ABŞ-da reklam bazarını dəyişən, Ronaldinyo ilə ortaq olan azərbaycanlı: «50 min lazım deyil, 1000 dollar kifayətdir» – MÜSAHİBƏ

22-06-2022 / 20:37

Bir neçə həftə əvvəl dünyanın reklam bazarında Azərbaycan üçün maraqlı hadisə baş verib. ABŞ-ın ən məşhur biznes məhəllələrindən olan Nyu-Yorkun Times Square küçəsində küçə reklamlarının yerləşdirilməsi ilə azərbaycanlı iş adamları məşğul olmağa başlayıb.

Azərbaycan mənşəli «Mediamark» şirkəti artıq dünyanın ən bahalı ərazisində reklam satışına başlayıb. Şirkətin sahibi Azərbaycanda futbol strategiyası barədə maraqlı startapı ilə tanınan azərbaycanlı iş adamı Orxan Rzayevdir.

- Orxan bəy, sizi əslində indiyədək olan layihələrinizdən tanıyırıq, zəhmət olmasa özünüz barədə qısa məlumat verin.

- Mənim 35 yaşım var. Startapla 12 ildir məşğulam. 2010-da hərbi xidməti başa vurandan sonra rəqəmsal texnologiyalar, sosial media ilə maraqlanmağa başladım. Bunun nəticəsində bir neçə ildən sonra «Mediamark» Rəqəmsal Agentliyini təsis elədim. Sonra müxtəlif startaplarımız oldu. Bunlardan ən ən uğurlusu «Eleven Kings» oldu. Bu, mobil futbol menecer oyunudur. «Eleven Kings»də çox maraqlı hadisələr yaşandı. Dünyaca məşhur futbolçu Ronaldinyo ilə biz əməkdaşlıq elədik. Futbolçu hazırda «Eleven Kings» startapımızın simasıdır və hissədarlarından biridir.

- Reklam biznesi ilə məşğulsunuz. Bu ideya haradan yarandı və necə biznesə çevrildi?

- «Mediamark» ilə biz indiyə qədər daha çox Azərbaycan brendlərinə xidmət eləmişik. Yaxud da qlobal brendlərin Azərbaycan nümayəndəli ilə işləmişik. Bu sırada «Samsung», «Volkswagen» və digər şirkətlər olub.

- İndi isə qlobal bazara çıxmısınız demək olar. Artıq Nyu-Yorkun Times Square küçəsində reklamların yerləşdirilməsinə başlanılıb. ABŞ reklam bazarı həddən anrtıq rəqabətli və çoxsaylı oyunçuların olduğu bir sahədir. Bir Azərbaycan şirkət olaraq buna necə nail oldunuz?

- Bəli. Artıq ötən həftədən «Mediamark» şirkəti ABŞ-da bilbordlarda və digital monitorlarda reklam yayımlama hüququnu əldə elədi. Bu - çox önəmli hadisədir. Hazırda biz ABŞ-ın böyük şəhərlərində 500-dən çox bilbord və monitorlarda 3-5 iş günü ərzində reklamlar yayımlayırıq.

- Reklam qiymətləri bizlə müqayisədə necədir?

- ABŞ-da istənilən qiymətə reklam bilbordları tapmaq olur, lakin söhbət mərkəzi yerlərdən, xüsusilə Times Square kimi məşhur məkanlardan gedirsə, belə böyük monitorlarda aylıq reklam qiyməti 50 min dollardan başlayır 5 milyon dollara kimi davam edir. İndiyədək siz burada reklam yerləşdirmək istəsəniz agentliklər sizdən minimum 1 aylıq, bəzən 3-6 aylıq ödəniş tələb edərdilər, bu da bir neçə yüz min dollar deməkdir. «Mediamark» agentliyinin hazırda təklif elədiyi xidmətin üstünlüyü odur ki, siz cəmi 1 000 dollardan başlayan qiymətlərlə Nyu-Yorkda öz reklamlarınızı yerləşdirə bilirsiniz.

- Oxuculara və necə deyərlər, potensial müştərilərə aydın olsun deyə, bununla bağlı Bir misal gətirə bilərsiniz?

- Bizim paketə 3 günlük reklam yayımı daxildir. Seçilən məkandan asılı olaraq gündə 100 – 1 000 dəfə də ola bilər. Rekalm 15 saniyə olmaqla foto və ya video şəklində verilir. Küçənin önəmliliyindən asılı olaraq qiymətlər də dəyişir. 3 günlük kampaniya 1 000 dollardan başlayır 50 min dollara kimi dəyişir. Times  reklamları kiçik monitorlarda 1 000 dollara da yerləşdirə bilirik.

- Bu ərazidə Azərbaycana aid reklamlar yayımlanıbmı?

- Bəli, artıq mini futbol üzrə milli komandamızın reklamları yayımlanıb. Bu yığmamınızın yayımlandığı reklam çox məşhur yerdədir - Time mərkəzində böyük monitorda yayımlanır. Orada reklamı 6 min dollara 3 günlük və gün ərzində 100 dəfə yayımlaya bilirik. Reklam vermək istəyənlər sadəcə kontenti hazırlayıb bizə göndərməli və ödəniş etməlidir. Bundan sonra şirkətimiz kontentin yerləşdirilməsi, yayımlanması və yayımlanandan sonra həmin yayımlanan reklamın foto və video görüntülərini çəkib müştəriyə göndərir.

- Həmin məşhur küçələrdə Azərbaycan şirkətlərinin reklamlarına rast gəlmisinizmi?

- Burada başqa Azərbaycan brendini görməmişik. Gördüklərim ancaq bizim komanda və bizimlə işləyən partnyorlar olub. Düşünrəm ki, bu, nəinki Azərbaycan üçün, dünyada bir çox brendlərə maraqlı olan xidmətdir. İnanırıq ki, «Mediamark» ilə ciddi partnyorlar əldə edəcəyik.

- Bəzən haqqınızda deyirlər ki, Bakı-Amerika yolunu iki Azərbaycan şəhəri qədər yaxın etmisiniz. Niyə məhz Amerika? Yalnız biznes fəaliyyəti, yoxsa xüsusi maraq?

- Bəli, dostlar tez-tez zarafatla deyirlər ki, Bakı-Mayami yolunu Bakı-Sumqayıt yoluna döndərmisən. Doğrudan da elədir. Son 1 ildə Nyo-York və Mayamiyə demək olar 10 dəfə səfər etmişəm. Ümumiyyətlə,  qlobal həcmli işlər görürsənsə, mütləq o ab-havanı görməlisən, o mühitdə olmalısan, həmin tərəflə əlaqələr qurmalısan, dostluqlar yaratmalısan, xırda işlərdən başlamalısan. Bunun yolu belədir.

- Bəs bu işlərdə kənardan dəstəkçiniz varmı?

- Həmişə deyirəm, mənim gördüyüm fəaliyyyətdə kənar dəstək olmayıb. Nə valideyndən mənə ciddi maliyyə - miras qalıb, nə mənim Azərbaycanda, yaxud Azərbaycandan kənarda «day-day»ım olub. Bu, sadə azərbaycanlı gəncinin fantastik xəyal qurub arzulayaraq hərəkətə keçməsindən sonra yaranan nəticədir. Daha sonra çalışaraq, qarşı tərəfi inandıraraq investisiyaların cəlb olunması ilə, işimizə, əzmkarlığımıza güvənərək bizə yatırım edən şəxslərlə və komandanın böyüməsi ilə işlər daha da böyüyüb. Bunu həmişə deyirəm ki,  təcrübəm gənclərə motivasiya olsun. Sıfırdan öz gücünə və əmzkarlığına güvənən şəxsin və komandanın gördüyü işlərin qarşılığında uğurlu nəticə əldə edilir.

- Hazırki planlarınız, hədəfləriniz nədir, başqa ölkələrdə, iri şəhərlərdə də reklam biznesini davam etdirəcəksiniz?

- Bəli, hazırda 20 nəfərlik komanda heyətimiz var, hər birimiz böyük səylə çalışırıq ki, qlobal işlərlə Azərbaycan adını qlobal arenalarda səsləndirək. Yavaş-yavaş da buna nail ola bilirik. Hədəflərimiz daha böyükdür. Artıq Avropa şəhərlərində də reklam yerləşdirmə xidmətini də planlaşdırırıq. Bununla bağlı işlər gedir. Önümüzdəki günlərdə Hollandiya, Fransa, Böyük Britaniya kimi ölkələrin şəhərlərinə reklam verməyi düşünürük.

(Fed.az)

 

 


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.