ailədə kompleksli yetişdirilməsi ilə bağlıdır. “Hazırda cəmiyyətdə olan ən böyük problemlərdən biri virtual yaşam tərzidir. İnsanlar get-gedə oturduqları stola yapışmış bir şəkildə öz dünyalarını qururlar. Bu artıq narkamaniya və ya  “iqramaniya” kimi , “internetmaniya” səviyyəsinə çatıb. Bu isə depressiya, nevroz kimi sonrakı fəsadlara yol açır. Fəsadları təkcə bunlarla bitmir. İnsanlarda zamanla şəxsiyyət problemləri də yaradır. Başqalarının həyatına baxıb özünün həyatı ilə müqayisə etdikdən sonra gördüyü aradakı fərqlər onu başqası kimi olmağa şərait yaradır. Və zamanla yaratmış olduğu kimliyə özünü inandırmağa çalışır. İnsanlar istədikləri kimi həyatı yaşamayanda başqalaşırlar. Dostları çox olan insanın, sevdiyi işi olan, xoşbəxt ailəsi olan hansı insan özünü başqası kimi aparar ki? Deməli insanlar realda xoşbəxt deyillər ki, virtual aləmdə başqa kimliyə bürünmə ehtiyacı hiss edirlər. Məsələ burasındadır ki, insanlar daima məşğul olmağa nələrsə tapmalıdır. Maraqlı yaşamı olan insanlarda yetərincə özgüvən olur.

Psixoloq Elnur Rüstəmov isə Xeberler.az-a şəxsiyyətin ikiləşməsi probleminə insanların həddindən çox sosial şəbəkələrdə olmağından irəli gəldiyini deyib.

 O bildirib ki, İnternetdən ifrat istifadə məhz  şəxsiyyətin parçalanmasına, asosiallığa, insanlarla ünsiyyətdən qaçma, müxtəlif orqanik problemə yol açır. Elə insanlar var ki, onlar İnternet olmayan yerdə oturmurlar, qonaq getmirlər. Bu artıq konkret psixoloji problemdi. Ona görə də əgər insan özündə bu problemi görürsə, İnternetdən ayrı həyatını təsəvvür edə bilmirsə, o zaman özü bundan qurtulmaq üçün təşəbbüs göstərməlidir. Elə ölkələr var ki, orada internet asılılığı yaşayan insanlar xəstəxana şəraitində müalicə alır. Düşünürəm qısa zamanda bizdə də oxşar müalicə prosesi həyata keçirilər. Çünki, şikayətlərin 40, 50 faizi qarşı tərəfin İnternetdə çox zaman keçirməsi ilə bağlı olur. Bu istər yeniyetmə, istərsə də ailə problemində özünü göstərir.

Sonda isə virtual və real həyat arasındakı fərqi daha yaxşı görə bilmək üçün aşağıdakı videonu təqdim edirik.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə