“Qadın bir əli ilə yemək bişirib, o biri əli ilə kod yaza bilər”

06-01-2016 / 11:58

“Xeberler.az “İKT Qadınlar” rubrikası çərçivəsində Mars Tech şirkətində çalışan, Tech-tech xanım layihəsinin üzvü, “Femmes Digitales - Azərbaycan qadınları İKT-də” klubunun üzvü Günay Kazımzadə ilə müsahibəni təqdim edir:

- Günay xanım, necə oldu ki, İKT sahəsinə marağınız yarandı? Adətən kişilər bu sahəyə maraq göstərirlər.

- Uşaqlıqdan fizika, riyaziyyat, şahmatla maraqlanırdım. Olimpiadalarda iştirak edirdim. Respublika çempionatında şahmat üzrə 2 - ci yeri tutmuşam. Adətən qadınlar humanitara meyilli olur. Ancaq mənim elə uşaqlıqdan texniki sahəyə marağım daha çox idi. Valideynlərim də həmişə seçimimə hörmət edib. Yəni, valideynlərimdən mütləq həkim olmalısan, müəllim olmalısan sözləri eşitməmişəm. 2008-ci ildə Moskva Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsinə qəbul oldum. Universitetdə Tətbiqi Riyaziyyat, həm Proqramlaşdırma, həm kompüter elmləri və bütün bu ixtisaslar üzrə dərslər keçirilirdi. Və beləliklə İT sahəsi ilə tanışlığım başladı.

-İKT sahəsində ilk iş yeriniz və vəzifəniz nə olub?

-İlk iş yerim Almaniyada olub. 2011-ci ildə düşündüm ki, necə edim ki, İT sahəsinə gəlim.  Azercell-in təqaüd proqramını qazandım. Və sonra bir təcrübə proqramında iştirak etmək təklif  olundu.  Təcrübə proqramı "software development" proqramlaşdırma üzrə idi. Mənim də yeni başladığım üçün elə bir təcrübəm yox idi. Proqramlaşdırma ilə əsasən oğlanlar məşğul olurdu və  mən də bu sahəyə qıraqdan baxıb, maraqlanırdım. Bu təcrübə proqramında iştirak etmək üçün risk etməyə dəyər deyə düşündüm. Müraciət edənlərin sayı çox idi. İngilis dili biliyim yaxşı olduğu üçün mən də seçildim. 2 ay müddətində Berlində layihəni tamamlamalı idim. Mənim üçün çox çətin oldu. Qarşıma məqsəd qoydum ki, ya etməliyəm, ya da etməliyəm. Layihəni uğurla tamamladım. Qayıdandan sonra fikirləşdim ki, bunu edə bildimsə, deməli edə bilməyəcəyim heç nə yoxdur. Və qarşıma məqsəd qoydum ki, mütləq Almaniyaya qayıdıb təhsilimi davam etdirəcəm. Dövlət təqaüdünü qazandım. 2 il yarım Almaniyanın Bonn şəhərində magistr təhsili aldım. Alman dilini öyrəndim, baxmayaraq təhsilim ingilis dilində idi. 

Azərbaycanda İT üzrə ilk iş yerim isə Mars Tech şirkətidir. Şirkət keçən ilin oktyabrında yaranıb, startap şirkətidir. Şirkət İT xidmətlər təklif edir. Burada baş texnologiyalar üzrə mütəxəssis kimi işə başladım. Sonra vendorlarla işləməyə başladım. Hazırda isə texniki həllər üzrə mütəxəssis kimi çalışıram.  

 

- Karyeranızın ilk illərində hansı çətinliklərlə qarşılaşırdınız?

-Almaniyada təhsilimi başa vurub Azərbaycana qayıdanda yerli şirkətlərin bəzisinə iş üçün müraciət etdim. Düzdür, orada gördüyüm iş mühiti ilə bura arasında yerlə göy qədər fərq var. Həm iş rejimi baxımından, həm işə münasibət, qayda - qanun cəhətdən.  Baxmayaraq ki, Azərbaycanda doğulmuşam, məktəbi, universiteti burada bitirmişəm ancaq özümü bir dünyadan başqa dünyaya gəlmiş kimi hiss edirdim. Ölkələr arasındakı fərq iş həyatımın ilk illərində adaptasiya prosesini çətinləşdirirdi.

-Xaricdə təhsil almaq həyatınızda nəyi dəyişdi?

- Almaniya texnologiyanın mərkəzidir. Nəhəng şirkətlər fəaliyyət göstərir. Orada olduğum müddətdə düşündüm ki, bundan faydalanmaq lazımdır. Microsoft, DHL, və digər tanınmış şirkətlərə sənədlərimi göndərdim. Həmin dövrdə də magistr  üçün buraxılış işimi yazmaq istəyirdim. Nəhayət, DHL-ə qəbul oldum. 9 ay orada master tezisimi yazdım. Mövzum biznes və texniki modelləşdirmə üzrə idi. Biznes modellərin texniki modellərə transformasiyası idi. Əlbəttə, hamının bir arzusu var. Mənim karyeramda ən böyük arzum Google-da işləməkdir. Xaricdə təhsil almaq mənim karyeram üçün çox faydalı başlanğıc oldu. 

-İşinizdən əlavə hansı maraqlarınız var?

-Almaniyadan qayıdandan sonra beynimdə ancaq bir fikir dolanırdı ki, azərbaycanlı xanımlara İT-i sevdirəcəm.  Məktəbli olanda riyaziyyat, şahmat olimpiadalarına gedəndə sinif otağına daxil olurdum ki, hamısı oğlandı. Böyüdükdən sonra proqramlaşdırma üzrə yarışlara gedirdim yenə eyni vəziyyət. Bu balanssızlıq məni narahat edirdi. Cəmiyyətimizdə də qadınlar texniki sahədə uğurlu ola bilməz və s. kimi stereotiplər var. Həmişə də bir söz eşidirəm ətrafımdan "özünü niyə öldürürsən, onsuz da yemək bişirəcəksən". İnsanlar başa düşməlidir ki, qadın bir əli ilə yemək bişirib, o biri əli ilə kod yaza bilər. Yemək bişirən kod yaza bilməz kimi bir anlayış yoxdur. Azərbaycana qayıdandan sonra məndə  durğunluq dövrü idi. Yeni nələrsə etmək istəyirdim. Wowoman layihəsinin rəhbəri Zara Apetrei ilə biz 2010-cu ildən tanışıq. Wowoman -ın tərkibində qadınlarda İKT-ə marağı artırmaq üçün bir layihə təşkil etmək istədiyini söylədi. Mənim tam olaraq etmək istədiyim də bu idi. Mart ayından Tech-tech xanım layihəsinin reallaşması üçün işlərə başladıq. Workshop-lar təşkil etdik. Mobil tətbiqlərin yazılması, baza məlumatları üzrə treninqlər təşkil edildi. Daha sonra İT-nin təməl bilikləri ilə bağlı intensiv dərslərinə başladıq. 2 ay müddətində 4 müəllim müxtəlif istiqamətlərdə xanımlarımıza treninq keçdi. Sonda xanımlara Microsoft sertifikasiyaya pulsuz keçmək imkanı verildi. Gələcəkdə Tech-tech xanım layihəsini daha geniş şəkildə onlayn platformada davam etdirmək istəyirik. Universitetlərlə, müxtəlif İT şirkətlərlə əlaqə yaradırıq. Məqsədimiz xanımları dövrün tələblərinə uyğun formada cəmiyyətə uyğunlaşdırmaqdır. Texnikadan, texnologiyadan uzaq olub bunu etmək çox çətindir. Bunu bildiyimiz üçün xanımlarımıza kömək edirik. Qadınlar İT-də olmalıdır, ən az oğlanlar qədər, gələcəkdə isə daha çox…

-İki il yarım Almaniyada yaşadınız. Müqayisə edəndə, burada ən çox problemlə qarşılaşdığınız məqam nədir? 

- Təkcə karyera baxımından yox, Azərbaycana gələndə bir neçə məqam oldu ki, həqiqətən öyrəşmək çətin idi. Tələbə idim və həftə sonları istirahət etmək istəyirdim. Bir gün İtaliya, bir gün Fransa, Belçika, İsveçrə və s. ölkələrə çox da maddiyyat və viza lazım olmadan rahatlıqla getmişəm. Azərbaycanda isə həftə sonu ancaq Qəbələ, Qubaya getmək mümkündür. Azərbaycandan dünyaya çıxış həm çoxlu maddiyyat, həm də vaxt tələb edir. Bonn şəhərindən Romaya getmək bir neçə saatınızı alar. Bakıdan Romaya getmək isə bir gününüzü aparır. Çox səyahəti sevən biri kimi hazırda özümü qəfəsdə hiss edirəm. Əslində çox da fərq etməməli idi. Çünki 20 ildi burda yaşamışam. Amma qayda qanun sevən biri kimi Almaniya mənim sevdiyim ölkədir.

- Xaricdə yaşadığınız müddətdə İT mühitdə kişilər yoxsa qadınlar çoxluq təşkil edirdi?

- Əslində bu qlobal problemdir. USA-də, Almaniyada da bu problem var. Xanımların İT sahəsinə marağını artırmaq istəyən xarici təşkilatlar kifayət qədərdir. Google, Microsoft-un tərkibində bununla məşğul olan xüsusi qruplar var. Onlar məktəb, universitetlərdə təhsil alan qızlara treninq keçib daha sonra onları işlə təmin edirlər. Almaniyada, İtaliyada, Brüsseldə bir çox İT tədbirlərdə iştirak etmişəm və gördüyüm mənzərə əvvəlki illərə nisbətən ürəkaçandır. Onlar bu problemin fərqindədirlər və bunu həll etməyə çalışırlar. Məktəblərdə sadəcə İT keçmirlər, dərslərin maksimum səviyyədə İT ilə keçilməsi, İT-nin digər fənlərlə qarşılıqlı əlaqədə keçilməsi məqsəd kimi qarşıya qoyulub. Bu yaxında Google-un educated level 2 sertifikatını aldım. Sertifikatın verilməsində məqsəd Google-un tətbiqləri, servisləri vasitəsilə məktəb, universitetlərdə dərslərin daha interaktiv keçirilməsini təmin etməkdir.

-Ümumiyyətlə İKT-nin inkişafında qadınların rolunu necə dəyərləndirirsiniz?

-Google-un ilk software meneceri qadın olub. Hazırda Yahoo-nun CEO-sudur. Facebook-un operation officer-i qadındır. Bunlar insana stimul verir. Azərbaycanda isə İT sahəsində qadınlarımız inkişaf etməkdədir. Biraz şablon səslənəcək amma həqiqətən elədir, İT elə bir sahədir ki, arxası ilə qaçmasan, geridə qalarsan. İT deyəndə gözləri parlayan xanımlar var. Bu xanımlardan ölkəmizdə daha çox olacaq. 5-10 il sonra xanımlarımız İT sahəsində daha yüksək vəzifələrdə olacaq. Ümid edirəm ki, 5 il sonra Azercell-in, Bakcell-in  CEO-su bir qadın olar.

- Bu sahəyə yeni başlayan, gəlmək istəyənlərə nə məsləhət görərdiniz?

- Hər zaman ayaqları üstə dayansınlar. Heç bir uğursuzluqdan qorxub geriyə çəkilməsinlər. Nə etsələr də,  etməsələr də məsuliyyəti özləri daşısınlar. Bizdə valideynlər bizi çox arxayın böyüdür. Ancaq xaricdə elə deyil. Bonn-da oxuyanda alman qrup yoldaşım yaşamaq üçün ev axtarırdı. Valideynləri başqa şəhərdə yaşayırdı. Ancaq Bonn şəhərində də mənzilləri vardı. Qrup yoldaşım deyəndə ki, mən orda qalmaq üçün validenlərimə pul ödəyirəm. Çox təəcübləndim. Orada 18 yaşdan sonra hər kəsə yetkin, öz ayaqlarının üzərində dayanan, heç kimə ehtiyacı olmayan insan kimi yanaşılır. Gənclərimizə, xüsusilə xanımlara məsləhətim tənbəl olmasınlar.

Yatmaq vaxtını çıxsaq demək olar ki, telefon daim mənimlə olur. İşdən sonra müxtəlif tanınmış universitetlərin onlayn dərslərinə qoşuluram. İnternetdə vaxtımı maksimum səmərəli istifadə etməyə çalışıram.

-İT sahəsində bilik verdiyiniz tələbələriniz varmı?

- Hazırda riyaziyyat üzrə hazırlaşdırdığım tələbələrim var. Gələcəkdə İT sahəsində daha da bilik topladıqdan sonra belə bir arzum var.  İstəyirəm ki, Amerika, Avropada olduğu kimi məktəblərdə, universitetlərdə İT yüksək səviyyədə tədris olunsun.

-İT sahəsinə aid kitabları Azərbaycan dilində tapa bilirsiz?

- Öz təcrübəmdən yola çıxaraq deyim ki, indiyə qədər 1 ədəd də Azərbaycan dilində texniki sahəyə aid kitab oxumamışam. Bunun belə olmasının səbəbi isə tərcüməçilərin ixtisaslaşmamasıdır. Texniki məlumatları tərcümə edən savadlı kadrlar yetişməlidir. Bu problemi bildiyim üçün fikirləşirəm ki, Azərbaycan dilli bloq yaradım. Fikirləşirəm ki, həm texniki, həm sosial yönümlü bloq daha oxunaqlı və faydalı olar.

-İnternetdən ilk dəfə nə vaxt istifadə etmisiniz? İnternetdə çoxmu vaxt keçirirsiniz?

- İlk dəfə 6-cı sinifdə oxuyanda internet vasitəsilə onlayn şahmat oynamışam. Şahmatda o səviyyəyə çatmışdım ki, istəyirdim insanlarla yox özümdən ağıllı bir kompüterlə oynayım. Şahmat  müəllimim evdə kompüter olmadığı üçün o vaxt internet kluba göndərirdi ki, özümü inkişaf etdirim. İlk telefonum isə Siemens olub. İlk noutbukumu 2008-ci ildə universitetə qəbul olanda valideynlərim hədiyyə edib.

-Sosial şəbəkələrdən hansından daha çox istifadə edirsiniz və səbəbi nədir?

-Sosial şəbəkələrdə çalışıram ki, informativ olan məlumatlar paylaşım. Ən çox istifadə etdiyim LinkedIn-dir. Daha professionaldır. Facebook-un daha çox istifadəçisi olduğu üçün tədbirlərimizi paylaşmağa, daha çox kütləyə çatmaq üçün bu alətdən faydalanıram.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə