Manatın zəifləməsi İKT bazarına necə təsir edəcək ?

23-02-2015 / 14:54

Mərkəzi Bankın İdarə heyətinin  manatın məzənnəsi ilə bağlı məlum qərarı ölkədə birmənalı qarşılanmayıb.

Yeni dəyişiklik cəmiyyətdə müxtəlif sahələrdə qiymət artımına  təsirini göstərməyə davam edir.

Dolların qiymətinin artması ölkədə İnformasiya texnologiyalarının inkişafına necə  təsir edəcək? Hazırda bu sahədə də bahalaşma halları müşahidə olunurmu? Ümumiyyətlə,  yaranmış vəziyyət startapların fəaliyyətinə necə təsir edəcək?

Hazırda bu suallar İT sahəsində çalışanları çox düşündürür. Xəbərlər məsələ ilə bağlı  İT mütəxəssislərinin rəylərini öyrənib.

İKT Mərkəzinin direktoru Fərid Kazımov bu qərardan sonra  İKT sektorunu ağır günlərin  gözlədiyini deyib. Onun sözlərinə görə,  elektron hökumət sahəsində layihələr dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirildiyi üçün belə layihələrdə şirkətlərin gəlirləri 25-30 faiz  aşağı düşəcək:

“Hətta proqnozlaşdırmaq olar ki, şirkətlər bu tip layihələri təmamilə gəlir götürmədən, yalnız bu və ya digər dövlət qurumu ilə əməkdaşlığı saxlamaq üçün reallaşdıracaqlar. Bu istiqaməti düşünərək nəzərə almaq lazımdır ki, yüksək səviyyəli İT-mütəxəssislər gəlirlərinin 30 faiz  azalması ilə razılaşmaya da bilər. Buna görə, 2015-ci il şirkətlər üçün müştəriləri və ən əsası komandanı saxlamaq üçün çox mühüm olacaq”.

Fərid Kazımov hesab edir ki, İT-şirkətləri üçün optimal yol xarici bazarlara çıxmaqdır:

“Azərbaycanın İT-şirkətlərindən biri olan SİNAM-ın xarici fəaliyyəti digərləri üçün yaxşı nümunə ola bilər. Xarici müştərilər hesabına şirkətlərimiz inkişaf edə bilər. Əks halda onların daxili büdcələrinin sıxılması gözlənilir”.

Mərkəz direktoru hesab edir ki, biznes sahəsində  internet-mağazaların xərclərinin optimallaşdırılması hesabına daha ucuz mallar təklif edərək yeni müştəriləri cəlb edərək  e-ticarəti inkişaf etdirə biləcəklər.

Fərid Kazımov qeyd edib ki, ümumiyyətlə ticarət dövriyyəsinda azalma müşahidə ediləcək və bu da elektron ticarətin inkşafına müəyyən neqativ təsir göstərəcək.

Fərid Kazımov investisiya mühitində də müəyyən dəyişikliklər gözlənildiyini deyib:

“Hətta manatın “güclü” olduğu vaxt Azərbaycanda demək olar ki , aktiv vençur şirkəti yox idi. Dövlət isə gözlənildiyi kimi çox az məbləğdə qrant verirdi.  Ona görə, yaranmış vəziyyətdə  manatın yeni kursu ilə “ənənvi” oyunçulardan dəstəyin artmasını gözləmək düzgün olmaz.

İT mütəxəssisinin sözlərinə görə, digər sahələrdə krizislə rastlaşan və yeni seqmentlər axtaran investorları da internet-biznes sahəsinə nəzər yetirməsi də mümkündür:

“Hesab edirəm ki, krizis ilində yeni startaplar üzə çıxmalıdır. Optimal və hər hansı cari problemi həll edən startaplar doğrudan da istifadəçilərin loyallığını qazana bilər. Amma bu layihələr istifadəçilərin hər hansı bir xərcini azaltması, onlara əlavə imkanlar verməlidir. Nəzər almaq lazımdır ki, istifadəçilər artıq, az zərurət olan xidmətlərə və mallara pul xərcləməyəcək. Bunu hər bir startap nəzərə almalıdır”.

Fərid Kazımov bu vəziyyətin  startapların fəaliyyətində təsirindən  danışaraq deyib ki, reklam hesabına yaşamaq istəyən startaplar üçün isə ağır günlər başlayacaq. Onun sözlərinə görə,  krizis vaxtı şirkətlər ilk öncə reklam büdcəsini ixtisara salır. Ümumiyyətlə,  internet reklamın həcmi 40 faiz  aşağı düşəcəyini də proqnozlaşdırmaq olar.

Mərkəz direktoru  krizisə pozitiv yanaşmağı  zəruri hesab edir:

“Öz biliklərini və kreativliyini səfərbər edərək yeni startapı, yaxud artıq mövcud layihə çərçivəsində yeni bisnes-modeli formalaşdıraraq inkişaf etmək lazımdır. Krizisdən keçən hər bir startap gələcək inkişaf üçün daha şanslı olacaq”.

Sahil İT şirkətinin rəhbəri Vahid Qasımov  deyib ki, Azəbaycanda İnformasiya texnologiyalarına məxsus bütün məhsullar xaricdən  idxal olunduğu üçün   həmin mallar da dollar üzərindən alınırdı.  Buna görə də xaricdən alınan malların  manat üzrə satışında  bahalaşma müşahidə olunacaq:

“Bu, normal haldır. Yeni qanun yalnız yeni alınan mallara  şamil olunmalıdır. Lakin  əvvəlcədən alınıb ,bazada saxlanılan malların satış qiymətində artım olması doğru deyil. Müşahidə edirik ki, elektron kommersiya saytları bağlıdır. Onlar  mallarının  bahalaşması siyasətini aparırlar. Bu, düzgün olmasa belə edə biləcəyim nəsə yoxdur. Bu, onların haqlarıdır. Yəni, mallarını bahalaşdıra bilərlər. Ümumiyyətlə, Azərbaycanda  elektron  əşyalarda  və mobil telefonlarda bahalaşma müşahidə olunacaq. Ancaq bu artım köhnə mallara təsir etməyəcək”.

Startapçı Orxan Əhmədov yaranmış vəziyyətin ümumi startap bazarına mənfi təsir edəcəyini deyib.

“Startap bazarında  investisiya  qıtlığı əvvəlcədən müşahidə olurdu. Yeni qərardan sonra  isə bu  məsələdə vəziyyət  daha da çətinləşəcək. Yaxın 6 ay ərzində startap bazarında  hansısa işin ortaya qoyulamasını gözləmək çətin haldır. Belə məqamda  ancaq mövcud krizis şəraitində yaranan problemləri həll edə biləcək ayrı-ayrı layihələr irəli gedə biləcək”.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə