Bu gün Multimedia Mərkəzi tərəfindən “Azərbaycanda “Açıq hökumət” təşəbbüsünün həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi “ mövzusunda Dəyirmi Masa keçirilib.
Tədbirdə Multimedia Mərkəzinin direktoru Osman Gündüz “Açıq Hökumət Tərəfdaşlığı” haqqında məlumat verib və bu istiqamətdə ölkədə aparılan işləri diqqətə çatdırıb. Ö , AHT-nin əsas prinsiplərindən olar İnformasiya açıqlığı və Elektron hökumət quruculuğu sahəsində Mərkəz tərəfindən görülən işlərdən danışıb. Osman Gündüz informasiya açıqlığı üzrə Mərkəzi və yerli icra qurumlarının növbəti Reytinq Cədvəlini və Hesabatı ictimaiyyətə təqdim edib. O, 6 ay ərzində 64 dövlət qurumunun və 67 Yerli icra hakimiyyətlərinin rəsmi internet resursunun monitorinqinin aparıldığını qeyd edib. O, rəsmi saytların 60 parametr üzrə kəmiyyət və keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla informasiya açıqlığı vəziyyətinin analiz olunduğunu bildirilib.
Osman Gündüz bu ilki Monitorinq prosesində Mərkəzi icra orqanları tərəfindən göstərilən elektron xidmətlərin də araşdırıldığını bildirib. Ölkə prezidentinin 23 may tarixli elektron xidmətlərlə bağlı Fərmanından sonrakı 1 il ərzində dövlət qurumları tərəfindən bu istiqamətdə xeyli işlərin görüldüyü diqqətə çatdırılıb. Hazırda 260 dan çox elektron xidmət təklif olunsa da onun yalnız 94-nün interaktiv olması və mövcud tələblərə cavab verməsi qeyd edilib.
Osman Gündüz həm informasiya açıqlığı sahəsində, həm də elektron xidmətlərlə bağlı dövlət qurumları arasında kəskin informasiya bərabərsizliyinin olduğu vurğulanıb.
Monitorinqin nəticələrinə əsasən informasiya açıqlığı üzrə Reytinq Cədvəlində 1-ci , 2-ci və 3-cü yerləri müvafiq olaraq Vergilər Nazirliyi (71%), DSMF(68%) və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya(65%) tutub. Sonuncu yerlər isə Nazirlər Kabinetinə və Müdafiə Nazirliyinə məxsusdur.
64 Mərkəzi icra qurumları üzrə orta informasiya açıqlığı göstəricisi 33.5% ( ötən il 27%) olub. Yerli icra hakimiyyətləri üzrə orta informasiya açıqlığı göstəricisi isə cəmi 7% olub.
Yerli İcra qurumları arasında 1-ci , 2-ci və 3-cü yerləri Binəqədi İH(20.9%), Qəbələ İH(15.6%) və Xətai İH(15.5) əldə edib. Şəhər icra hakimiyyətləri içərisində 1-ci yeri Şəki şəhər İH (34 %) tutub.
Dəyirmi Masada Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndəsi Asif Əliyev, İREX –in əməkdaşı Ələsgər Məmmədli , RİTN-nin Hüquq şöbəsinin müdiri Bəxtiyar Məmmədov, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin nümayəndəsi Elnur Sultanov, Milli Büdcə Qrupunun koordinatoru Qalib Abbaszadə, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Vasif Mövsümov, TURAN İA – nın rəhbəri Mehman Əliyev, Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsi Nazim İsmayılov, ekspert Azər Həsrət və digərləri çıxış ediblər.
Çıxışlarda aparılan Monitorinqin mühüm əhəmiyyət ksb etməsi vurğulanıb. Son dövrlərdə ictimai informasiyaların rəsmi saytlardan əldə edilməsi sahəsində xeyli irəliləyişlərin olduğunu bildiriblər. Xeyli sayda dövlət qurumlarında həm informasiya açıqlığı, həm də elektron xidmətlərlə bağlı müəyyən uğurların əldə olunduğu qeyd edilib. Xüsusilə də yeni araşdırılmağa başlanan Yerli icra qurumlarının saytlarının və elektron xidmətlərin gələcəkdə də daha ciddi araşdırılmasının vacibliyi qeyd olunub. Çıxışlarda həmçinin hələ də açıqlanması məcburi olan informasiyaların xeyli hissəsinin həm Mərkəzi, həm də yerli icra orqanlarının saytlarından əldə edilməsinin mümkünsüzlüyü qeyd olunub.
Monitorinqin nəticələrinin ictimailəşdirilməsinin və davamlı olaraq aparılmasının zəruriliyi qeyd olunub.
Təqdimat mərasimində hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Geniş məlumat, Hesabatlar və Reytinq Cədvəlləri
www.informasiya.org –da yerləşdirilib.