3-cü qrant müsabiqəsində hansı yeniliklər olacaq?

19-10-2015 / 16:18

Məlumat verdiyimiz kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 3-cü qrant müsabiqəsini elan edib.

Xeberler.az budəfəki qrant müsabiqəsinin qaydaları, müsabiqə ilə bağlı yeniliklərlə maraqlanıb.

İT-nin İnkişafına Dövlət  Fondunun icraçı direktor müavini Azər Bayramov  Fondun 3-cü qrant müsabiqəsi ilə bağlı  suallarımızı cavablandırıb:

-Fondun elan etdiyi 3-cü qrant müsabiqəsinə layihələrin qəbulunda hansı dəyişikliklər var?

-Fondun təşkil etdiyi qrant müsabiqələrində layihələrin qəbulu prosesi tam elektronlaşdırılıb və layihələri yalnız elektron şəkildə Fondun rəsmi internet səhifəsində e-qrant bölməsindən təqdim etmək olar. Tələb olunan məlumatların hazırlanması kifayət qədər sadədir. İddiaçılar layihənin biznes planı və büdcə formasını  Fondun müəyyən etdiyi formada, əhatəli və dolğun şəkildə hazırlamalıdırlar. 3-cü qrant müsabiqəsində layihələrin qəbulu prosesində hər hansı bir dəyişiklik edilməyib.

-Budəfəki qrant müsabəqəsinə qəbul ediləcək layihələrdə əsasən hansı məqamlara diqqət ediləcək? Hansısa prioritetlər varmı ?

-Cari müsabiqədə layihələrin qəbulu Fondun Əsasnaməsində nəzərdə tutulmuş 5 istiqamət üzrə həyata keçirilir.

1. Mütərəqqi proqram təminatının hazırlanması;

2. İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması;
3. İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların
kommersiyalaşdırılması;
4. Müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması;
5. İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı.

Əlbəttə biz istərdik ki, təqdim olunan layihələr innovativ, elm tutumlu, istehsal yönümlü, habelə kommersiyalaşdırılma və xarici bazara çıxmaq potensialı yüksək olan layihələr olsun. Məhz belə layihələrin inkişaf etdirilməsi ilə İKT sektoruna və bütövlükdə ölkə iqtisadiyyatına töhfə vermək mümkündür.

-Müsabiqə qaliblərinin maksimal qrant məbləği artıq məlumdurmu?

-3-cü qrant müsabiqəsinin elanında qeyd olunduğu kimi müsabiqədə kiçik həcmli qrant maliyyələşməsi nəzərdə tutulur. Fondun vəsaitinin istifadəsi qaydalarına uyğun olaraq kiçik həcmli qrantların həcmi 10.000 AZN-dən 100.000 AZN-dək müəyyən edilib.

-Bəzən  layihə rəhbərləri, həmçinin  ekspertlər Fondun ayırdığı məbləğin azlığından narazılıq edirlər. İddia edirlər ki, onların layihəsi üçün  Fondun ayırdığı məbləğ yeterli deyil. Bu dəfə belə iddialı  layihələrə imkan yaradılacaqmı ki, Fondun Müşahidə Şurasının qarşısında layihələrini təqdim etsinlər?

-Qalib layihələrin maliyyələşdirilməsi üçün ayrılan qrant məbləği ilə bağlı yekun qərar Fondun Müşahidə Şurası tərəfindən qəbul edilir. İddialı layihələrin təqdimatının keçirilməsi Şuranın tələbi əsasında reallaşa bilər. Bu təklif Rabitə və Yüksək Texnologiyalar naziri cənab Əli Abbasovla starapçıların görüşü zamanı da səsləndirilib, daha sonra Fondun Müşahidə Şurasının iclasında müzakirə edilib.

 -Layihələrin gördükləri işlə bağlı Fonda təqdim etdikləri hesabatların sadələşdirilməsi ilə bağlı yenilik gözlənilirmi?

-Ötən 2 müsabiqə ərzində Fond tərəfindən hesabatların qəbulu zamanı minimum sayda maliyyə sənədlərinin tələb edilməsinə səy göstərilib. Fond tərəfindən layihələrin hesabat vermə prosedurlarının daha da asanlaşdırılması məqsədilə normativ-hüquqi sənədlərə dəyişikliklər edilməsi üçün təkliflər hazırlanmış və müvafiq qaydada təqdim olunub. Məsələn, təkliflərdən biri  qalib layihələrin 3 deyil, 2 mərhələdə maliyyələşməsidir ki, bu da maliyyə hesabatı sənədlərinin təqdim edilməsi prosesini əhəmiyyətli dərəcədə sadələşdirəcəkdir.

-Yeri gəlmişkən bilmək istərdik ki , 2-ci qrant müsabiqəsinin qalibi olan lakin hələdə pullarını ala bilməyənlərlə bağlı vəziyyət necədir ? Nə zaman onlar bu vəsaitlərini ala biləcəklər ? 

-Qrant haqqında mövcud qanunvericiliyə əsasən hüquqi və fiziki şəxslərə qrant verə bilən dövlət büdcəsindən maliyyələşdirilən qurumların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmalıdır. Qeyd edilən məsələnin həllindən sonra 2-ci qrant müsabiqəsinin qalibi olan hüquqi şəxslərə qrant vəsaitinin  ödənilməsi təmin ediləcək.

Qeyd edək ki, layihələrin qəbulu oktyabrın 2-dən başlayıb və noyabrın 2-nə qədər davam edəcək. 

 

Məltəm  Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.