Distant tədrisin elmi-praktiki problemləri müzakirə olunub

13-02-2026 / 09:18

Qlobal rəqəmsallaşma və süni intellekt texnologiyalarının sürətli inkişafı təhsil sistemində, xüsusilə distant tədris modellərində fundamental dəyişikliklərə səbəb olmuşdur. Müasir əmək bazarının texnoloji və analitik bacarıqlara malik mütəxəssislərə olan tələbatı süni intellekt əsaslı tədris mexanizmlərinin tətbiqini zəruri edir. Bu kontekstdə süni intellekt distant tədrisdə yalnız texnoloji alət deyil, eyni zamanda fərdiləşdirilmiş və adaptiv öyrənmə mühitinin formalaşdırılmasında əsas strateji faktor kimi çıxış edir.

Xeberler.az bildirir ki, ETN İnformasiya Texnologiyaları İnstitutunda “Süni intellekt texnologiyalarının tətbiqi ilə distant tədris sistemlərinin təkamülü: ənənəvi tədris modelləri ilə inteqrasiya mexanizmləri, problemlər və aktual trendlər” mövzusuna həsr olunmuş növbəti elmi seminar keçirilib. İclasda AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək distant təhsilin elmi-nəzəri problemlərinin araşdırılmasının institutun əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edib. İnstitutda bu sahə üzrə ixtisaslaşmış struktur bölmənin fəaliyyət göstərdiyini deyən alim bildirib ki, distant təhsil problemlərinin kompleks şəkildə tədqiqi ölkə miqyasında strateji əhəmiyyət kəsb edən məsələlər sırasındadır.

Akademik Rasim Əliquliyev seminarın mövzusunun dünyada baş verən inqilabi texnoloji dəyişikliklər, ölkəmizdə həyata keçirilən rəqəmsal transformasiya prosesləri və elm sahəsində aparılan islahatlar fonunda xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb. Elmi seminarda distant təhsilin mahiyyəti, əsas inkişaf trendləri, distant tədris texnologiyalarının aparıcı qüvvələri, beynəlxalq təşkilatların bu sahə üzrə çağırışları, eləcə də distant tədrisdə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı elmi-nəzəri problemlərin müzakirə olunacağını diqqətə çatdırıb.

Sonra institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev məruzəni təqdim edərək  süni intellekt texnologiyalarının tətbiqi ilə distant tədris sistemlərinin təkamülü, onların ənənəvi tədris modelləri ilə inteqrasiyası, mövcud problemlər və müasir trendlərə dair ətraflı məlumat verib. Bildirib ki, adaptiv süni intellekt sistemləri tələbələrin fərdi bilik səviyyəsini, öyrənmə tempini və qabiliyyətlərini analiz edərək tədris məzmununu uyğunlaşdırır, bu isə distant tədrisin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır. Süni intellektin qiymətləndirmə və monitorinq proseslərinə inteqrasiyası isə obyektivliyin yüksəldilməsinə və tədris resurslarının optimallaşdırılmasına şərait yaradır.

O, distant və ənənəvi tədris modellərini müqayisəli təhlil edərək bildirib ki, ənənəvi təhsil əsasən müəllim mərkəzli, fiziki və kollektiv təcrübəyə söykənir, süni intellekt əsaslı distant təhsil isə tələbəyönümlü, fərdi və adaptiv xarakter daşıyır: “Eyni metod və tempin bütün tələbələrə tətbiqi sürətli öyrənənlərin motivasiyasının azalmasına, zəif öyrənənlərin isə tədrisdən geri qalmasına səbəb olur. Bu baxımdan fərdiləşdirilmiş yanaşmalar distant tədrisdə əsas üstünlüklərdən biri kimi dəyərləndirilir”.

Məruzəçinin sözlərinə görə, süni intellektin distant tədrisə tətbiqi bir sıra elmi-praktiki problemlərlə də müşayiət olunur. Buraya süni intellekt texnologiyalarının klassik pedaqoji prinsiplərlə inteqrasiyasının yetərincə elmi əsaslandırılmaması, adaptiv sistemlərin öyrənənlərin bütün fərdi xüsusiyyətlərini tam modelləşdirə bilməməsi, avtomatlaşdırılmış qiymətləndirmənin obyektivliyi və etibarlılığının tam təmin olunmaması və s. aiddir.

Dos. Firudin Ağayev bildirib ki, müasir distant təhsildə bu kimi problemlərin həlli üçün süni intellekt əsaslı adaptiv öyrənmə sistemləri, fərdi tədris planları, formativ və avtomatlaşdırılmış qiymətləndirmə mexanizmləri, interaktiv tapşırıqlar və s. istifadə olunur. “Ağıllı” təhsil sistemləri süni intellekt və məlumat analitikası vasitəsilə tədris prosesini planlaşdırır, qiymətləndirməni həyata keçirir və müəllimlərə operativ əks əlaqə təqdim edir. Bu isə müəllimin rolunun bilik ötürücüsündən mentora transformasiyasını sürətləndirir.

Distant tədrisin inkişafında müasir trendlər çərçivəsində Education 5.0 konsepsiyasının xüsusi əhəmiyyətə malik olduğunu deyən tədqiqatçı əlavə edib ki, Education 5.0 süni intellekt vasitəsilə distant tədrisi yalnız rəqəmsal deyil, eyni zamanda insan-mərkəzli, adaptiv, sosial və dayanıqlı öyrənmə ekosisteminə çevirir.

“Nəticə etibarilə, süni intellektin tətbiqi distant tədrisi daha effektiv, çevik və fərdiləşdirilmiş təhsil modelinə transformasiya edir və onun ənənəvi tədris formaları ilə hibrid yanaşmalar əsasında inteqrasiyasını təmin edir”, – deyə dos. F.Ağayev vurğulayıb.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Daha sonra akademik Rasim Əliquliyev çıxış edərək mövzu ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim təhsilin təkamülü mərhələlərindən söz açaraq təhsilin əsas aparıcı qüvvəsinin kommunikasiya faktoru ilə bağlı olduğunu söyləyib. Bildirib ki, təhsilin birinci funksiyası qabaqcıl biliklərin ötürülməsi, yəni kommunikasiya prosesinin təşkili, ikinci funksiyası isə həmin biliklərin paylaşılmasıdır. Distant tədrisin inkişafı birbaşa kommunikasiya texnologiyalarının inkişaf tempi ilə sıx şəkildə korrelyasiya olunur.

Tədris prosesinin inkişaf tarixindən bəhs edən institutun baş direktoru qeyd edib ki, ilkin dövrlərdə təhsil qeyri-formal və fərdi şəkildə – bir şəxsin digərinə bilik ötürməsi ilə həyata keçirilirdi. Zaman keçdikcə formal təhsil modelləri inkişaf etmiş, təhsil müəssisələri yaranmış, sonrakı mərhələdə isə tədris poçt yazışmaları və s. ilə distant şəkildə təşkil olunmağa başlamışdır.

Akademik Rasim Əliquliyev vurğulayıb ki, uzun müddət biliklərin ötürülməsi əsasən kitablar və dərsliklər vasitəsilə mətn formatında həyata keçirilib. Süni intellekt texnologiyalarının formalaşdırdığı yeni reallıqlar fonunda isə bu ənənəvi bilik daşıyıcılarının funksiyası tədricən rəqəmsal mühitə, xüsusilə İnternet platformalarına transfer olunur və vizual məzmunla zənginləşir. Generativ süni intellekt sistemlərinin mətni şəkil, video və digər formatlara çevirmə imkanları tədris prosesini daha interaktiv edir və onu təbii ünsiyyət mühitinə yaxınlaşdırır.

AMEA-nın vitse-prezidenti inklüzivlik anlayışının yalnız fiziki məhdudiyyətləri deyil, eyni zamanda dil baryerlərini, psixoloji xüsusiyyətləri və fərdi idrak imkanlarını da əhatə etdiyini qeyd edib. Alim müasir dövrdə linqvistik inklüzivliyin də xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, süni intellekt texnologiyalarının sürətli inkişafı dünya xalqlarının dillərinin rəqəmsal mühitdə qorunub saxlanılması baxımından mühüm təminat rolunu oynamağa başlayır.

Alimin sözlərinə görə, müasir distant tədris sistemlərində əmək bazarı davamlı təhlil olunur və bu tələblərə uyğun olaraq tədris kontenti məqsədyönlü şəkildə generasiya edilir. Eyni zamanda, tədrisin məzmunu süni intellekt əsaslı alətlər vasitəsilə öyrənənlərin bilik səviyyəsinə, fərdi potensialına uyğunlaşdırılır. Avtomatik tərcümə və nitqin emalı texnologiyalarının inkişafı isə kiçik dil resurslarına malik dillərin yox olma riskini minimuma endirərək onların qorunması üçün real texnoloji imkanlar yaradır.

İnstitutun baş direktoru distant tədris sahəsində mövcud olan qlobal çağırışlara da toxunaraq bildirib ki, bu sahənin elmi-nəzəri əsaslarının, “ağıllı” distant öyrənmə modellərinin dərindən araşdırılması olduqca vacibdir. Bu məqsədlə Web of Science və Scopus kimi beynəlxalq elmi bazalarda dərc olunan məqalələrin, beynəlxalq konfrans materiallarının, aparıcı elmi mərkəzlərin fəaliyyətinin, qəbul olunmuş standartların, tədris mühitinə yönələn kibertəhlükələrin və proqram təminatı vasitələrinin sistemli şəkildə öyrənilməsi çox zəruridir.

Sonda akademik Rasim Əliquliyev institutda aktual elmi problemlərdən olan distant təhsilin formalaşmasına dair aparılan tədqiqatların dərinləşdirilməsini tövsiyə edib. Bu istiqamətdə hazırlanacaq məqalələrin beynəlxalq elmi bazalarda indeksləşən nüfuzlu jurnallarda dərc edilməsinin, distant tədrisin problemləri ilə bağlı ictimaiyyətin məlumatlandırılması məqsədilə maarifləndirici tədbirlərin keçirilməsinin, eləcə də ali təhsil müəssisələrində ustad dərslərinin təşkilinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə