Startap müsabiqlərində münsif kimlər olmalıdır?-Müzakirə

05-05-2017 / 14:32

Son dövrlərdə Azərbaycanda startap eskosisteminin inkişafı, bu bazarda olan layihələrin fəaliyyəti müzakirə mövzusuna çevrilib.

Məlum olduğu kimi, Azərbaycanın startap bazarı son 4-5 ildir ki, formalaşmağa başlayıb, hazırda yerli startap bazarında az-çox layihələr formalaşıb.

Bu illər ərzində startaplar arasında rəqabəti daha da artırıb, ən yaxşılarını müəyyən etmək üçün ölkədə bir neçə formada müsabiqələr, yarışlar keçirilir.

Qeyd edək ki, Azərbaycanda yerli müsabiqələrlə yanaşı, Seedstars kimi qlobal startap yarışları da keçirilir. Belə ki, bu yaxınlarda Bakıda növbəti dəfə bu qlobal yarış keçirildi və qaliblər müəyyən edildi.

Son vaxtlar həm startapçılar, həm də, ümumiyyətlə, bu sektorda maraqlı tərəflər arasında müzakirə edilən bir mövzu diqqət çəkir.

Müşahidələrimiz göstərir ki, keçirilən müsabiqələrdə münsif seçimi, layihələrin qiymətləndirilməsini həyata keçirən şəxslər ciddi tənqid obyektinə çevrilib. Qeyd edilir ki, yarışlarda münsiflər bu sektorla bağlılığı olmayan tərəflərdən seçilir. Nəticədə isə onlar düzgün qiymətləndirmə apara bilmir.

Bəzi startaplar yarışlarda onlara, işlərinə qarşı münasibətdə əsasız fikirlərin olduğunu  deyərək haqsız seçimlər aparıldığını iddia edir. Hətta bəzi startapçılar, ümumiyyətlə, bu kimi tədbirlərin yalnız boş vaxtı itkisi qənaətindədir. Onlar hesab edir ki, belə yarışlar layihə üçün faydalı deyil.

Ötən günlərdə keçirilən Seedstars-dan sonra isə məsələ daha da aktuallaşıb və hazırda mövzu ilə bağlı sektorda ciddi müzakirələr davam edir.

Bunları nəzərə alaraq hətta İT sektorunda yaxından tandığımız Elşad Yusifli sosial mediada startap müsabiqələrində münsif seçimi ilə bağlı kampaniyaya başlayıb.

Belə ki, bu kampaniya  #STARTUPJURI həştəqi ilə yarışlarda münsif seçimi ilə bağlı kriteriyaları sadalayır və həmin göstəricələrə uyğun şəxslər bu müsabiqələrə münsif olaraq məsləhət görülür. Məqsəd isə müsabiqələrə münsif qismində daha uyğun şəxslərin cəlb edilməsidir.

Qeyd edilir ki, münsiflər əsasən öz biznesini qurmuş şəxslərdən ibarət olmalıdır.

Xeberler.az  olaraq məsələni mütəxəssislərlə daha ətraflı müzakirə edərək, nəticələri oxucularla bölüşmək qərarına gəldik.

Görəsən, startap müsabiqləri necə təşkil edilməli, bu yarışlarda münsif seçimi hansı kriteriyalara görə müəyyən edilməldir?

İT sektorunda bir neçə layihəsi ilə tanıdığımız Elşad Yusifli deyir ki, kiçiyindən tutmuş böyüyünə qədər hər bir startap yarışı sektor və  layihələr üçün faydalıdır:

“Bəzi fikirlər səsləndirilir ki, startap yarışları faydasızdır. Mən elə düşünmürəm. Bu sektorda yarışma ruhu həmişə olmalıdır. Belə ki, yarışlar tələbələr, gənclər arasında təqdimat bacarığını inkişaf etdirmək üçün vacibdir. Layihə rəhbəri kütlə qarşısında ideyanı təqdim edib, sona qədər müdafiə etməyi bacarmaldır. Həmçinin yarışlarda komanda ilə işləmək şərtdir. Bu da startapa yeni başlayanlarda komanda ilə işləmək vərdişlərini inkişaf etdirir”.

"Qalibdən qlobal bazarda 10 milyonluq şirkətə çevrilməsini gözləmək doğru deyil"

Mütəxəssisin sözlərinə görə, belə yarışlarda qalibdən mütləq böyük biznesə çevrilməsini gözləmək doğru deyil:

“Startap yarışlarında iştirak edən, qalib olan layihələrdən gözləntilər o qədər də böyük  olmamalıdır. Qalib gəlibsə, o demək deyil ki, sürətlə böyüməli, regionda, qlobal bazarda 10 milyonluq şirkətə çevrilməlidir. Əlbəttə ki, bu kimi məsələlər də nəzərdən qaçmamalıdır. Əsas olan komanda işi, o yarışa hazırlıq mərhələsində görülən işlərdir. Məsələn, layihə komandası təqdimat üçün nə qədər  məşq edir. Məcbur olaraq ingilis dilini təkmilləşdirməli olur. Hesab edirəm ki, bunlara görə stratap yarışlar bir-birindən vacibdir”.

Elşad Yusifli startapların qiymətləndirmə məsələsinə gəlincə isə qeyd edib ki, uzun vaxtdır bu, sektorda müzakirə edilir. Onun sözlərinə görə, artıq startap layihələri var, amma onların dəyərləndirib, qiymət verilməsi məsələsində problemlər yaşanır:

"Son günlərdə yarışlarda münsif seçimi daha çox gündəmə gəldi. Bu da onu göstərir ki, sektor inkişaf edib. Əvvəllər startap nədir, necə olmaldır kimi məsələlər müzakirə edilirdisə də, indi artıq demək olar ki, əksər insan bunları bilir. Universitetlərdə də bununla bağlı ciddi işlər aparılıb. Belə ki, hazırda demək olar ki, universitetlərdə heç olmasa 5-6  startap komandası formalaşdırılıb. Ali təhsil müəssisələrinin müəyyən dərəcədə planı var. Artıq bundan sonrakı mərhələ, ən yaxşını qiymətləndirmə gündəmə gəlib”.

"Layihənin gəlirli olmasına biznesmen qərar verə bilər"

Mütəxəssis hesab edir ki, bu yarışlarda münsiflər əsasən sektor ilə yaxınlığı olan biznesmenlərdən təşkil edilməlidir:

“Məncə, startap deyəndə burada əslində biznes ideya nəzərdə tutulur. Bu ideyanın da uğurlu olub-olmayacağına, gəlir gətirə bilməsinə biznesmen qərar verə bilər. Çünki biznesmen pulunu hansısa bir sahəyə yatırıb və təcrübəsi var. Və yaxud öz startapını sıfırdan qurub, pul qazanmış şəxs münsif ola bilər. Təəssüflər olsun ki, hazırda keçirilən müsabiqlərdə bunu görə bilmirik. Məsələn, qonşu ölkələrdə mələk yatırımçılar biznesmenlərdir. Onlar da özləri gəlməyib bu sektora. Belə ki, startap tədbirlərini təşkil edən şirkətlər, qurumlar onları sektora daxil edib. Azərbaycanda da bu formada olmalıdır. Biznesmenlər münsif kimi yarışa dəvət edilməlidir. Bu formada onları ekosistemin daxilinə cəlb etmək olar. Hələlik ölkəmizdə bu kimi fəaliyyət müşahidə edilmir deyə belə problemlərə qarşılaşırıq”

"...hər kəs öz layihəsinin ideal olduğunu düşünür"

Sahil İT şirkətinin rəhbəri, mütəxəssis Vahid Qasımov məsələyə münasibət bildirərkən deyib ki, müsabiqələr ilə bağlı belə iddialar, müzakirələr normaldır:

“Məncə, baş verən normal prosesdir, hər bir yarışda qalib olur, məğlub olan olur. Bizdə doğru olmayan isə məğlubiyyətin insanlar tərəfindən normal qəbul olunmamasıdır. Hər kəs öz layihəsinin ideal olduğunu düşünür. Hərçənd dünya statistikasında belədir ki, uğurlu layihələrin sayı 4 faizi  keçmir. Yəni, təqdim olunan hazır layihələrin 96 faizi uğursuzdur. Layihə formasına gəlməyən, ideya mərhələsində olanlar bundan da kiçik paya sahibdir. Ona görə, ideya formasında startap layihələrinin müsabiqələrə  təqdim olunub, uğurlu olmamasında heç bir problem görmürəm. Layihə təqdim edən layihə müəlliflərinin də buna hazır olması lazımdır”.

Mütəxəssis deyir ki, hazırda startap müsabiqələrində münsif seçimi böyük problemdir. O, məsələyə aydınlıq gətirib:

"Bəzən subyektiv qərarlar verilə bilir"

“Münsif seçimi həqiqətən də böyük problemdir. Münsif olan şəxs sahə ilə bağlı yüksək səviyyəli və təcrübəli mütəxəssis olmalıdır ki, təqdim olunan layihəni doğru və ədalətli bir şəkildə qiymətləndirə bilsin. Həmçinin, hələ ideya mərhələsində olan layihənin gələcəyini, perspektiv inkişafını görüb, yol göstərə bilsin. Heyif ki, yeni-yeni inkişaf etməyə başlayan ölkəmizdə bu cür mütəxəssislərin sayı onsuz da azdır, ona görə də münsiflər heyətinə dəvət olunan insanlar hər zaman qeyd olunan xüsusiyyətlərə sahib olmadığına görə, bir çox vaxt subyektiv qərarlar verilə bilir. Amma yenə də, qərar necə olursa olsun, bütün layihələri qiymətləndirən eyni insanlar olduğuna görə, qərarlar nisbi olaraq ədalətli olur. Sadəcə, hər hansı bir müsabiqədə iştirak etmək haqqında fikirləşənlər, əvvəlcədən həmin qərarı qəbul etməyə hazır olmalıdır”.

Vahid Qasımov qeyd edib ki, Azərbaycanda hazırda startap sahəsində əksik olan biznes ruhu və investor marağıdır:

"Qanunvericilik sistemində çoxdan bəri gözlədiyimiz qanunlar təsdiq olunmalıdır"

“Bu sektor artıq kifayət qədər inkişaf yolunda irəliləyib, ekosistem yaranıb. Startap maşının çarxları dönməyə başlayıb. İndiki məqamda startap sahəsində Azərbaycanda əksik olan biznes ruhudur və investorların marağıdır. Nə vaxt ki, lahiyələrə qrant almaq, sponsor tapmaq, investisiya cəlb etmək məqsədli yox, biznes qurmaq gözü ilə baxılacaq, o vaxtı maraqlı layihələr də ortaya çıxacaq, onlara investor da tapılacaq və sektor inkişaf edəcək. Prosesi sürətləndirmək üçün qanunvericilik sistemində çoxdan bəri gözlədiyimiz qanunlar təsdiq olunmalı və açıq iqtisadi zonalar qurulmalıdır ki, xarici startapların və xarici investorların maraqları buraya cəlb edilsin”.

Mütəxəssis müsabiqələrdə münsiflərin seçim məsələsinə də toxunub:

“Münsifdə əsas olması gərəkən xüsusiyyət, öz sahəsində peşəkarlıqdır. Bu bacarıq varsa, yerdə qalanları həmin münsifin subyektiv fikrinə buraxmaq olar. Peşəkar insanın verdiyi ən subyektiv qərar mütləq şəkildə ədalətlidir. Qərara etirazı bildirmək, tənqid etmək yox, peşəkarların fikirləri dinləyib, nəzərə almaq, səhvlərini düzəltmək, təkmilləşmək lazımdır”.

"Tərəflər bir-birini başa düşməlidir"

Yeni Fikir Müsabiqəsinin (YFM) təsisçisi və layihə rəhbəri İsa Qasımov bildirib ki, startap sahəsi ilə bağlı bu kimi tənqid, o cümlədən narazılıqlar digər ölkələrdə də var:

“Fikrimcə, bu, normal haldır və  inkişafın göstəricisidir. Belə ki, söhbət innovasiya sahibkarlığından gedirsə, burada innovasiyaların formalaşdırılması, inkişafı və tətbiqi, eləcə də prosesin biznesə çevrilmə imkanları ən aktual məsələlərdir. İnnovasiyaların (və ya yeni yanaşmaların) ilk dəfə eşidilən kimi cəmiyyət və ya bazar tərəfindən qəbul edilməməsi və ya birmənalı qarşılanmaması normaldır. İstənilən halda innovativ yanaşmalar həm cəmiyyət, həm də bazar üçün (istifadəçi, müştəri, investor və s.) yenidir. Burada ən əhəmiyyətli məqamlardan biri isə tərəflərin bir-birini  başa düşməsidir. Qarşılıqlı müzakirələr, araşdırma və doğru analizlər aparmaqla hər bir tərəf özünü dəyişikliklərə qarşı hazırlamalıdır”.

Onun sözlərinə görə, bu sahədə də inkişaf tələb və təklif münasibətləri əsasında baş verəcək:

“Yəni, bazarın hansı formada dəyişməsi, buradakı oyunçuların (və ya maraqlı tərəflərin) real və arqumentlərə əsaslanan tələb və təkliflərini özündə əks etdirəcək. Qeyd edim ki, ümumi mənada üç tərəfin (dövlət, bazar və elmi-tədqiqat müəssisələri) maraqlı tərəf  kimi anlayışlı və təşəbbüskar, həmçinin özü-özünü tənzimləyən dəstəkləyici yanaşmları ilə bir-birini tamamlamalıdır”.

Mütəxəssis qeyd edib ki, dinamikanın olduğu yerdə problemin də  olması normaldır.

“Nəzərə almalıyıq ki, bu prosesdə qlobal təsirlər də mühüm rol oynayır. İnformasiya cəmiyyəti və qloballaşma  bu sahəyə daha çox təsir edir. Bu, həm də innovasiya iqtisadiyyatı baxımından güclü olan cəmiyyətlərin maraqları ilə daha da sürətlənir”.

"...təşəbbüskarlığı ciddi şəkildə zədələyə bilər"

Onun sözlərinə görə, hazırda bu sahə ilə bağlı inkişaf gedir və yeni iddiaların, eləcə də tənqidlərin olması normaldır:

“Əsas odur ki, tərəflər bir-birini əsassız olaraq qınağa çəkməsin. Arqumentlərə əsaslanan tənqid inkişafa səbəb olursa, əsasız tənqidlər isə ictimai qınağa apara bilər. Belə hal isə innovasiyalı iqtisadiyyatın inkişafında təməl amil sayılan təşəbbüskarlığı ciddi şəkildə zədələyə bilər. Cəmiyyətdə təşəbbüskarlığın kütləviləşməsi üçün insanlar bir-bibinin təşəbbüslərinə qarşı dözümlülük nümayiş etdirməli, yeri gəldikdə isə təşviq etməlidir. Tənqid və ya iddiaların şikayətə çevrilməsinin səbəbi isə tərəflərin birgə və açıq müzakirələrinin azlığı ola bilər”.

 Müsabiqələrdə jüri məsələsinə gəlincə isə mütəxəssis qeyd edib ki, hazırda münsiflər heyətinin yenilənməsi zəruri amillərdəndir. Onun sözlərinə görə , yerli bazarın ümumi vəziyyəti düzgün qiymətləndirilməklə, beynəlxalq təcrübədən faydalanmaq lazımdır.

Raphael Group və Visa İmtiyazlar Dünyası Proqramının icraçı direktoru, Youth Inc.-də poqram meneceri kimi tanıdığımız  mentor və investor Müşviq Həsənov da məsələ ilə bağlı fikirlərini bizimlə bölüşüb.

Mentor o fikirdədir ki, bu sahə Azərbaycanda yeni inkişaf edir, ona görə də belə problemlərin olması normaldır.

Mütəxəssis xüsusən də münsiflərlə bağlı məsələdə problemi vurğulayıb. Onun sözlərinə görə, hazırda keçirilən müsabiqələrdə münsiflər daha çox təşkilatçılardan təşkil edilir.

"Azərbaycan startapçılarının yarışlara münsif kimi çağrılması düzgün deyil"

 Müşviq Həsənov bunu doğru hesab etmir:

“Müşahidəm göstərir ki, müsabiqələrdə təşkilatçılar münsif qismində iştirak edir. Bu, doğru deyil. Çünki münsif olan şəxs bu sahə ilə bağlı hər hansı iş görüb, nəticə əldə etmiş şəxs olmalıdır. Məsələn, ola bilər ki, təşkilatçı idarəçilik sahəsi ilə məşğul olub, bu işi çox yaxşı bacarır. Amma startap ekosistemi ilə bağlı təcrübə və fikirləri yoxdur. Həmçinin, son vaxtlar Azərbaycan startapçıları da bu yarışlara münsif kimi çağrılır. Bunu da düzgün hesab etmirəm. Çünki bəzən dəvət edilən startapların özləri layihələrini tam olaraq başa çatdırıb, məhsul təqdim edə bilməyib. Yəni, onların məhsullarından, xidmətindən istifadə edilmir. Və yaxud da heç bir startapa yatırım etməyib. Belə olan halda məncə, onlar layihəyə düzgün qiymət verə bilməz”.

"Əsas olan müştəri diqqətdən kənarda qalıb"

Mentor belə problemlərin yaranmasında startapların da günahı olduğunu qeyd edərək bəzi məsələlərə aydınlıq gətirib:

“Burada startapların da günahı var. Müşahidəm göstərir ki, bizdə layihə rəhbərləri əksər vaxt Avropa və Silikon Vadisindəki startaplara, yatırımlara baxır və düşünür ki, orada bu məsələlərə daha çox qiymət verilir. Hesab edirlər ki, orada daha  böyük  potensial, pul var. Amma reallıqda bizim startapların işləri oradakı startaplara yaxın deyil. Müqayisədə 90 faiz fərqlənir. Söhbət layihələrin texnoloji yox, ümumi iş  fəaliyyətindən gedir. Məsələn, bizdə startaplar bu biznesə 6-7 saat vaxt ayırırsa, Silikon Vadisində 15 saatdan çox işləyib nəsə ortaya qoya bilirlər. İnvestora da  hazır iş göstərmək lazımdır. Heç bir investor hazır olmayan layihəyə, vədlərə yatırım etmək istəməz. Bununla yanaşı, Silikon Vadisi kimi yerlərdə layihələr müəyyən inkişaf mərhələsinə gəldikdən sonra yatırım imkanları axtarır.

Məhşur Airbnb şirkəti öz işini başlayandan sonra investorlar bu layihəyə pul ayırmaq istəmirdi. Startapı yaradanlar isə götürüb şirin kukuruz alıb dizayni dəyişib satırdılar ki, layihəni davam etməsi üçün pul yığsınlar. 30 min dollar belə yığıb işi davam etdirdilər. Sonra isə investorlar bunu görüb yatırım etmişdi. Bizdə isə orta səviyyəli bir layihə yaradan kimi investisiya axtarırlar. Bu işə biznesmen yaxın gəlməyəcək. Azərbaycanda da ekosistem hələ çox kiçikdir. Biri hər hansı layihə yaradanda, ərafında dostlar deyir ki, çox gözəl iş görübsən, möhtəşəm layihədir. O da düşünür ki, layihəsi çox yaxşıdır və ona qiymət verilməli, yatırım olmalıdır. Amma gəlin etiraf edək ki, bu gün investorın qarışına çıxarıla biləcək nə qədər  hazır startapımız var?. Bir neçəsi var, onlar da tədbirlərə gedib pul axtarır. Əsas olan müştəri isə diqqətdən kənarda qalıb. Ona görə də belə məsələlərdə təşkilatçını da günahlandırmaq olmaz. Ümumi startapların problemidir”.

Müşviq Həsənovun sözlərinə görə, münsif qisminə İT sahəsi ilə bağlılığı olub, müəyyən investisiyalar etmiş şəxslər cəlb edilməlidir. 

"Tədbirə gələn 90 faiz insan eyni şəxslərdir" 

Mütəxəssis onu da əlavə edib ki, müsabiqələr üçün yeni insanlar axtarmaq lazımdır:

“Müşahidəm göstərir ki, tədbirə gələn 90 faiz insan eyni şəxslərdir. Bu həm münsiflərə, həm də startaplara aiddir. Təşkilatçı tərəflər startap müsabiqəsi edəndə yeni münsif  yığmalıdır. İnanıram ki, Azərbaycanda çox yüksək səviyyədə olmasa da, belə mütəxəssislər var ki, onları cəlb etmək olar. İllər keçməlidir ki, bu sahədə də qeyd edilən istiqamətdə mütəxəssislər formalaşsın. Onlar layihələrlə işləyib,  peşəkarlaşmalıdır”.

"Azərbaycan startapları eqoizmi azaltamlıdır"

Mentor hazırda startaplarda müşahidə edilən maraqlı bir məqamı da diqqətə çatdırıb. Belə ki, o, hesab edir ki, Azərbacanda startaplar eqoizmi bir az azaldıb, işə daha çox  diqqəti yönəltməlidir:

“Müşahidəm göstərir ki, startaplar rəhbərləri çox vaxt başqalarına söz atır, hər hansı məsələ ilə bağlı tənqid dolu statuslar yazır. Onlar fikirləşir ki, eskosistemdə hər hansı məsələni tənqid edirlər, amma bu, tənqid deyil. Artıq bu, şəxsiyyətə keçən bir  xüsusiyyətdir. Ona görə, belə formada tənqid edildiyi düşünülən məsələ ilə bağlı dialoq alınmayacaq. Statuslarda daha çox tənqid yox, təhqir müşahidə edilir.  Tənqidin ən yaxşı yolu aruqementləri öyrənib, oturub söhbət edərək müzakirə etməkdir”.

Müşviq Həsənov onu da qeyd edib ki, bu sahədə də bazarı Azərbaycana yaxın olan ölkələrin mütəxəssislərindən faydalanmaq olar:

“Məsələn, Estoniya, İsrail kimi ölkələrin təcrübəsindən faydalanmaq üçün oradan mütəxəssis dəvət etmək olar.  Amma birbaşa Silikon Vadisindən kimisə dəvət etmək, işləmək doğru olmazdı. Çünki orada sektorla bağlı tamamilə başqa yanaşma, psixologiya var. O yanaşmanı biz heç vaxt istifadə edə bilmərik, bu, uğrulu olmaz”.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə