Azərbaycanda fəaliyyət göstərən kitabxana, fond, muzey, təhsil ocaqları, elmi tədqiqat müəssisələri, media qurumları, arxivlər, şəxsi kolleksiyalar, dövlət foto arxivi, həmçinin dünya muzeyləri və sərgi salonlarının ölkəmizə aid məlumatlarının elektron kataloqu yaradılacaq və “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək.
Bu fikri AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Kitabxanasında keçirilən Rəyasət Heyətinin geniş iclasında bildirib. Akademik qeyd edib ki, Mərkəzi Kitabxananın yeni binası ölkə başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncamına əsasən kitabxana fondlarının müasir tələblər səviyyəsində qurulması məqsədi ilə inşa olunub.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, A.Əlizadə Mərkəzi Kitabxananın respublikamızda milli və dünya əhəmiyyətli elmi nəşrlərə malik olan ən iri, həmçinin regionda aparıcı elmi kitabxana olduğunu bildirib, burada kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitab tarixi və informasiyalaşdırma sahələrində fəaliyyətin təşkil edildiyini vurğulayıb:
“Mərkəzi Kitabxana ilə yanaşı, İnformasiya Resursları Mərkəzinin də fəaliyyət göstərdiyi bina müasir infrastrukturla təmin edilib, elmi-texniki yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyaları tətbiq olunub. Kitabxana 4 milyona qədər kitab saxlamağa imkan verir”.
İclasda AMEA üzvlüyünə seçkilərə hazırlıq, nadir elmi cihazlardan kollektiv istifadə mərkəzinin təşkili, Azərbaycan alimlərinin I qurultayının keçirilməsi haqqında da qərarlar qəbul edilib. (ICTnews)