“WhatsApp” üzərindən müəllim və tələbələrə “fişinq” hücumlar edilir

16-11-2020 / 17:32

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti “WhatsApp” üzərindən həyata keçirilən daha bir “fişinq” kampaniyasını qeydə alıb. Kiberdələduzlar tərəfindən həyata keçirilən növbəti “fişinq” kampaniyasının hədəfi müəllim və tələbələrdir. Belə ki, “WhatsApp” üzərindən “Pulsuz laptop dəstəyi 2020” başlığı ilə göndərilən “spam” mesajlarda guya kompüter şirkətləri tərəfindən müəllim və tələbələrə pulsuz noutbukların təqdim edildiyi bildirilir.

Pulsuz noutbuk əldə etmək üçün istifadəçidən keçidə daxil olaraq ad, soyad və mobil nömrəsini daxil etməklə noutbuk markasını seçməsi istənilir.

Növbəti mərhələdə isə istifadəçidən bu mesajı nömrə siyahısında olan 20 “WhatsApp” istifadəçisinə və ya 5 qrupa göndərməsi tələb olunur.

Son mərhələdə istifadəçidən tətbiqi yükləməsi və 24 saat ərzində adminin cavabını gözləməsi istənilir.

Kiberdələduzların məqsədi saxta reklam baxışları toplamaqla “asan” yolla gəlir əldə etmək, istifadəçiləri üçüncü tərəf tətbiqləri yükləməyə vadar etmək və fərdi məlumatları ələ keçirməkdir.

Bu cür kiberhücumlardan qorunmanın ilk üsulu alınan hər mesaja şübhə ilə yanaşmaq, cəlbedici vədlərə aldanaraq ani hərəkət etməmək və məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən istifadə etməklə yoxlamaqdır.

Bu cür mesajlar alan istifadəçilərdən xahiş olunur ki, onlara cavab verməsinlər, digər şəxslərlə paylaşmasınlar və Report spam (Şikayət et)seçimini etməklə mesajı spam olaraq şikayət etsinlər.

Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron
Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə