Distant tədris mərkəzlərinin fəaliyyəti genişləndirilir

06-04-2016 / 10:15

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Distant Tədris Mərkəzi ilə AMEA Naxçıvan Bölməsi arasında ilk dəfə onlayn rejimdə informatika elminin müxtəlif sahələrinə dair mühazirələrin dinlənilməsi məqsədilə AMEA-nın AzScienceNet elm kompüter şəbəkəsi (EKŞ) üzərindən canlı bağlantı yaradılıb.

AMEA-dan Xeberler.az-a verilən məlumata görə,  Naxçıvan Dövlət Universiteti və AMEA Gəncə Bölməsi də bağlantıya qoşulub.

Videokonfrans sistemi vasitəsilə baş tutan tədbirdə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev qeyd edib ki, elektron elm ölkədə elmi qurumların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və vahid onlayn elmi infrastrukturun formalaşdırılması məqsədi daşıyır:

“Nəticədə elmi-texniki informasiya və hesablama resurslarına çıxışı olan elmi təşkilat və alimlərin virtual məkanda birgə fəaliyyəti təmin olunur. Hazırda ölkədə, xüsusilə də regionlarda elektron elmin inkişaf etdirilməsi, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, səhiyyə, iqtisadiyyat və digər sahələrdə informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə prioritet istiqamətlərdəndir».

R.Əliquliyev ölkədə informasiya cəmiyyətinin formalaşdırılması, İKT-nin bütün sahələrə geniş tətbiqi istiqamətində görülən işlərdən, qəbul edilən dövlət proqramlarından söz açıb.

O, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda alimlərin qarşısında xüsusi vəzifələr qoyulduğunu, regionların sürətli inkişafının təmin olunmasının ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu qeyd edib.

Akademik son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasında aparılan genişmiqyaslı islahatlardan bəhs edərək regionlarda İKT-nin tətbiqi ilə bağlı AMEA rəhbərliyi və Rəyasət Heyəti tərəfindən xüsusi qərarların qəbul edildiyini diqqətə çatdırıb.

O  qeyd edib ki, bu qərarlardan biri də AMEA Rəyasət Heyətinin AMEA Naxçıvan Bölməsində Distant Tədris Mərkəzinin yaradılması haqqındadır. Qərara əsasən, İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən AMEA Naxçıvan Bölməsində Distant Tədris Mərkəzi yaradılıb. 2015-ci ildə AMEA Naxçıvan bölməsi ilə Rəyasət Heyətinin birgə səyyar iclasında bölmənin Distant Tədris Mərkəzinin açılış mərasimi keçirilib.

“Artıq bir neçə ildir ki, Naxçıvan Dövlət Universitetində, eləcə də Gəncədə fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri və universitetlərdə Distant Tədris Mərkəzi vasitəsilə informatika fənninin tədrisi həyata keçirilir. Bu gündən Distant Tədris Mərkəzində tədris olunan mühazirələr, eyni zamanda AMEA Naxçıvan Bölməsinin doktorantları üçün də əlçatan olacaq. Bununla da AMEA-nın ümumi infrastrukturu çərçivəsində informatika fənni beynəlxalq standartlara uyğun olaraq tədris ediləcək”, – deyə R.Əliquliyev bildirib.

Alim Naxçıvanda Distant Tədris Mərkəzinin yaradılmasının əhəmiyyətini vurğulayaraq bu mərkəzin Naxçıvan və digər bölgələr, eləcə də dünyanın aparıcı elmi-tədqiqat müəssisələri arasında elm və təhsil körpüsü olacağını, doktorant və dissertantların məsafədən təhsil alması, onlayn seminar və konfransların keçirilməsi, Bakıya gələn mötəbər qonaqların və nobel mükafatı laureatlarının bir araya toplanması, alimlər arasında ölkədaxili, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün geniş imkanlar yaratdığını söyləyib. Qeyd edib ki, bu virtual körpü vasitəsilə ölkədə vahid inteqrativ elm və təhsil mühiti yaradılacaq.

R.Əliquliyev, həmçinin akademiyanın institut və təşkilatlarını müasir şəbəkə xidmətləri ilə təmin edən AzScienceNet EKŞ-nin geniş imkanlarından da söz açıb. Bildirib ki, elm və təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet Avropa Komissiyasında Azərbaycanı uğurla təmsil edir. 2016-cı ildə AzScienceNet-in Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT şəbəkəsinə 1 Gbit/san sürətlə çıxış imkanı əldə etməsi planlaşdırılır ki, bununla da Azərbaycan Avropanın elm və təhsil mühitinə inteqrasiya olunacaq.

 Bu imkanlardan regionlarda fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri və universitetlər də yararlana biləcək.

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə