Hazırda dünyada neftin qiymətinin düşməsi ilə bağlı iqtisadi böhranın baş verdiyi bir zamanda ölkəmizdə aktual olan mövzulardan biri manatın məzənnəsi ilə bağlıdır. Manatın yenidən devalvasiya oluna biləcəyi haqqında sosial mediada ciddi müzakirələr gedir.
Ümumiyyətlə hazırda bir sıra ölkələrin milli valyutalarında ciddi dəyişikliklər baş verir. Görəsən böhran vəziyyəti startaplara necə təsir edəcək, startaplar bu mərhələdən daha az itki ilə çıxmaq üçün nə etməlidirlər ?
Bu kimi suallarla Xeberler.az olaraq mütəxəssislərə, tanınmış startapçılara müraciət edərək böhrandan zərər görmədən çıxmağın ən optimal yollarını araşdırdıq.
“Manatın devalvasiyası layihələrin inkişafına təsir göstərməyəcək”
Startapçı Rəşid Əliyev Xeberler.az-a bildirib ki, böhran dövründə startap yaratmaq istəyən gənclər maliyyə yönümlü texnologiyalar və məlumatlandırma istiqamətində startaplarını inkişaf etdirsələr daha uğurlu alınar. O, həmçinin elektron ticarətlə bağlı startaplarda perspektiv görmədiyini və mövcud vəziyyətdə bunu uğursuz addım kimi qiymətləndirdiyini qeyd edib.
Rəşid Əliyev böhrandan çıxış yolunu əlavə xərclərdən imtina etməkdə görüb: “İqtisadi böhran təkcə startap bazarına təsir etmir. Bu səbəbdən layihə rəhbərləri müvəqqəti güzəştlər, xidmətlərində endirimlər təklif edə bilərlər.
Startapçı Xeberler.az-a vurğulayıb ki, bank hesabları xaricdə olan şirkətlər və startaplara, manatın devalvasiyası təsir göstərməyəcək: “Azərbaycanda isə banklarla bir sıra problemlər yarana bilər. Belə zamanlarda yatırım tələb etməyən lahiyələri başlamaq ən optimal variantdır”.
“Dünyaca məşhur startaplar böhran vaxtları meydana gəlib”
Daha bir tanınmış startapçı Vaqif Abbasov ölkəmizdə baş verən iqtisadi böhranın startap bazarına təsiri barədə Xeberler.az-a danışarkən böhranın ölkəmizdə deyil, digər ölkələrdə və xüsusən qonşu ölkələrdə ciddi müşahidə edildiyini vurğulayıb:
“Bu böhran həm dövləti həm də şirkətləri ciddi düşünməyə vadar edir. Çıxış yolu qeyri-neft sektorunun inkişafı və xarici bazarlara açılmaqdır”.
Vaqif Abbasov bildirib ki, böhranla üzləşməmək üçün startapçılar lokal layihələrdən daha çox sərhədlərdən kənarda xidmət və məhsul təklif edən yeni ideyalar üzərində işləməlidir:
“Manatın devalvasiyası hamı kimi bizə də təsir göstərir. Çünki hazırda maliyyə əməliyyatlarımızın demək olar ki, 95 faizi manat ilə aparılır. Yeni layihəyə başlamaq heç vaxt səhv addım ola bilməz. Sadəcə investisiya cəlb edilməsində müəyyən çətinliklər yarana bilər. Hər hansı yeni layihəni başlamaq üçün böyük maliyyə cəlb etməyə ehtiyac yoxdur. Böyük investisiyalar layihənin növbəti mərhələlərində lazım olur. Ona kimi də böhran bitmiş olar”.
"İKT sektoru ön plana çıxacaq"
Vaqif Abbasov qarşıdakı gözləntilərlə bağlı fikirlərini də Xeberler.az-la bölüşüb:
“Dövlət qeyri-neft sektoruna və xüsusən də qeyri-neft məhsullarının istehsalı prosesinə stimul yaradacaq islahatları həyata keçirəcək. İKT sektoru ön plana çıxacaq. Eyni profildə fəaliyyət göstərən şirkətlər birləşəcək. Şirkətlər bahalı TV və s. reklam büdcələrini xeyli azaldaraq rəqəmsal reklam və marketinq məhsullarına üz tutacaq. Bu sahədə fəaliyyət göstərən startaplar xüsusi inkişaf edəcək. Autsourcing xidmətlərindən istifadə edən şirkətlərin sayı artacaq və bu istiqamətdə yeni layihələr meydana gələcək”.
Vaqif Abbasov şirkətlərin kadr islahatları aparacağını və təcrübəli kadrların bazarda yüksələcəyini vurğulayıb.
Startapçı sonda dövlət layihələrinin azalacağını, bu səbəbdən şirkətlərin fərdi olaraq məhsullarını satışa çıxaracağını və bununla da digər şirkətlərlə rəqabətin güclənəcəyini qeyd edib.
“Böhran insanları daha çox işləməyə vadar edir”.
Ölkəmizdə baş verən iqtisadi çətinliyin startap bazarına təsiri ilə bağlı Qafqaz Texnoparkının direktoru İsa Qasımov da məsələyə münasibət bildirib.
O, qeyd edib ki, böhran şəraiti startapların inkişafını zəruri edir. Ancaq bu zaman da startapların inkişafını intelektual insan gücünün inkişaf səviyyəsi müəyyən edir. Böhran insanları daha çox işləməyə və yeni yollar tapmağa vadar edir.
“Böhran startapların inkişafı üçün intibah kimi qiymətləndirilə bilər”, deyə o xüsusilə vurğulayıb.
İsa Qasımov qeyd edib ki, investisiya imkanlarının məhdudlaşması startapların bazara çıxma imkanlarına müəyyən mənada mane olan amildir.
O, böhrandan qurtulmaq üçün ən optimal variantları Xeberler.az-la bölüşüb:
“İlk növbədə qənaət etmək lazımdır. Daha səmərəli çalışmaq, yeni bazar imkanları tapmaq, bu və ya digər mümkün fürsətlərdən maksimum faydalanmaq zəruridir. Ona görə də böhran şəraitində texnoparklarda tətbiq olunan yanaşmalar daha da aktuallaşır”.
İsa Qasımov Qutechnopark-da qurulmuş “Layihələrin İnkişafı və Texnologiyaların Transferi Departamenti”nin imkanlarından danışıb. O, həm ölkədaxili, həm də beynəlxalq layihələrin işlənməsində əməkdaşlığa hazır olduqlarını dilə gətirib.
Texnopark direktoru qeyd edib ki, istənilən layihənin işlənməsi üçün münbit zaman axtarmağa ehtiyac yoxdur:
“Doğrudur, layihə əsasında meydana çıxan xidmət və ya məhsulların bazara çıxarılması üçün münbit zamanın seçilməsi əhəmiyyətlidir. Yeni tədris ilinin başlanğıcı ərəfəsindəyik, layihələrin işlənməsi üçün münbit zamanın olduğunu qeyd edə bilərik”.
“İşə başlamaq üçün böhran vaxtı uğurlu vaxtdır”
Tanınmış startapçı Orxan Əhməd isə Xeberler.az-a bildirib ki, Azərbaycan bazarında əvvəlcədən nəyin dəyişəcəyini bilmək mümkün deyil.
“Manatın devalvasiyası yatırımı manatla alıb sonradan devalvasiya nəticəsində dollarla olan xərclərə görə təsir edə bilər”, deyə o vurğulayıb.
Startapçı bildirib ki, böhran vaxtı işə başlamaq ən uğurlu vaxtlardan sayılır. “Belə demək mümkündürsə böhran süzgəc funksiyasını yerinə yetirir”, deyə o əlavə edib.
Devalvasiya e-ticarət sahəsində çalışanlara ciddi təsir edəcək
RYTN yanında Yüksək Texnologiyalar Parkının şöbə müdiri Ülvi Aslanov ölkəmizdə baş verən iqtisadi çətinliklərin nəinki İKT həmçinin, digər sahibkarlara da təsiri olacağını bildirib.
“Amma hər zaman belə böhranların fürsətlərindən istifadə etmək lazımdır. Öz gücünə inkişaf edən startapların əsas çətinlikləri onların texniki baxımından olan xərcləri olacaq ki, bu xidmətlər əsasən xaricdən alındığına və yerli valyuta ilə olmadığına görədir”.
Ülvi Aslanov əlavə olaraq qeyd edib ki, manatın devalvasiyası elektron ticarət sahəsində çalışan və istehlak mallarının satışı ilə məşğul olanlara ciddi təsir edəcək: “İnvestorlar investisiyalarını bilik iqtisadiyyatına yatırım edərək qoruya bilərlər. Bu dövrdə startaplar üçün canlanma yaranacağına inanıram”.
Ülvi Aslanov böhrandan qurtulmaq üçün ən optimal variantlardan danışıb:
“Böhrandan qurtulmaq üçün ən optimal variant innovasiyalara olan yatırımlardır. Bu həm özəl şirkətlər üçün həm də dövlət üçün vacibdir. Ən yaxşı üsul problemləri qeyd edərək bunların həlli üçün startapları cəlb etməkdir. Hətta bəzi problemlərin innovativ həlli üçün müsabiqələr keçirilməli, pul mükafatları təyin olunmalıdır. Köməkçi sektorlar bu istiqamətdə mümkün köməyi göstərməli, banklar onlayn xidmətlərini qapalı qutu kimi etməməli və startaplarla çox yaxın əməkdaşlıq içində olmalıdırlar. Manatın devalvasiyasının layihələrimizin inkişafına böyük təsir edəcəyini düşünmürəm. Onlar əsasən öz biliklərinə güvənməli və təqdim olunan resurslardan səmərəli istifadə etməlidirlar”.
Ülvi Aslanov maraqlı məqama toxunub: “Son bir neçə gündür valyuta dəyişmə məntəqələrindəki növbələri görmüsünüz. Düşünürəm ki, hamısı potensial angel investorlardır”.
“Valyutanı dəyişmək nə iqtisadiyyata, nə də ki vətəndaşa uzun müddətli fayda gətirmir”.
Texnopark rəsmisinin sözlərinə görə, böhran dövründə əldə olan vəsaitə qənaət etmək, daha səmərəli çalışmaq, yeni bazar imkanları tapmaq iqtisadi böhrandan minimum zərərlə çıxmağa yardım edə bilər.
“Qeyd olunan imkanları təmin edərkən, böyümə və ya inkişaf strategiyasını zərbə altında qoymamağın yolu isə istənilən halda innovasiyaların tapılması və onların tətbiqi ilə mümkündür”, deyə o əlavə edib.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri