1-ci sinfə elektron qəbul sistemi necə işləyir ?

16-07-2015 / 12:21

Xəbər verdiyimiz kimi Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərin, lisey və gimnaziyaların 1-ci sinfinə elektron sənəd qəbulu davam edir. İyulun 1-dən etibarən 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olanların qeydiyyatı başlayıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri Dürdanə Əhədova Xeberler.az-ın suallarını cavablandırıb:

-Dürdanə xanım, elektron sistemin hansı üstünlükləri olub – sistem özünü necə göstərib?

- Sənədlərin qəbuluna sərf ediləcək zaman və insan resurslarına qənaət , şagird kontingentinin qeydiyyatının sistemləşdirilməsi, məktəb haqqında məlumat əldə etmək imkanları elektron sistemin üstünlüklərindəndir. Həmçinin neçə 1-ci sinfin açılacağı, vakant müəllimlərin sayı haqqında qabaqcadan sistem vasitəsilə məlumat ala bildik. Direktorların verdiyi proqnoz özünü doğrultmadı. Onların verdiyi proqnozdan artıq sayda siniflərin açılması nəzərdə tutulub. Hər il 30-40 nəfərlə siniflər komplektləşirdi, hazırda isə siniflərdə şagirdlərin sayı 24-28 nəfərlə müəyyənləşib. Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin işə qəbulu üçün vakansiyaları qabaqcadan verə bilmişik. Artıq elektron sistem nəticəsində sentyabr ayında müəllim çatışmazlığı ilə rastlaşmayacağıq.

-Elektron ərizənin qeydiyyatı harada aparıla bilər?

-Qeydiyyat valideynin və ya digər qanuni nümayəndənin özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq qeydiyyat komissiyasında, ya da Bakı şəhərinin hər inzibati rayonunda fəaliyyət göstərəcək alternativ komissiya tərəfindən aparıla bilər. 6 yaşı tamam olmayan uşaqların valideynləri isə yalnız onlayn vasitəsilə qeydiyyat apara bilirlər.

-Alternativ sənəd qəbulu komissiyaları harada təşkil olunub?

-Alternativ sənəd qəbulu komissiyaları Səbail rayonu- 2 nömrəli Texniki Humanitar liseydə, Nizami rayonu- 145 nömrəli, Nəsimi rayonu-133 nömrəli, Yasamal rayonu- 18 nömrəli, Nərimanov rayonu-47 nömrəli, Xətai rayonu-191 nömrəli, Sabunçu rayonu-114 və 279 nömrəli, Binəqədi rayonu 115 və 276 nömrəli məktəblərdə təşkil olunub.

-Elektron sistemlə istifadəçi arasında hansı əlaqə vasitələrindən istifadə edilir?

-Mobil telefon və ya email ünvanından istifadə olunur. Email ünvanı olmadan da qeydiyyatdan keçmək mümkündür. Qeydiyyat mobil telefon nömrəsi ilə də keçirilə bilər.

-I sinfə qəbul üçün hansı sənədlərin təqdim edilməsi tələb olunur?

-Valideyn (digər qanuni nümayəndə) şagird qəbulu üzrə işçi qrupa aşağıdakı sənədləri təqdim etməlidir:

-şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti (uşağın doğum haqqında şəhadətnaməsi, Azərbaycan Respublikasının ərazisində və ya daimi  yaşamaq üçün icazə vəsiqəsi; BMT-nin Qaçqınların işlləri üzrə Ali Komissarlığının Himayə Sənədi);

-uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U);

-iki ədəd 3x4 ölçüdə fotoşəkil;

-məktəbəhazırlıq qrupunu bitirməsi haqqında sertifikat (əgər varsa);

-valideynin (digər qanuni nümayəndənin) “şəxsi kabinet”indən çap olunmuş “Buraxılış vərəqi” (zəruri deyil).

-Dürdanə xanım, Xeberler.az-ın oxuyucuları üçün maraqlıdır, məktəblərin seçimi hansı qaydada aparılır?

-Valideyn və ya digər qanuni nümayəndə uşağının təhsil almasını arzu etdiyi məktəbi müəyyənləşdirməli və elektron sistemdə onu siyahıya daxil etməlidir.

-Eyni zamanda bir neçə məktəb seçmək mümkündürmü?

-Valideyn təlim dili və şagird yerlərinin sayı haqqında məlumatı əldə etmək üçün 5 məktəb seçib siyahıya əlavə edə bilər, lakin ona bu məktəblərdən yalnız birinə sorğu yerləşdirmək hüququ verilir. Onu da qeyd edim ki, seçim edərkən eyni zamanda bir neçə məktəbdə qeydiyyatdan keçmək mümkün deyil.

-Valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişə bilərmi?

-Bəli, dəyişə bilər. Bunun üçün o, sistemdə əvvəl yerləşdirdiyi sorğunu ləğv etməli, sonra yeni məktəb seçməlidir.

-Xeberler.az oxuyucuları üçün maraqlıdır ki, xarici ölkə vətəndaşının qeydiyyatı necə aparılır?

-Xarici ölkə vətəndaşının qeydiyyatı Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün Miqrasiya xidmətindən aldığı icazə vəsiqəsi əsasında aparılır.

-Elektron sistemdə sual yarandıqda haraya müraciət etmək olar?

-Elektron qeydiyyatla bağlı hər hansı bir sual yaransa, elektron sistemdə ƏKS ƏLAQƏ vasitəsilə valideynlərin sualları cavablandırılır. Eyni zamanda qeydiyyatla əlaqədar rayon ərazisində fəaliyyət göstərən alternativ komissiyaya, bütün digər hallarda rayon ərazisində fəaliyyət göstərən appelyasiya komissiyasına müraciət etmək olar.

-Müsabiqənin nəticələrinə görə, lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçə bilərlərmi?

-Bəli, 15 may tarixindən sonra seçə bilirlər. Qeyd edim ki, lisey və gimnaziyalara imtahan verib qəbul olan 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan uşaqlar liseyə getmək istəməsələr, imtahan vermədən orta məktəbə qəbul olunacaqlar. Bunun üçün BŞTİ-yə ərizə ilə müraciət etməlidirlər.

-Məlumat bazası necə qorunur?

-Məlumat bazamız İnformasiya İdarəsi tərəfindən idarə olunur və server orada yerləşir.

Ruhəngiz Muradova

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə