Təhsil məqsədləri üçün sosial şəbəkə sentyabrda istifadəyə veriləcək

16-07-2015 / 14:43

Məlum olduğu kimi, Təhsil Nazirliyi elektron resursları bir mənbədə yerləşdirmək üçün www.e-resurs.edu.az portalı yaradıb. Portal vasitəsilə hər bir istifadəçi elektron dərsliklərə, video dərslərə, müsabiqələrə, elektron tapşırıqlara, elektron testlərə, intellektual oyunlara və digər bu kimi təhsil resurslarına çıxış əldə edə bilər.

Xeberler.az olaraq portaldakı yeniliklərlə bağlı Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin baş məsləhətçisi Tofiq Sadıxov ilə söhbətləşdik.

Onunla müsahibəni təqdim edirik:

-Tofiq müəllim, öncə ondan başlayaq ki,  www.e-resurs.edu.az portalında hazırda hansı elektron dərsliklər yer alıb?  Bu il daha hansı dərsliklərin elektron versiyasının hazırlanması nəzərdə tutulub?

-Hazırda portalda Azərbaycan və rus dilləri üzrə dərsliklərin elektron versiyaları yerləşdirilir. Bugünədək I , II, III, IV, VI, VII, VII siniflərə aid olan 66 ədəd dərsliyin elektron versiyaları hazırlanaraq portalda yerləşdirilib. Bu ilin sonuna qədər VIII sinfin dərsliklərinin də elektron versiyalarının portala yerləşdirilməsi nəzərdə tutulub. Portaldakı dərsliklərin sayı getdikcə artır və bu proses növbəti ildə də davam edəcəkdir.

-Elektron dərsliklərin kağız dərsliklərdən üstünlükləri nələrdir? Şagirdlər necə istifadə edirlər bu resurslardan ?

-Şagirdlər elektron dərsliklərdən iki formada istifadə edə bilir: həm onlayn, həm də oflayn. Şagird dərsliyi kompüteri ilə yanaşı planşetinə də yükləyə bilər. Şagird elektron kitab üzərində qeydlərini apara və ya dərsin hansısa bir hissəsini qeyd edə bilər. Bu da dərsi mənimsəmək baxımından faydalıdır. Onu da qeyd edim ki, portala daxil olmaq üçün hər bir istifadəçi əvvəlcə qeydiyyatdan keçməlidir. Qeydiyyat ödənişsizdir və çox az vaxt aparır. Digər tərəfdən, portalda qeydiyyatdan keçən hər bir istifadəçinin kitabın səhifəsində etdiyi qeydlər yaddaşda saxlanılır və istifadəçi öz istifadəçi adı ilə sistemə daxil olduqda yenidən öz qeydlərini görə bilir. Bu da istifadəçiyə elektron portalda olan kitablardan öz rəfindəki kitablar kimi istifadəsinə imkan yaradır. Elektron dərsliklər kağız dərsliklərdən fərqli olaraq çox az yer tutur və şagirdi dərsə ağır çanta daşımaqdan xilas edir.

-Bütün dərsliklərin elektron qaydada portala yerləşdirilməsi nə vaxta nəzərdə tutulub?

-Biz bunu tez bir zamanda bitirməyi planlaşdırırıq. Dərsliklərin tam olaraq yerləşdirilməsi növbəti ilin sonuna nəzərdə tutulub. Hazırda portalda olan dərsliklər milli kurrikuluma uyğun hazırlanmış elektron dərsliklərdir. Bu ilin sonuna kimi VIII sinfin dərsliklərinin elektron versiyaları portala yerləşdiriləcək. Növbəti ildə isə V, X və XI siniflərin dərsliklərinin elektron versiyaları hazırlanıb portalda yerləşdirilməsi nəzərdə tutulub.

-Portaldakı e-testlər bölməsi də var. Burada hansı yeniliklər var, testlərin sayı artırılacaqmı?

-E-testlər bölməsində hazırda şagirdlər Azərbaycan dili və riyaziyyat fənnindən elektron  testləri yerinə yetirə bilirlər. Şagird qeydiyyatdan keçərək öz şəxsi profilini yaradır və testləri edir. Şəxsi profili olan şagird hər dəfə test sualını düzgün cavablandıranda xal qazanır və xallara uyğun reytinq yığır. Reytinq bölməsində hər bir şagirdin topladığı bal əks olunur. Testlər IV -  IX sinif materiallarını əhatə edir  və hazırda portalda  30 min test var. Hazırda kimya və fizika fənnləri üzrə elektron testlər hazırlanır və  senytabr ayına qədər portala yerləşdirilməsi planlaşdırılır. Növbəti illərdə isə digər fənnlərin də test suallarının hazırlanaraq portala inteqrasiyası nəzərdə tutulub.

-E-resurs.edu.az portalındakı yeni dərsliklərlə bağlı istifadəçiləri necə məlumatlandırırsınız? Bu günə kimi portalda ən çox istifadə olunan e-dərsliklərin adlarını açıqlaya bilərsinizmi?

-Öncə onu qeyd edim ki, E-resurs.edu.az portalının rəsmi Facebook səhifəsi də var. Səhifənin 14 minə yaxın izləyicisi var və portala yerləşdirilən yeni kitablarla bağlı məlumatlar daimi olaraq həmin səhifədə yerləşdirilir. Portala ay ərzində 8-10 min nəfər istifadəçi daxil olur. E-dərsliklər bölməsində 25 mindən çox istifadəçi qeydiyyatdan keçib. 10-15 min nəfər isə davamlı şəkildə e-dərsliklərdən istifadə edir. Ən çox yüklənən e-dərsliklər isə 6-cı sinif üzrə Azərbaycan dili və Riyaziyyat fənninin dərslikləridir.

-Portaldakı video-dərslər bölməsində nələr nəzərdə tutulub?

-Bu bölmənin üstün cəhəti odur ki, şagird portala daxil olmaqla video-dərslərdə iştirak edə bilər. 11 fənn üzrə müxtəlif mövzularla bağlı video-dərslər hazırlanıb və portala yerləşdirilib. Video-dərslər 15-20 dəqiqə davam edir. Burada şagirdlər eləcə də onların valideynləri Azərbaycan dili, Riyazıyyat, Fizika, Kimya, Həyat Bilgisi, İngilis dili və digər fənlər üzrə dərslərin elektron izahını görə bilərlər. Növbəti illərdə video dərslərin sayının artırılması nəzərdə tutulub. Hazırda portalda müxtəlif fənlər üzrə 120 videodərs yerləşdirilib.

-Növbəti tədris ilində portalda hansı yeniliklər olacaq?

-E-təlim və  e-sinif resursları hazırda aktiv deyil və növbəti tədris ilindən istifadəyə veriləcək. Hazırda bu bölmələr üzərində iş aparılır. E-təlim bölməsində direktor və müəllimlər üçün təlimlər nəzərdə tutulub. Təlimlər video-dərslər şəklində olacaq. Məktəb idarəetməsində direktor və məktəbin administrativ heyəti üçün nəzərdə tutulan bütün təlimlər portalda yerləşdiriləcək. Hazırda e-təlim bölməsi test mərhələsindədir və sentyabr ayında təqdimatı nəzərdə tutulub. Onu da qeyd edim ki, e-təlimdən hər bir müəllim ödənişsiz şəkildə istifadə edə bilər.

-E-sinif resursunun daha geniş imkanlara malik olacağı bildirilirdi ? Hazırda bu istiqamətdə işlər nə yerdədir ? 

E-sinif şagird və müəllimlər üçün bir növ sosial şəbəkə olacaq. E-sinif layihəsi artıq hazırlanıb və sentyabr ayından tətbiq olunacaq. Hər bir şagird və müəllim portalda e-sinif bölməsinə daxil olaraq özünə şəxsi profil açmaqla oxuduğu və ya işlədiyi təhsil müəssisəsini qeyd edə biləcək. Daha sonra müəllimlər fənn və mövzular üzrə qruplar yarada, ora şagirdləri əlavə edə, onlara tapşırıq verib qiymətləndirə və hətta real vaxt rejimində onlayn test imtahanı da təşkil edə bilər. E-sinifin üstünlükləri ondadır ki, müəllim testləri öz şagirdləri ilə paylaşa, hansısa mövzuları anlada və ya imtahan təşkil edə bilər.  E-sinif müəllim, şagird və valideynlərin sırf təhsil məqsədi ilə istifadə edə biləcəyi sosial şəbəkə olacaqdır. E-sinif layihəsinin imkanları bununla məhdudlaşmır. Müəllim həmçinin öz dərslərini müxtəlif formatlarda portala yerləşdirə bilər. Bütün bu yeniliklər sınaq mərhləsindədir və sentyabr ayında tam işlək şəkildə ictimaiyyətə təqdim olunacaq.

Portaldakı e-olimp resursu hazırda fəaliyyət göstərmir, ancaq tezliklə aktiv şəkildə fəaliyyətə başlayacaq və bilik olimpiadaları ilə bağlı materiallar bu bölmədə yer alacaqdır.

 

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə