Gunaz.tv İnternet Televiziyasında “Həftə sonu” proqramı yekunlaşıb. Verilişin aparıcısı, siyasi analitik Elxan Şahinoğlu oktyabrın 27-də “Media forum” saytının suallarını cavablandırıb.
- Güney Azərbaycan
Televiziyasında aparıcısı olduğunuz “Həftə sonu” proqramı yekunlaşıb. Bunun səbəbi
nədir?
- Hər bir verilişin efir ömrü
var. “Həftə sonu” proqramının efir ömrü 5 il çəkdi. Bu illərdə onlarla ekspert,
jurnalist, siyasətçi və millət vəkili proqramın qonağı oldu, müxtəlif
mövzularda müzakirələr apardıq. Onların hamısına maraqlı diskussiyalara görə
minnətdaram.
Proqramın necə olduğuna isə
tamaşaçılar qiymət verə bilər. Güney Azərbaycan Televiziyasının rəhbərliyi ilə
aparılan məsləhətləşmələr nəticəsində qərara gəldik ki, dəyişikliyə və yeni
diskussiya proqramına ehtiyac var.
“Həftə sonu” mənim televiziyada
aparıcı olaraq ilk təcrübəm idi. Əlbəttə, televiziya kanalları məni müxtəlif
proqramlara dəvət edir və ekspert kimi fikirlərimi bölüşürəm. 2000-ci illərin əvvəllərində
Türkiyənin TRT kanalında da çalışmışam, orada gərəkli televiziya təcrübəsi
toplamışdım. Ancaq proqram aparıcısı olaraq ilk təcrübəmi GünAzTV-də yaşadım.
İlk verilişlərdə bir qədər həyəcan keçirsəm də, sonra alışdım.
Uzun illər mətbuatda çalışmışam,
daha sonra siyasi analitikaya və şərhçiliyə keçmişəm, 9 ildir rəhbəri olduğum
“Atlas” Araşdırmalar Mərkəzi fəaliyyət göstərir, iki dildə həftəlik analitik
bülleten yayırıq. Bu mənim üçün daha rahat fəaliyyət növüdür. Televiziya
aparıcılığında zamanla oynamaq imkanı yoxdur, bütün bilik və bacarığını
toparlayıb suallarınla diskussiyanı maraqlı istiqamətə yönəltməyə çalışmalısan.
Görüntünün effekti fərqlidir. Onlarla analiz yazsam, bu ancaq peşəkarların diqqətini
cəlb edəcək, böyük oxucu kütləsi analizə, açıqlamaya xüsusi diqqət yetirməyəcək,
ancaq televiziya kanalında siman görünən kimi böyük çoxluq buna reaksiya verəcək.
Əslində deməzdim ki, bundan
xüsusi həzz alıram. Amma kimsə səni vətənində, hətta xaricdə küçədə saxlayıb
GünAzTV-dəki verilişə görə tanıdığını deyirsə, əlbəttə, bundan da ruhlanmaya
bilmərəm. Demək proqramı izləyirdilər.
- “Həftə sonu” proqramı canlı
yayımlanmırdı. Bu səbəbdən olubmu ki, hansısa proqram efirə getməyib və ya
ciddi ixtisarlara yol verilib?
- Güney Azərbaycan
Televiziyasının rəhbərliyi mənə mövzu və qonaqların seçimi məsələsində sərbəstlik
vermişdi. Buna görə də mən televiziya rəhbərliyinə minnətdaram. Televiziyanın rəhbəri
Əhməd Obalı bu 5 ildə Çikaqodan bircə dəfə də zəng edib demədi ki, onu çağır,
bunu çağırma, bu mövzunu müzakirə et, o birisinə toxunma. Bu cür idarə üslubunu
heç mən də qəbul etməzdim.
Proqramdan bir gün əvvəl həm
qonaqlar, həm də mövzular barədə televiziya rəhbərliyini məlumatlandırırdım.
Bir verilişin xaricində heç bir proqramımız senzuraya məruz qalmadı, kobud desək,
qayçılanmadı. O bir verilişdə isə proqrama dəvət olunan qonaq mövzuları kənara
qoyaraq ayrı məsələlərdən danışmağa başladı, sanki efir üçün fürsət axtarırdı və
mən aparıcı olaraq onu nə qədər müzakirə predmetinə qaytarmağa çalışsam da, o,
hədəf seçdiyi şəxs haqqında aşağılayıcı ifadələr işlətməkdən çəkinmədi. Proqram
bitdikdən sonra qonağın diqqətinə çatdırdım ki, təhqiramiz ifadələrini efirə
verə bilməyəcəm. Onun çıxışını qismən ixtisar etdik. Bu 5 ildə yalnız bir dəfə
belə bir hadisə qeydə alındı.
- Qonaqların seçimində sərbəst
olduğunu söylədiniz. Bu seçimdə balansı necə qoruyurdunuz?
- GünAzTV spesifik kanal
olduğundan proqrama hakimiyyət təmsilçilərini dəvət etmirdik. Əks halda İranda
bəzi dairələr buna siyasi rəng verə bilərdilər ki, hakimiyyət mənsubları İranın
siyasətini tənqid edən və güney azərbaycanlıların haqlarını qabardan kanalda
efirə çıxırlar. Halbuki İranın rəsmi dövlət kanalı “Səhər” bütün günü Azərbaycanın
əleyhinə verilişlər yayımlayır. Buna rəğmən hakimiyyətin siyasətini dəstəkləyən
millət vəkilləri və ekspertlər hər zaman proqramımızın qonaqları olublar.
Müxalifət liderləri və müstəqil ekspertlər də dəfələrlə “Həftə sonu”
proqramında iştirak ediblər və rahat şəkildə tənqidi fikirlərini tamaşaçıların
diqqətinə çatdırıblar.
- Yəni “Həftə sonu” proqramında
Azərbaycanın daxili məsələləri də müzakirə olunub...
- Bəli. Mən 5 il ərzində proqrama
belə cümlə ilə başlamışam: “Proqramımızda Güney Azərbaycan və İran, Azərbaycan,
o cümlədən beynəlxalq aləmdə baş verən önəmli hadisələri analiz edirik”. Bundan
çıxış edərək Azərbaycanın daxili və xarici siyasəti də diqqət mərkəzimdə olub.
Mən yazılarımda və açıqlamalarımda tərəfsizəm, fikirlərimi ifadə etməkdə sərbəstəm,
nə varsa onu deyir, onu yazıram. Bu baxımdan Azərbaycandakı daxili vəziyyətdən
də yan keçə bilməzdim. Çünki bu halda bəziləri deyə bilərdilər ki, “Həftə
sonu”nun aparıcısı nədənsə çəkinir, ancaq beynəlxalq mövzulardan danışır. Həm də
biz İrandakı siyasi dairələrə və cəmiyyətə mesaj ünvanlamalıydıq ki, biz “Səhər”dən
və digər İran kanallarından fərqli olaraq daxili mövzularda da tənqidi fikirlər
üçün açığıq, istənilən mövzu proqramımızda müzakirəyə çıxarıla bilər.
Mübaliğəsiz deyə bilərəm ki, “Həftə
sonu”nu Güneydə milyonlarla soydaşımız izləyirdi. Əgər bu kanalda azərbaycanlılar
ən sərt ifadələrlə bir-birlərini təhqir etsəydilər, bu, güneyli soydaşlarımızda
ruh düşkünlüyü yarada bilərdi. Digər tərəfdən isə İrandakı rejim güneyli
soydaşlarımız deyə bilərdi ki, bu da Sizin ümid bəslədiyiniz müstəqil Azərbaycan,
bir-birlərini qırırlar ki. Bu, GünAzTV-nin informasiya siyasətinə də zidd
olardı. İrandakı rejimin əlinə bəhanə vermək istəmirdim. Ona görə diqqətli
olmalıydım. Sağ olsunlar proqrama qatılan qonaqlarımız, bircə dəfə də İrandakı
rejim mənsublarına bəhanə vermədilər. Proqramda iqtidar və müxalifət təmsilçiləri
ölkə daxilindəki məsələlərdə fərqli baxışlarını etik çərçivələr daxilində
ortaya qoysalar da, Güney Azərbaycan və İran mövzusunda faktiki oxşar mövqedən
çıxış edirdilər. Bu da proqramımızın daxili və xarici auditoriyaya önəmli
mesajı idi ki, Güney mövzusunda Azərbaycandakı siyasi qüvvələrin baxışları fərqlənmir.
- “Həftə sonu”nun yerinə hansı
proqram efirə çıxacaq?
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri