INNOLAND-də “Aerokosmik Modelçilik Festivalı 2025”in mükafatlandırma mərasimi keçirilib
Xeberler.az bildirir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin və “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə təşkil olunub.
Mərasimdə Milli Məclisin deputatları Fariz İsmayılzadə və Ülviyyə Ağayeva, “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin sədri Ceyhun Xəlilov, “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov, festival iştirakçıları və digər qonaqlar iştirak ediblər.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbir zamanı “Yeni üfüqlərə doğru” şüarı ilə üçüncü dəfə keçirilən Aerokosmik Modelçilik Festivalına dair videoçarx nümayiş olunub, bu ilki yarışların nəticələri və yeniliklər barədə məlumat verilib. Bildirilib ki, festival iki turdan ibarət olub və ümumilikdə 10 növ üzrə yarışlar, aviaşou, kvadrokopter və təyyarə modellərinin nümayişi keçirilib.
Festival çərçivəsində təşkil olunan 10 növdə ("S-3-B Paraşüt", "S-3-C Paraşüt", "S-4-D Raketaplan", "S-6-A Streamer", "S-6-B Streamer", "S-6-C Streamer" və ilk dəfə olaraq "Peyk (CubeSat)", "Startap" (aerokosmik sahədə), dron və təyyarə modelləri) yarışlar üzrə Mükafatlandırma mərasimində I, II və III yerlərin sahibləri ilə yanaşı, festivalda aktiv iştirak edən yarışçılara da sertifikatlar təqdim olunub.
Festivalda “YAŞAT” Fondunun dəstəyi ilə Raket modelçiliyi yarışının “S-6-A Streamer” kateqoriyasında bir araya gələn 5 şəhid övladı da qaliblər sırasında olub.
Sonda təşkilatçı və tərəfdaş qurumların nümayəndələrinə — “İnnovasiyalar Mərkəzi”, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyəti, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Hava Nəqliyyatı Baş Gömrük İdarəsi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Azərkosmos”, Milli Aviasiya Akademiyası, “Hədəf STEAM Liseyi”, “IT INNOVATIONS computer academy”, “Nərgiz” Klinikası, “AzST”, “OUTSITE” və “RC CARTING” şirkətlərinə dəstəklərinə görə təşəkkürnamələr təqdim edilib.
Festivalın əsas məqsədi ölkəmizdə raket və peyk modelçiliyinin inkişafına, gənclərin innovativ düşüncə tərzinin formalaşmasına, sağlam həyat tərzinin təşviqinə və texniki yaradıcılığın kütləviləşməsinə dəstək olmaqdır.
Təmiz havada intellektual aktivliklə fiziki fəaliyyəti birləşdirən bu idman növü iştirakçılara həm fərdi, həm də komanda şəklində yarışmaq imkanı yaradıb.
Qiymətləndirmə zamanı uçuşun hündürlüyü və müddəti, enişin dəqiqliyi, modellərin texniki səviyyəsi və uçuş reallığı əsas meyarlar kimi götürülüb.