“Technest” Təhsil proqramı Azərbaycan gəncliyi üçün açılmış yeni fürsətlər pəncərəsidir ­

22-06-2022 / 16:31

Xeberler.az "APA-Economics"ə istinadən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramovla müsahibəni təqdim edir.

Rəşad müəllim, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi son dövrlər İKT yönümlü gənclər, onların inkişafı ilə bağlı yeni layihələr həyata keçirir. Bunlardan biri “Technest” Təhsil proqramıdır. “Technest” nədir və özündə nəyi ehtiva edir?

– Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Technest” Təhsil proqramını ötən ilin sentyabr ayından ictimailəşdirməyə başladı. Proqramın məqsədi informasiya texnologiyaları üzrə ölkəmizdə kadrların yetişdirilməsini sürətləndirmək, bu sahədə mövcud boşluqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir.

“Technest nədir” sualınıza gəlincə, vurğulamaq istərdim ki, “Technest” – məktəblilər, tələbə və məzunlar üçün İKT sahəsində peşəkar və ödənişsiz təlimləri təmin edən təhsil proqramıdır. Eyni zamanda sahibkarlıq təfəkkürü ilə çıxış edən və innovativ həllər təklif edən gənclərin gələcəkdə startaplar qurmasında önəmli rol oynayan əməkdaşlıq müstəvisidir. Yəni “Technest” Azərbaycan gəncliyi üçün açılmış yeni fürsətlər pəncərəsidir

Bu ilin sonunadək proqram çərçivəsində 120 məktəbli, 618 tələbə və məzunun bir sıra istiqamətlər üzrə təhsil alması nəzərdə tutulub. Buraya bulud həlləri və inzibatçılığı, böyük verilənlər bazası, kibertəhlükəsizlik, avtomatika, elektronika, müxtəlif proqramlaşdırma dilləri, “UX/Uİ” dizayn kimi istiqamətlər daxildir.

Bir neçə gün öncə “Technest” təhsil proqramı çərçivəsində ilk məzun günü keçirilib. Proqram çərçivəsində dövlət-özəl sektor tərəfdaşlığı əsasında təsis edilmiş “Code and More” təhsil layihəsi və nazirliyin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi (İKT LAB) ilə əməkdaşlıq nəticəsində 53 məktəbli elektronika, 87 tələbə isə bulud mühəndisliyi, “Java” proqramlaşdırma və kibertəhlükəsizlik üzrə proqramı uğurla başa vurub. Təqaüdçülər təlimlərlə yanaşı, nazirliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos, “AzInTelecom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-də real iş prosesinə cəlb olunub, müxtəlif layihələrin hazırlanmasında və icrasında yaxından iştirak ediblər.

“Technest” təqaüdçülərinin qabaqcıl mütəxəssislər kimi yetişdirilməsi və işlə təmin olunması qarşımızda duran əsas vəzifələrdən biridir. Bu istiqamətdə “Code and More” təhsil layihəsi, nazirliyin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi ilə yanaşı, ölkədə İKT üzrə peşəkar kurslar təşkil edən “Code Academy”, İsrail – Azərbaycan Təlim Mərkəzi, “Tech Academy”, “ABB Tech” Akademiyası və İnnovasiyalar Mərkəzi ilə yaxından əməkdaşlıq edirik.

Rəşad müəllim, nazirliyin belə bir təşəbbüsü dəstəkləməsi zərurəti necə yarandı?

– Siz maraqlı məqama toxundunuz. Bildiyiniz kimi, istənilən layihənin konsepsiyasının hazırlanmasında ilk öncə həmin sahə üzrə bazar araşdırmasına böyük ehtiyac duyulur. 2021-ci ildə nazirliyin məsul strukturlarının apardığı geniş bazar araşdırmasına əsasən, İKT bazarında tələblə təklif arasında böyük bir boşluğun mövcudluğu ortaya çıxdı. Nəticələrə əsasən, 2016-cı ildən 2021-ci ilə qədər əmək bazarında istər dövlət, istərsə də özəl sektorda İKT mütəxəssislərinə olan ehtiyac təxminən 5 dəfə artmışdı. Araşdırma zamanı müxtəlif işəgötürən agentliklərin 45 minədək iş elanı da diqqətlə təhlil edilmişdi. Əgər 2016-cı ildə əmək bazarında İKT mütəxəssisi üzrə 17 vakansiyaya rast gəlinirdisə, 2020-ci ildə bu rəqəm 337-yə yüksəlmişdi.

Bu məsələ ilə bağlı həm dövlət, həm də özəl müəssisələr, banklar, startaplar, İKT və sığorta şirkətləri arasında sorğu da keçirilmişdi. Ən çox tələb olunan peşələrə gəlincə, bunlara proqram təminatı üzrə mütəxəssis, data analitik, sistem administratoru, Uİ/UX dizayner və digər bu kimi ixtisasları misal göstərmək olar. Bütün bu təhlillərə əsasən ölkədə İKT əmək bazarında tələb və təklifin tarazlaşdırılması istiqamətində “Technest” Təqaüd proqramına start verilməsi zərurəti ortaya çıxdı.

Ali təhsil müəssisələrində tədris olunan İKT ixtisası ilə müqayisədə “Technest” tələbələrə fərqli nə vəd edir?

– Əvvəlcə onu qeyd edim ki, biz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olaraq təhsil müəssisələrinin öhdəliyini yerinə yetirmirik. Sadəcə bazarın rəqəmsal ixtisaslara, xüsusilə İKT mütəxəssislərinə olan tələbatının ödənilməsi və İKT üzrə insan kapitalının yaradılmasında maraqlıyıq. Bildiyiniz kimi, gənclər əksər hallarda 4 il bakalavr təhsili aldıqdan sonra əmək bazarına müstəqil addım atırlar. “Technest” Təqaüd proqramının birinci özəlliyi odur ki, 6-12 ay müddətində sürətli tədris proqramı vasitəsilə mütəxəssislər hazırlayır və əmək bazarına yönəldir. İkinci mühüm cəhəti “Technest”in əhalinin bütün təbəqələri üçün əlçatan və ödənişsiz olmasıdır. İKT ilə maraqlananlar, rəqəmsal dünyanın peşələrinə yiyələnmək istəyən, yeni ixtisas axtarışında olan və dərslərə intizamlı qaydada qoşulan hər kəs bu proqramdan yararlana bilər. “Technest”in üçüncü özəlliyi isə təqaüdçülərinin əmək bazarında özünə yer tapmasına, yəni işlə təmin olunmasına dəstək göstərməsidir. Biz məzunlarımızın məlumat bazasını müvafiq tərəfdaşlarla bölüşərək onların işçi tələbatının ödənməsinə yardım göstəririk.

Baxmayaraq ki, cari tədris proqramı 2022-ci ilin sonunda yekunlaşacaq, artıq 50-dək tələbəmiz işlə təmin olunub. Onları işə götürən qurumlardan misal olaraq Azərkosmos və “Bakı Metropoliteni” QSC kimi müəssisələrin adlarını çəkə bilərəm. Bu, qısa müddət üçün çox yaxşı nəticədir. Bundan əlavə, bəzi tələbələrimiz müxtəlif şirkətlərdə Təcrübə proqramına cəlb olunublar. Bu da onların gələcəkdə işlə təmin olunmalarına daha bir addım yaxınlaşmaları deməkdir.

Nəhayət, “Technest” təqaüdçülərin yaxın gələcəkdə startapçı kimi yetişməsində əvəzsiz rol oynayacaq.

– Rəşad müəllim, maraqlı bir məsələyə – startapçıların hazırlanmasına toxundunuz. Proqram təqaüdçülərinə startap qurmaqda konkret necə kömək göstərilir?

– Bildiyiniz kimi, innovasiya ekosisteminin əsas oyunçularından biri məhz startaplardır. Startap dedikdə istənilən sahədə işlərin optimallaşdırılması və problemlərin aradan qaldırılmasında innovativ həll yolları təklif edən yenilikçilər yada düşür. İdeyadan məhsula gedən yolda isə startaplara bir neçə istiqamətdə dəstək göstərmək mümkündür. Belə ki, ideya mərhələsində olan startaplara ideya marafonu, mentorluq, daha sonra inkubasiya və akselerasiya sahəsində dəstək göstəriləcək. Məhz o startaplar uğur qazanır ki, onların kommersiyalaşdırıla bilən layihəsi var. İnvestorları cəlb etmək üçün startap təcrübəli və yaradıcı komandaya, o cümlədən insanların aktual problemlərini aradan qaldıran həllə malik olmalıdır.

Bu baxımdan “Technest” çərçivəsində olduqca məhsuldar mühit formalaşıb. Məsələn, “full-stack python” və ya müxtəlif proqramlaşdırma dilləri sahəsində təhsil alan təqaüdçülər bir araya gəlməklə öz komandalarını formalaşdıra bilərlər. Startap komandasının qurulmasında önəmli rol oynayan mütəxəssislər elə “Technest” çətiri altında asanlıqla əməkdaşlıq edə bilərlər.

Yeri gəlmişkən vurğulayım ki, nazirliyin “Code and More” Təhsil layihəsinin tələbələri “AzInTelecom” MMC-nin dəstəyi ilə sahibsiz heyvanlara yardım edilməsini nəzərdə tutan “Animax” adlı layihə hazırlayıblar. Layihə mobil tətbiq və xüsusi yem qablarından ibarətdir. Mobil tətbiq vasitəsilə yem qurğusunun yerini xəritədə asanlıqla seçib sifariş etmək və heyvaları qida ilə təmin etmək olar. Layihənin məqsədi həm küçə heyvanlarına diqqətin artırılması, həm də heyvansevərlərin işinin asanlaşdırılmasıdır. Bu, “Technest” təqaüdçülərinin timsalında qısa müddətdə ərsəyə gəlmiş bir layihədir. Biz tələbələrimizin yaradıcılığından məmnunuq və onlardan il boyu yeni təşəbbüslər gözləyirik.

– Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ABB ilə əməkdaşlığı getdikcə genişləndirir. Ümumilikdə, bu əməkdaşlığın Azərbaycanın təhsil sisteminə nə kimi müsbət təsirləri olacaq?

– Bəli, nazirlik olaraq 2022-ci ilin əvvəlində ABB ilə birgə layihəyə start verdik. Məqsəd ölkəmizdə insan kapitalının inkişafına dəstək göstərməkdir. Yeri gəlmişkən vurğulayım ki, biz bu istiqamətdə bütün qurumlarla əməkdaşlıq etməyə hazırıq. Birgə layihə çərçivəsində “ABB Tech” Akademiyasında peşəkar İKT mütəxəssisləri hazırlanır. Ali təhsil müəssisələrinin tələbə və məzunlarına proqramlaşdırma, proqram təminatı, dizayn və s. sahələrdə bilik və bacarıqlara yiyələnmək üçün şərait yaradılır. Bu əməkdaşlıq çərçivəsində 2022-ci ildə müvafiq istiqamətlər üzrə 250 məzunun hazırlanması nəzərdə tutulur. Bununla yanaşı, birgə təşkilatçılıq əsasında tələbələr üçün ideya marafonu, hakatonlar, inkubasiya və akselerasiya proqramları təşkil olunacaq. Bu layihələr yeni startapların yaranmasına və təkmilləşdirilməsinə olduqca müsbət təsir göstərəcək.

Nazirlik “Technest” Təhsil proqramını davamlı olaraq hər il dəstəkləyəcəkmi?

– Nazirlik “Technest” Təhsil proqramının uzun illər davam etməsini və daha geniş coğrafiyanı əhatə etməsini planlaşdırır. Bu baxımdan məzunlarımızın əmək bazarında rəqabətədavamlı olması bizim üçün vacib göstəricidir. Proqramın nəticələrindən asılı olaraq yeni layihələrin həyata keçirilməsi gündəmə gələ bilər. Hədəfimiz “neft kapitalının insan kapitalına çevrilməsi”ndə zamanın nəbzini tutaraq rəqəmsallaşan Azərbaycan üçün peşəkar işçi qüvvəsinin hazırlanmasına töhfə verməkdir. İnanıram ki, “Technest” milli brendə çevrilərək bu istiqamətdə öz missiyasını layiqincə yerinə yetirəcək və Azərbaycan yüksək səviyyəli İKT mütəxəssisləri hazırlayan regional mərkəzlərdən birinə çevriləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə