“Güneydə insan haqları və söz azadlığı” mövzusunda tədbir keçirildi

23-09-2010 / 17:57

Bakıda “Güneydə insan haqları və söz azadlığı” mövzusunda tədbir keçirildi.

 

Bu gün  Reportyorların Azadlığı və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Bütöv Azərbaycan Gənclər Təşkilatının təşəbbüsü ilə Güney Azərbaycanda “İnsan haqları və Söz azadlığı” mövzusunda toplantı keçirildi.

 

Tədbirdə Azər Həsrət, Araz Quliyev, Müsavat deputat qrupunun üzvləri Nəsib Nəsibli, Pənah Hüseyn, siyasi partiyaların gənc fəal üzvləri, ictimaiyyət nümayəndələri və eyni zamanda güneyli mühacirlər iştirak edirdilər.

 

Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Ruslan İzzətli bildirdi ki, son günlər İranda soydaşlarımıza qarşı təzyiq və həbslərin sayının artmasına baxmayaraq güneydəki hərəkat artan xətt üzrə inkişaf edir.

 

Ardınca millət vəkili Nəsib Nəsibli çıxışında əlavə etdi ki, İranın hakim rejimi güneydəki hərəkatdan təlaşlıdır: “İranın “Axilles dabanı” Azərbaycandır. Güneydəki hərəkat inkişaf zolağındadır. Orada söz azadlığı yoxdur və bu qansız rejimə xas əlamətdir. İrandakı rejim ideoloji baxımdan tükənib. Sadəcə neft gəlirləri, sosial bazası hesabına dayanıblar. Hesab edirəm ki, rejimə qarşı hərəkat gücləndikcə bu İranın demokratikləşməsinə yardım edəcək”.

 

Müsavatçı deputat Pənah Hüseyn bildirdi ki, hazırda cənubda güclü milli hərəkat mövcuddur: “Əslində bu təşkilatın fəaliyyəti bu prosesə təkan verir. Bu hərəkat beynəlxalq aləmdə tanınır. Ən azı BMT-də qəbul olunmuş birlikdir. Hesab edirəm ki, Şimali Azərbaycanın demokratikləşməsi uğrunda aparılan mübarizə eyni zamanda güneyin demokratikləşməsi deməkdir”.

 

Tədbirdə çıxış edən güneyli mühacir Ağrı Qaradağlı Bakıda onun üçün sənədləşmə işlərində problemlərin olmasından danışdı: “Dünya İranda baş verənlərə hər nə qədər göz yumsa belə, biz mübarizəmizi davam etdirməliyik. Ancaq Bakıda mənim kimi güneyli mühacirlərin əsas problemi odur ki, heç bir sənəd yoxdur. Rəsmi nikaha girə bilmirik. Bu problemlərin həll olunmasını istəyirik”.

 

Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət analoji durumun təkcə İranda olmadığını qeyd etdi: “ Rusiyada başqırd, tatar, krım, Çində uyğurlar, İraqda Kərkükün kürdləşdirilməsi, Batı-Trakyanın yunanlaşdırılması bunlar eyni problemlərin şaxələridir. Eynilə də İranda hakim rejiminin türklərə qarşı münasibət belədir”.

 

AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı İrandakı söz azadlığı sahəsində vəziyyətin şimala nisbətən daha qənaətbəxş olduğunu dedi: “ İranda 2-3 milyon blogger var. Ola bilsin onların hamısı güneyli hərəkatçılar deyil. Hər halda yazırlar. Hesab edirəm ki, Azərbaycan hakimiyyətinin güneyə ilk münasibətini biz Çöhrəqanlıya mühacirliyin verilməməsində gördük. Hakimiyyətin əlində yüzlərlə qəzetlər və onlarla televiziyalar var. Amma güney mövzusunda danışmırlar. Bakıda İran səfirliyi qarşısında keçirilən etiraz aksiyalarına imkan verilmir. İlk növbədə Şimal Azərbaycanda demokratik mühit olmalıdır ki, biz güneydəki problemlərə də diqqət yetirə bilək”.

 

 Tədbirin sonunda BAGT sədri R.İzzətli bildirdi ki, güneydə ana dili ilə əlaqədar BMT-nin İnsan Haqları Komissiyasına müraciət etmək üçün imza toplama kampaniyasına başlanacaq.

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə