Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olunub

17-10-2025 / 17:09

Vyetnamın Siyasi İdarəetmə və İnkişaf Strateji İnstitutunun (IPADS) direktoru xanım Le Nguyen Thien Ngan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) qonağı olub.

Xeberler.az bildirir ki, İİTKM-in icraçı direktorunun müavini Ayaz Museyibov Vyetnamın regionda həyata keçirdiyi uğurlu iqtisadi siyasət və Azərbaycan iqtisadiyyatının dinamik inkişafını nəzərə alaraq iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, həmçinin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində müəyyən edilmiş hədəflər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastrukturun inkişafı və yaşıl zonaların yaradılması istiqamətində görülən işlər barədə qonağa məlumat verib.

Ayaz Museyibov dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi üçün yaradılmış rəqəmsal platformalar — www.azerbaijan2030.gov.az və www.boyukqayidish.gov.az haqqında danışaraq bu sistemlərə süni intellektin inteqrasiyası və irihəcmli məlumatların (big data) effektiv emalı sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, xüsusilə qeyd edib ki, Mərkəzin dövlət proqramlarının monitorinq və qiymətləndirmə mexanizmi unikal xarakter daşıyır və ABŞ, Birləşmiş Krallıq və BƏƏ-də yerləşən beynəlxalq media qurumları tərəfindən 2025-ci il ərzində yeddi beynəlxalq mükafatla təltif olunub.

Ayaz Museyibov əlavə edib ki, Mərkəzin monitorinq və qiymətləndirmə sahəsində qazandığı nailiyyətlər Orta Asiya dövlətlərinin xüsusi marağına səbəb olub və bu istiqamətdə əməkdaşlığın inkişafı məqsədilə aktiv işlər aparılır.

Le Nguyen Thien Nga təqdimatla çıxış edərək “Siyasətdən həyata” milli təşəbbüsünün layihə rəhbəri olduğunu bildirib. O, İİTKM ilə əməkdaşlığı genişləndirmək niyyətini ifadə edərək süni intellektin inteqrasiyası, dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi, birgə seminarların təşkili, hesabatların hazırlanması və ortaq tədqiqat layihələrinin inkişafı sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə