“Sumaks texnoloji cihazların yerli istehsal ənənəsini formalaşdıracaq”

10-12-2015 / 14:45

Bir müddət əvvəl də məlumat verdiyimiz kimi, yerli mütəxəssis və proqramçılar tərəfindən hazırlanan Avtomaks cihazının Azərbaycan bazarında təqdim edilməsi planlaşdırılır.

Belə ki, bu cihaz ilə az enerji və vaxt sərf etməklə avtomobiliniz barəsində hər an məlumatlı ola bilərsiniz. 

Xeberler.az Avtomaks layihəsi və  digər fəaliyyətləri ilə bağlı daha ətraflı  Sumaks şirkətinin rəhbəri Cavid Məmmədovla söhbət edib.

Müsahibəni təqdim edirik.

-Cavid bəy, nə vaxtdan bu tip layihələrlə, startap sahəsi ilə məşğulsunuz?

 - Bu sahə ilə 2011 -ci ildən məşğul oluram. Həmin ildən artıq özümün startap layihəmi formalaşdırmışdım. Sumaks layihəsi ilə isə  2014 -cü  ildən başlayaraq məşğul olmağa başlamışam.

-Komanda formalaşdırmısınızmı,  neçə nəfərdən ibarətdir komandanız? Komanda üzvləri arasında işləri necə bölüşdürmüsünüz? 

- Sumaks- ın hazırda 12 nəfərdən ibarət komanda heyəti var. Bunlara, marketinq- bazar araşdırılması, proqramçı mühəndislər, elektronika mühəndislər, satış komandası və media ilə mütəmadi  işləyən şəxslər daxildir.

Marketinq və bazar araşdırması ilsə bağlı əməkdaşlarımız Tural Abbasov və  Cavid Nadirov məşğul olur.

Proqramçı komandasında mikrokontroller program təminatının hazırlanması - Cahangir Şəbiyev və Bəxtiyar Fərəyev, server proqram təminatı - Cahangir Şəbiyev və Tural Müzəffərli, yekun aparat təminatının veb texnologiyaya inteqrasiyasi - Cahangir Şəbiyev, Tural Müzəffərli və Bəxtiyar Fərəyev, mobil proqramın serverə inteqrasiyası sahəsində Günay Abdullayeva, Tural Müzəffərli və Cahangir Şəbiyev işləyirlər.

Elektronika komandasında çalışan Sənan Quluzadə və Elgün Həsənli  isə cihazın daha dayanıqlı və keyfiyyətli olması və doğru komponentlərin seçilməsi üçün, ilkin və yekun prototiplərin hazırlanması və istehsalda istifadə olunacaq detalların sınaqlarını apararaq yekun detalların müəyyən edilməsini həyata  keçirir.

Satış komandamız  isə  Orxan Quluzadə və Heydər Əliyevdən ibarətdir.

 Media sahəsi üzrə işlərlı Ləman Səfərli məşğuldur. 

-Sumaks  layihəsi olaraq hansı özəllikləri, bazara  nə kimi yeniliklər təqdim edirsiniz?

-   Sumaks- ın hazırda istehsala qədəm qoyan avtomobillərin təhlükəsizliyi və idarəedilməsi sistemi olan Avtomaks cihazını qeyd etmək istərdim. Bu cihaz məhz yerli bazarın tələb və problemləri diqqətlə araşdırılaraq  hazırlanıb. Sonda bu problem və tələblərin həlli Avtomaks cihazımızda cəmləşib. Cihazımız yerli bazara təqdim edildikdən sonra  bu cihazın xarici bazarı araşdırılacaq ki, burada isə daha böyük rəqabətlə qarşılaşacağımıza şübhəmiz yoxdur. Buna baxmayaraq rəqabət bizi qorxutmur.  Sumaks-ın əsas yeniliyi təklif etdiyi məhsulların tam yerli istehsal olmasıdır. Bu layihə yarandığı gündən əsas hədəfi bir ənənənin başlanğıcını yaratmaq olub. Buna  texnoloji cihazların yerli istehsal ənənəsini formalaşdırmaq və ixrac oluna biləcək Azərbaycan məhsulların hazırlanması aiddir. Bugün bir çoxlarına bu uzaq bir hədəf kimi görünə bilər. Amma əmin ola bilərsiz ki, Sumaks  bu hədəflərinə çatmağa çox yaxındır.

- Layihələriniz  yerli və ya həm də qlobal bazar üçün hazırlanıb?

-  Bəli, məhsullarımız həm yerli, həm də, xarici bazar üçün hazırlanır. Öncəliklə qeyd edim ki, istifadə etdiyimiz detallar və proqram təminatı  tamamilə beynəlxalq standartlara cavab verir. Bunu qeyd etməkdə məqsədim məhsullarımızın keyfiyyətli olması və gələcəkdə xarici bazara çıxartdıqda tələb olunan standartlara cavab verməsidir.

-Qeyd etmisiniz ki, Avtomaks cihazı yerli mütəxəssislər tərəfindən  hazırlanıb. Bu cihaz harada və necə hazırlanır?

-  Bəli, cihazlarımız yerli mütəxəssislər tərəfindən yerli imkanlarla hazırlanır. Əsasən 3 məkandan istifadə olunur. Proqram təminatının hazırlanması üçün proqramçı komandamız daha çox Azercell-in Barama və Sahibkarlıq Mərkəzinin ofisindən istifadə edir. Cihazların ilkin prototipləri, istehsal prototipləri, istifadə etdiyimiz detalların sınaqları və.s laboratoriyamızda aparılır. Sınaqlar uğurla bitdikdən sonra isə Müdafiə Sənayesi Nazirliyinin nəzdində olan Peyk zavoduna təqdim edilir. Burada isə çap lövhələri (PCB) və lövhələrin üzərinə detalların montaj işləri aparılır.

-Cihaz  istifadəçilərə hansı yenilikləri təqdim edir? Buna oxşar cihazlardan nə ilə fərqlənirsiniz?

-İnanıram ki, avtomobili olan bir çox insan özü avtomobildən uzaqda olsa belə təhlükəsizliyinə əmin olmaq üçün  daim nəzarət etmək  istəyir. Bunu az enerji və vaxt sərf etməklə nəzarət etmək daha da maraqlı ola bilər. Avtomaks istifadəçiləri üçün məhz  bunu mümkün edir.

-Sizcə, yerli bazarda bu kimi layihələr nə kimi uğurlu  olacaq? Yəni, təlabat varmı bizim bazarda?

- Düşünürəm ki, yerli bazarda keyfiyyətli yerli istehsal cihazları hədəfləyən layihələr uğurlu ola bilər. Nəzərə alsaq ki, bazara gətirilən xarici məhsullardan fərqli olaraq, burada hazırlanacaq məhsullar bir çox əlavə xərclərdən (gömrük yol və.s) azad olmuş olur. Və buraya istehsala tam nəzarəti də daxil edərsək, o zaman yerli məhsul bazara daha surətlə daxil olmuş olar və uğur qazanar.

Tələbat varmı sualına gəldikdə isə, ölkədə istər yük və sərnişin daşımasının, istərsə də minik avtomobillərinin çoxluğu,digər tərəfdən korporativlərin avtomobillərini daim nəzarətdə saxlamaq üçün atdığı addımlar və işgüzar görüşlərimizdə Avtomaks cihazına göstərilən maraq, tələbin  olduğunu deməyə bizə əsas verir.

-Ümumiyyətlə, layihəyə başlayanda araşdırma aparıb,  yerli bazarın təlabatını, risklərini öyrəndinizmi?

- Əlbəttə, cihaz hazırlanmadan öncə istər bazarın araşdırılması, istər tələbatın öyrənilməsi və istərsə də, risklər diqqətlə araşdırılıb. Rəqib şirkətlərin təcrübələri, onların üstün və zəif tərəfləri geniş analiz olunub və olunmaqdadır. Məhz bu araşdırmalar Tural Abbasov və Cavid Nadirov tərəfindən aparılıb və aparılmaqdadır.

-Hazırda hansı şirkətlərlə əməkdaşlıq edirsiniz?

-Yaxın zamanlarda Avtomaks cihazımızın geniş təqdimatı planlaşdırılır. Məhz həmin təqdimatda əməkdaşlıq etdiyimiz şirkət və partnyorlarımızı ictimaiyyətə  təqdim etməyi düşünürük. Bir onu  qeyd edə bilərəm ki, cihazın satışı ilə bağlı narahat olmağa əsasımız yoxdur.

-Layihəniz üçün investorlar, maliyyə dəstəyi tapa bilirsinizmi?

-Sumaks ilk yarandığı vaxtlarda investisiya ilə bağlı bir çox tərəfə müraciət etdi və görüşlər  keçirdi. Amma hər hansısa bir tərəflə razılıq əldə olunmadı. Daha sonra biz ümumiyyətlə investorlara müraciəti dayandırdıq və layihəni öz hesabımıza ərsəyə gətirməyə basladıq. Düzdür bu işlərimizi bir qədər ləngitdi. Amma Sumaks-ın bir komanda olaraq möhkəmlənməsi məhz bu mərhələlərdə başladı.

Cihazımız istehsala hazır hala gəldikdən sonra isə, biz güzəştli kredit almaqla bağlı İT-nin İnşkişafı Dövlət Fonduna müraciət etdik. Fond rəhbərliyi   yerli istehsalın inkişafında maraqlı olduqlarını göstərdilər və layihəyə dəstək olacaqlarını bildirdilər. 

Bundan sonra banklara müraciət etdik. Təəsüf ki, bir çox aparıcı bankdan yox cavabı aldıq. Səbəb olaraq həmin banklar, layihənin startap olduğunu, hələ ki, satışa başlamadığını və kredit ayrılmasının riskli olacağını bildirdilər.

 Nəhayət, müraciət etdiyimiz banklardan fərqli olaraq BTB bank bizlərə müsbət cavab verdi. BTB bank, layihəyə məhz, perspektiv vəd edən  startap  olduğu və dövlətimizin əsas siyasətlərindən olan yerli istehsalın inkişafına və ixrac yönümlü məhsulların hazırlanmasına öz tövhələrini vermək məqsədi ilə dəstək olmağı öz üzərinə götürdü. İnanırıq ki,  BTB bankın bu yanaşması digər banklar və investorlar üçün də bir nümunə olar və onlarda ölkəmizin inkişafı üçün xeyrli ola biləcək startapları dəstəkləyərlər.

Sumaksa dəstək olan dostlarımıza, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə, BTB banka, İT-nin İnkişafı Dövlət Fonduna və Peyk zavoduna hər zaman minnətdar olacağıq.

 -Bu xidməti  həm fərdi, həm də korporativ müştərilərə təklif olunur. Bu istiqamətdə daha ətraflı məlumat verərdiniz, zəhmət olmasa.

-  Bəli. Fərdi müştərilərimiz üçün  4 funksiyalı Avtomaks cihazı təklif olunacaq. Bunlara, avtomobilin 7/24 izlənilməsi, evakuator xəbərdarlığı, oğurluq hallarında xəbərdarlıq və xanım sürücülər üçün funksiya daxildir.

Korporativlərdə isə daha geniş funksiyalar mövcuddur. Bura avtomobil haqqında məlumatların qeyd olunması, sürücü haqqında məlumatların qeyd olunması, 7/24 saat  izlənə biləcək məlumatlar (avtomobilin izlənilməsi, dayanma - durma vaxtlarına nəzarət, evakuator və oğurluq hallarına nəzarət, əvvəlki tarixlərə nəzarət), günün müxtəlif saatlarında təqdim olunacaq hesabatlar -(gedilən km nəzarət, sürət həddinə nəzarət, yanacaq sərfiyyatının hesablanması, təyin olunmuş radiusa nəzarət)  nəzərdə tutulub.

Hazırda komandada cihaza daha hansı funksiyaların əlavə olunması məsələləri  müzakirə olunur. Düşünürəm ki , yeniliklər mütləq olacaq.

-Gələcək planlarınız necədir, hansı  yeni layihələr üzərində düşünürsünüz?

-  Avtomaks cihazımızdan öncə, evlərin təhlükəsizliyi və idarəedilməsi ilə bağlı qaz, suyun işlərinin təhlükəsizliyi,  elektrikin idarəedilməsi cihazlarını yekun həddə yəni, istehsal həddinə gətirə bildik. Lakin araşdırmalarımız göstərir ki, hazırda bazarda bu tipli cihazlara maraq bir qədər azdır. Müşahidələrimiz davam edir və əgər bu cür cihazlara marağın artdığını görərsək, biz o zaman növbəti mərhələ olaraq bu cihazların istehsalına başlayacağıq.
Digər bir tərəfdən bizdə artıq yeni bir ideya da yaranıb.  Yəqin ki, bu ideyamızı yaxın zamanlarda planlaşdırdığımız təqdimatımızda bəyan edəcəyik.

 

Məltəm  Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə