Məlumat verdiyimiz kimi, gənclərimiz yeni startap – Ustam layihəsi yaradıblar.
Ustam tətbiqetmə və ya zənglə ustaların verilən ünvana göndərilməsi və təmirə ehtiyacı olan əşyanın qısa müddətdə və sürətli təmirini təşkil edir.
Hazırda layihənin hazırlıqları davam edir.
Xeberler.az olaraq layihənin hazırlıq mərhələsi, ümumiyyətlə, iş prinsipi ilə maraqlanmaq üçün Ustam-ın yerləşdiyi ofisdə olduq. Layihənin rəhbəri Murad Həsənzadə ilə söhbət etdik.
Murad Həsənzadə əvvəlcə Ustam ideyasının yaranmasından danışıb.
O, Xeberler.az-a bildirib ki, qlobal bazarda Ustam layihəsinə bənzər başqa bir proqram olub. Lakin Ustam layihəsi həmin proqramın tam təkmilləşdirilmiş formasıdır.
Öyrənirik ki, layihə sentyabrın 1-dən fəaliyyətə başlayacaq. Layihə üzərində iki aydan çoxdur ki, hazırlıqlar davam edir:
“ Ustam layihəsinin hazırlıqlarına iyunun 10-dan başladıq. Layihənin komandasını formalaşdırdıq. Ustam-da hazırda 4 nəfər fəaliyyət göstəririk. Layihənin dizaynı, saytı, serveri öz komandamız tərəfindən hazırlandı”.
Murad Həsənzadə deyir ki, Ustam İKT avadanlıqları və digər məişət texnologiyalarının təmirini sürətli və sərfəli həyata keçirəcək. İstifadədən çıxmış əşyalar Ustam-ın operativ ustaları tərəfindən təmir ediləcək. Xidmət həftənin bütün günləri, 24 saat fəaliyyət göstərəcək.
Murad Həsənzadədən öyrənirik ki, artıq Ustam heyətinin uniformaları, xidməti maşınları hazırdır. Belə ki, bir avtomobil və bir motosiklet servis fəaliyyəti göstərəcək.
Layihə rəhbəri məlumat verir ki, evlərə göndərilən ustalar üçün ilk başdan onlayn ödəniş alınmayacaq:
“Məlumatların və sifarişin düzgün yoxlanılması üçün maraqlı bir məqama diqqət etdik. Belə ki, əgər usta evə getsə və görsə ki, evin elektrik lampası yararsız hala düşüb, yalnız lampanı dəyişməklə təmir etmək olmaz. Bunun üçün bütün elektrik xətti yenilənməlidir. Bu zaman xidmətə uyğun müştəriyə qiymət deyəcəyik. Usta xidməti maşınlarda evlərə gedəcək. Həmçinin ustanın meneceri də onun yanında olacaq. Əgər müştəri qiymətdən razı qalmasa, usta geri dönəcək. Bu xidmət üçün isə müştəridən ödəniş alınmayacaq. Biz bu məsələdə müştərimizə inanırıq. Bütün işçilərin uniformaları isə xüsusi seçilib”.
Murad Həsənzadə deyir ki, hazırda Ustam-da 2 kompüter ustası, 3 telefon ustası, santexnik, elektrik və digər məişət avadanlıqları üzrə 5 usta var. Hər bir ustanın isə ən az 6 il təcrübəsi var:
“Layihəyə yeni başladıq deyə ustaları öz ətrafımızdan topladıq. Bu , startapdır. Bəzən bu kimi işə başlayanda işə ürəyini qoymalısan. Ona görə, ətrafımızda olan təcrübəli ustalardan seçim etdik. Seçilmiş ustalara təlimlər keçdik, ingilis dilində elementar danışığı öyrətdik. Ustam-ın ustalarına düzgün danışıq, müştəri ilə davranış etikasını, keyfiyyətli xidmət təşkil etməyi tədris etdik”.
Murad Həsənzadə deyir ki, bu layihə yalnız yerli bazar üçün yox, gələcəkdə qlobal bazarda da fəaliyyət göstərmək üçün düşünülüb.
Layihə rəhbərinin sözlərinə görə, Ustam layihəsi ilə həm də bu sahədə olan işsizliyi azaltmağa çalışacaqlar:
“ Məqsədimiz, evdə yaxşı usta olub, amma özünü başqa yerdə göstərə bilməyən ustaları üzə çıxarmaqdır. Məlumdur ki, keyfiyyətli xidmət göstərən tanınmış ustaların işləri çox olur, onların əksər vaxt işə ehtiyacı olmur. Bəzən onların köməyinə ehtiyac olanda günlərlə gözləməli olursan. Bütün bunları nəzərə alaraq ustaları bir yerdə toplamaq qərarına gəldik. Ustam-ın tərkibində ikinci proqram- Ustam Partner tətbiq etməyi düşünürük. Belə ki, proqramda işə ehtiyacı olan və bu sahədə bacarığı olan ustalar qeydiyyatdan keçəcəklər. Onlar özləri haqda informasiyaları sistemə daxil edəcəklər. Onlara uyğun münasib yerlər olan halda ustalara uniformalar veriləcək və onlar təmirə ehtiyac olan yerə göndəriləcək”.
Murad Həsənzadə maraqlı məqama da toxunub. O, deyir ki, bəzi təmir növlərində 2 həftəyə qədər zəmanət veriləcək .
Ustam-ın Məlumat Mərkəzi də fəaliyyət göstərəcək. (+994 12 433 08 62, +994 12 433 08 63 ) .Onlayn sifarişlər və digər müraciətlər bu Mərkəzdə qəbul ediləcək.
Ustam-ın artıq Apple və Android üçün mobil tətbiqləri də hazırdır.
Murad Həsənzadə işə başlarkən bir çox çətinliklərlə qarşılaşa biləcəklərindən də Xeberler.az-a danışıb:
“Bilirik ki, ilk aydan müştərilərimiz az olacaq. Amma maraqlıdır ki, indidən Ustam-a müraciət edənlər var. Şəhərdə layihəmizin çəkilişini edərkən ətrafdan özümüzə qarşı xüsusi marağı gördük. Hər kəs Ustam-la və proqramın istifadəyə veriləcəyi tarixlə maraqlanırdı. Hətta sistemə iki müraciət olub. Lakin qeyd etdik ki, hələ fəaliyyətə başlamamışıq Hazırda Facebook-da 1500-dən çox insan səhifəmizi bəyənib. Instagram-da izləyicilərimizin sayı durmadan artır”.
Ustam layihəsinin reklam üzü isə tanınmış aktyor, kitab yazıçısı və radio aparıcısı Gülay Hüseynovadır.
Öyrənirik ki, Gülay Hüseynova bundan sonra da Ustam layihəsinin üzü olacaq:
“Gülay Hüseynova gələcəkdə digər çəkilişlərimiz də olacaq və o bizimlə bu sahədə əməkdaşlıq edəcək. Sloqanlarımızı da müştərilərimizi düşünüb etdik. Bizim üçün əsas vacib olan müştəri məmnunluğudur. Ofisimizi də mərkəzdə təşkil etdik ki, təmirə ehtiyac olan evlərə 30-45 dəqiqə ərzində xidmət göstərə bilək”.
Murad Həsənzadə ilə söhbətimizi bitirib, layihənin maliyyə dəstəkçisi, Guarantee Production şirkətinin rəhbəri Elçin Həsənov ilə də görüşdük.
Elçin Həsənov Xeberler.az-a bildirib ki, şirkət həmişə potensialı olan gəncləri, layihələri dəstəkləyib:
“Bu gün gənc nəsil üçün ideyalarını həyata keçirmək çətindir. Bunu nəzərə alaraq maraqlı ideyası, potensialı olan gənclərə həmişə dəstək olmağa çalışırıq”.
Elçin Həsənov Ustam layihəsinə dəstək olmasından danışıb:
“Növbəti dəfə gənc nəsili topladıq ki, hansı maraqlı ideyaları varsa təqdim etsinlər, maliyyə dəstəyi göstərə bilərik. Əvvəllər Ustam adi telefon şəbəkəsi üzərində qurulmuşdu. Murad Həsənzadə və komandasında xüsusi potensial gördüm. Sonra Murada təklif olundu ki, layihəni daha da genişləndirsin, biznes planını hazırlasın. Şirkətimiz holdinq kimi fəaliyyət göstərir. Müxtəlif istiqamatli xidmətlər göstəririk. Ustam isə şirkətimizin yeni istiqamət sahəsi oldu. Məqsədimiz, gənclərə öz işlərini qurmaqda yardım etməkdir. Çalışırıq ki ,onlar bu potensiallarından istifadə edib uğur qazansınlar. Ustam layihəsindən isə ən böyük gözləntim keyfiyyətli xidmət ortaya qoya bilməsidir”.
Ustam layihəsinin büdcəsinə gəlincə isə Elçin Həsənov bildirib ki, layihənin bütün xərcləri özləri tərəfindən ödənilib. Yəni, heç bir bank və digər ödənişlərlə vəsait əldə olunmayıb.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri