Yerli məhsul Ağıllı Qolbaq Azərbaycanı dünyaya tanıdacaq- Reportaj

12-02-2016 / 12:30

Məlumat verdiyimiz kimi,  ötən il mayın 15-də  yaradılan NEXT STEP İnnovasiya Mərkəzi Azərbaycanda gənc sahibkarlığın inkişafına dəstək verir.

Belə ki, Mərkəz ölkə vətəndaşlarının innovativ ideya və layihələrini  cəlb edir, dəyərləndirir və bu layihələrin reallaşması üçün dəstək verir.

NEXT STEP İnnovasiya Mərkəzi layihələri mərkəzə cəlb etmək üçün  “Öz İdeyanı Gerçəkləşdir” adı altında müsabiqə keçirir. Müsabiqədə qalib olab startap layihələri Mərkəzin dəstəyini qazanır.

Xəbər verdiyimiz kimi, bu yaxınlarda artıq 2-ci “Öz İdeyanı Gerçəkləşdir”  müsabiqəsi keçirildi və 4 startap layihəsi Mərkəzin təşkil etdiyi imkanlardan faydalanmaq imkanı qazandı.

Xeberler.az olaraq həm Next Step-in son vaxtlarda həyata  keçirdiyi fəaliyyətlər, həm də hazırda Mərkəzdə çalışan startapçılarımızın gördüyü işlərlə daha yaxından maraqlanmaq üçün  Next Step-də olduq. 

Bizi ilk qarşılayan Mərkəzi  direktoru  Kamran İmaməliyev oldu.

Direktor Mərkəzin gördüyü işlər barədə daha ətraflı məlumat verib.

Kamran İmaməliyev deyir ki,  NEXT STEP İnnovasiya Mərkəzi fəaliyyətə başladığı gündən etibarən 2 dəfə layihələrin qəbulu müsabiqəsini həyata keçirib. Sonuncu müsabiqə isə ötən il dekabrın  15 -də  baş tutub. O qeyd edib ki, 2-ci “Öz İdeyanı Gerçəkləşdir!” Layihə Müsabiqəsinə  2015-in oktyabr ayının 1-dən başlanıb və dekabrın 1-nə qədər layihələrin qəbul prosesi davam edib:

“Ümumilikdə 2-ci müsabiqəyə 70 layihə müraciət edib, onlardan 35-i final mərhələsinə buraxılıb. 15 dekabr tarixində təqdimatı olunan layihələri NEXT STEP İnnovasiya Mərkəzinin təsisçiləri ilə birgə ABŞ Kaliforniya Berkeley Universitetinin professoru Naeem Zafar da dinləyib, dəyərləndirib. Final nəticəsi olaraq 10 layihə seçilib”.

Kamran İmaməliyev qeyd edib ki, NEXT STEP İnnovasiya Mərkəzinin həyata keçirdiyi “Akselerasiya Proqramı”-na qatılmaq üçün seçilən 10 layihə komandası ilə müsahibə olub. Müsahibə nəticəsi olaraq 4 komanda proqrama daxil olub.

Bunlar, WibeMe, USTAM, SmartWristlet və FoodLook layihələridir.

NEXT STEP İnnovasiya Mərkəzinin 2016-ci ilin əvvəlindən  gördüyü və görəcəyi işlərlə bağlı mərkəzin meneceri Tünzalə Şərəyeva  ətraflı məlumat verib.  

Tünzalə Şərəyeva deyir ki, ölkəmizdə ilk dəfə “Peşəkar Elektronika Təlimləri”-ni həyata keçirmək üçün müsabiqə elan edilib,  müraciət edən şəxslər müsahibə ilə təlimlərdə iştirak etmək hüququ qazanacaq.  Belə ki, proqrama əsasən təlimlər 15 fevraldan etibarən başlayacaq:

“Təlimlər nəzəriyyə və təcrübə əsasında olacaq. Təcrübi işlər üçün mərkəz lazım olan bütün avadanlıqlarla işlər görüləcək laboratoriyanı təchiz edib. Təlimlər peşəkar elektronika mühəndisi Ayaz Məmmədli tərəfindən həyata keçiriləcək”.

Xatırladaq ki, Ayaz Məmmədli eyni zamanda beynəlxalq patent sahibi olan bir şəxsdir və bu zamana kimi müxtəlif ölkələrdə bu sahə üzrə peşəkar fəaliyyətləri olub.

Tünzalə Şərəyeva  2016-cı il üçün keçiriləcək layihələrin qəbulu haqqında da qısa məlumat verib.

Menecer qeyd edir ki,  plana əsasən yarışma fevral ayının ortalarından etibarən  başlayacaq.

Onun sözlərinə görə, ilkin seçimlər olduqdan sonra, yaz aylarında ABŞ-dan dəvət olunacaq ekspertlər tərəfindən layihə təqdimatları dinləniləcək. Seçilən layihələr cari vəziyyətlərinə uyğun olaraq inkubasiya və ya akselerasiya proqramlarına daxil ediləcək:

“Hər iki proqram 3 aylıq olacaq.  3-cü baş tutacaq müsabiqədə NEXT STEP innovasiya mərkəzi olaraq seçilən layihələr üçün bir çox əlavə imkanlar yaratmağı  düşünürük.  Müsabiqəyə qatılıb da seçilməyən layihələr üçün isə NEXT STEP Akademiyasında olacaq təlimlərdə iştirak haqqı və digər imkanların təmin olunmasını planlayırıq. Tezliklə yeni müsabiqə haqqında ətraflı məlumat veriləcək.”.

Daha sonra Mərkəzdəki Startap komandalarının üzərində işlədikləri  layihələrin hansı mərhələdə olmağı ilə bağlı ətraflı söhbət etdik.

Smart Wristlet layihəsi

CEO və təsisçi: Ayaz Məmmədli 

Ayaz Məmmədli Moskova  Texniki Universitetində təhsil alıb. Bir müddət  İsraildə İT üzrə çalışıb.

Həmçinin 18-dən çox ölkədə olub. Hazırda bu ölkələrdə qazandığı təcrübələrdən  istifadə edərək ölkəmizdə sahibkarlıq, İT sektoruna töhfə verməyə çalışır.

Ayaz Məmmədli Next Step-də həm öz layihəsi üzərində çalışır, həm də Mərkəzin elan etdiyi elektronika təlimlərində  mütəxəssis, təlimçidir.

Ayaz Azərbaycanı dünayada tanıdacaq Smart Wristlet layihəsi-ağıllı qolbaq  üzərində çalışır:

“Hazırda Ağıllı Qolbaq üzərində işləyirəm. Layihə “hardware” olduğu üçün  burada laboratoriya şəraiti formalaşdırılıb. Next Step bu cihazı hazırlanmasında üçün bizi dəstəkləyir Azərbaycanda sofwear layihələri çoxdur. Çalışırıq ki, ölkəmizi dünyada tanıdacaq məhsul yaradaq.  Qlobal bazarda, otellərdə olan problemi nəzərə alaraq belə  qolbaq yaratmaq qərarına gəldim.  Belə ki,  hazırda  dünyada böyük otellər  geniş işçi heyətinə nəzarət etməkdə ciddi çətinlik çəkir. Böyük otellərdə işçi heyəti çox olur. 18 ölkədən çox yerdə olmuşam və bu təcrübəni görmüşəm. İşçilər çox olanda onları idarə etmək də qəlizləşir. Onların nə etdiyi barədə  məlumat almaq, işçiləri daimi nəzarətdə saxlamaq otel üçün çətin olur. Düşündüm ki, otellərin məsələ ilə bağlı işini asanlaşdırmaq üçün saat formasında bir cihaz hazırlayım. Bu cihaz otellərin mövcud maddi ehtiyatalarına da qənaət edəcək. 

Qolbaqda naviqasiya sistemi də var. Həmçinin qolbaq qrup şəklində mesajlaşmaq imkanı da təqdim edir.  Otel işçiləri ümumi məsələrlə bağlı bir-biri ilə əlaqə qurub, vaxt təyin edir. Həmin vaxt bütün işçilərin qolbaqlarına bildiriş gedir.  Bu kimi digər fəaliyyətlərdə  qolbaqdan istifadə ediləcək. Bundan başqa, dünyada otellərin qarşılaşdıqları ən böyük problem yük daşıyan arabaların oğurlanmasıdır. Bu arabalar əlvan metaldan olduğu üçün  oğurlanıb satılır. Qolbaq vasitəsi ilə bu problemin də qarşınını almaq mümkündür. Belə ki, otellər yük maşınlarının harada istifadə olunduğuna nəzarət edə biləcək . Cihazımız hazırdır. Hazırda bu cihazı  patentələşdirməyə çalışırıq.  Ağıllı qolbağın artıq  ilk prototiplərini  istehsal üçün  göndərmişik.

 Azərbaycanda zavodda bunu  istehsal etməyə imkan olmadığı üçün məhsulu  xaricə göndərdik. Artıq  San-Fransiskoda 20 otel ilə danışmışıq. Onlar bizdən cihazın işləməsinə dair  təsdiq cavabı  gözləyir. Yaxın günlərdə bu qolbaqlar bazara təqdim ediləcək.  Ağıllı qolbaq sırf Azərbaycan məhsulu kimi - “ Made in Azerbaijan” adı ilə istehsal ediləcək.

 WibeMe layihəsi

CEO və həmtəsisçi:  Həmzə Hüseynli

“WibeMe bir musiqi şəbəkəsidir . Həm sosial şəbəkə, həm də müğənniləri bir araya toplayacaq şəbəkədir. İstifadəçilər platformada musiqiləri daha rahat əldə edə biləcək.  Həmçinin müğənnilər şəbəkəyə qoşulub satış həyata keçirə bilər. Artıq iki xarici musiqi şirkəti ilə müqavilə bağlamışıq. Bu şirkətlər müğənniləri bir yerə toplayıb fərqli-fərqli platformalara çıxarır. Hazırda çalışırıq ki, Azərbaycanda bütün müğənnilərlə  müqavilə imzalayaq. Onlarla danışıqlar davam edir. Artıq bəziləri ilə müqavilə bağlamışıq. 

WibeMe-də dostlarınızla yanaşı, muğənnilərin də  paylaşımlarını görə bilirsiniz.  Əslində platrformada Messenger xidmətini də istifadəyə verməyə hazırlaşırıq. 

Platformada 3 istifadə üsulu var. WibeMe həm də ödənişli olacaq. Müğənnilərin də öz hesabı  olacaq. Hazırda onlar hələ bunu təsdiq etməyib. Onlar bunu təsdiq etdikdən sonra istifadəçilər qeydiyyatdan keçib  premium əldə edəcək. Bununla da onlar bütün mahnılardan, xidmətlərdən pulsuz istifadə edə biləcək.

Bütün platfomalarda bu xidməti təqdim etməyə hazırlaşırıq. Hələlik Web tərəfini hazırlayırıq. Xidməti APİ-lərlə  təqdim  edirik.

Next Step bizə ofis və maddi dəstək olur. Next Step-in verdiyi dəstək ilə daha çox müğənni ilə əlaqə yaratdıq. Hazırda komandamızda 8 nəfər çalışır”.

FoodLook layihəsi 

CEO və təsisçi:  Fərid Şükürov

 “FoodLook layihəsi inqridientlər üzrə yeməklərin axtarışı imkanını verir.  Layihəni yaratmaqda məqsədimiz restoranların təklif etdikləri yeməkləri bir platformada toplamaqdır. Yəni, restoran yox, yeməklər üzrə məlumat bazası yaratdıq. Bakıda olan bir çox restoranın menyusunu tətbiqə yerləşdirdik. Layihə ona görə fərqlənir ki, buradakı məlumatları özümüz tətbiqə yerləşdiririk. Yəni, bu məlumatlar PDF formatda deyil. Restoranlarla görüşürük, onların menyularını alırıq və həmin yeməkləri tərkibləri ilə birlikdə işçilərimiz bazaya yerləşdirir.

Artıq FoodLook-un Android  tətbiqi istifadəyə verilib. iOS üçün də hazırlıqlar gedir. Martın ortalarında FoodLook iOS istifadəçilərinə təqdim ediləcək.

Tətbiq 2 dildədir –Azərbaycan və rus dili.Yaxın zamanlarda ingilis dili də əlavə edəcəyik.

Tətbiqdə 3 növ axtarış etmək olur- yeməklər, restoranlar, kateqoriyalar.

FoodLook bir növ Instagram-a oxşayır. Platformada yeməklərin hamısı şəkillərlə yerləşdirilib.

Tətbiqdə yeməklərin üstünə klik edib “Sevimli” kimi işarələmək olur. “Share” (paylaş) etmək olur. Həmçinin tətbiqdən restoranın səhifəsinə  keçid imkanı da qoyulub.

Yeməyin adında olan sözlər və qiymətlər üzrə axtarış etmək olur. Yəni, platforma sırf  informasiya vermək funkiyası daşıyır.

Hələlik yalnız Bakıdakı restoran və otellərin restoranlarını daxil etmişik. Gələcəkdə bölgələr üzrə də xidmət göstərməyi düşünürük.

Restoranın təklif etdiyi yeməkləri tətbiqə yerləşdirmək üçün  gedib onlarla  tək-tək danışırıq.  Artıq 100-dən artıq restoranla danışmışıq.  Demək olar ki, hamısı qəbul edib.  Tətbiqdə restoranların nömrəsi və harada yerləşməsi də Googlemap xəritəsi ilə  göstərilir.

Bunlarla yanaşı, FoodLook tətbiqindən istifadə edib, platformada olan restoranlara gedənlər üçün müxtəlif növ endirim, bonuslar da nəzərdə tutmuşuq.

Belə ki, restoranlara  FoodLook tətbiqi ilə gedənlərə  15-20  faiz endirim  veriləcək. Həmçinin, istifadəçilər hər ay müəyyən məbləğdə pul ödəyərək həmin restoranlardan endirim qazanacaq. Məsələn, vətəndaş bir ay 10 AZN  ödəyəcək. Sonra restoranda olan 5 yemək onlara 30 faiz endirim ediləcək.

Biz qlobal bazarı da araşdırmışıq. Bu layihəyə tam bənzər bir platforma yoxdur. 

FoodLook komandası  8 nəfərdən ibarətdir. 5  nəfər daimi  Next Step-də çalışır. İki nəfər mobil app yazan üzvümüz var. Next Step-in göstərdiyi maddi dəstək ilə iOS tətbiqini hazırlayan developer-lərə ödəniş edirik”.

 USTAM layihəsi

CEO və təsisçi: Murad Həsənzadə

“ Ustam layihəsinin hazırlıqlarına iyun ayının 10-dan etibarən başladıq. Layihənin komandasını formalaşdırdıq. Ustam-da hazırda 4 nəfər fəaliyyət göstərir. Layihənin dizaynı, saytı və serveri öz komandamız tərəfindən hazırlanıb. Ustam İKT avadanlıqları və digər məişət texnologiyalarının təmirini sürətli və sərfəli həyata keçirəcək. İstifadədən çıxmış əşyalar Ustam-ın operativ ustaları tərəfindən təmir ediləcək.

Xidmət həftənin bütün günləri, 24 saat fəaliyyət göstərəcək. Məqsədimiz, evdə yaxşı usta olub, amma özünü başqa yerdə göstərə bilməyən ustaları üzə çıxarmaqdır. Məlumdur ki, keyfiyyətli  xidmət göstərən tanınmış ustaların işləri çox olur, onların əksər vaxt işə ehtiyacı olmur. Bəzən onların köməyinə ehtiyac olanda günlərlə gözləməli  olursan. Bütün bunları nəzərə alaraq  ustaları bir yerdə toplamaq qərarına gəldik. Ustam-ın tərkibində ikinci proqram “Ustam Partner”-i tətbiq etməyi düşünürük.

 Belə ki, proqramda işə ehtiyacı olan və bu sahədə bacarığı olan ustalar  qeydiyyatdan keçəcəklər. Onlar özləri haqda informasiyaları sistemə daxil edəcəklər. Onlara uyğun münasib yerlər olan halda ustalara  uniformalar veriləcək və onlar təmirə ehtiyac olan yerlərə göndəriləcək. Bəzi təmir növlərinə 2 həftəyə qədər zəmanət veriləcək . “Ustam”-ın Məlumat mərkəzi də fəaliyyət göstərəcək.(+994 12 4330862, +994 12 4330863 ).Onlayn sifarişlər  və digər müraciətlər bu Mərkəzdə qəbul ediləcək. Hazırda, layihəni inkişaf etdiririk. Artıq Ustam-ın Android tətbiqi istifadəyə verilib. Yaxın zamanda isə iOS tətbiqini istifadəyə verməyi düşünürük”.

 

 

Məltəm Talıbzadə

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə