AMEA İTİ-də “Телекоммуникации” jurnalının baş redaktoru ilə görüş keçirildi

28-04-2011 / 22:18

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Телекоммуникации” (Moskva) jurnalının baş redaktoru, Cənub-Qərb Dövlət Universitetinin “Hesablama texnikası” kafedrasının müdiri, professor Vitali Titov və jurnalın redaksiya heyətinin üzvü, professorTamara Şirabakinanın iştirakı ilə Elmi Şuranın iclası keçirildi. 

Rusiyalı qonaqlar görüşdən əvvəl institutda aparılan yenidənqurma işləri, yeni istifadəyə verilmiş və ən son texnologiyalarla təchiz olunmuş Tədris-İnnovasiya Mərkəzi, Multimedia Mərkəzi, AzScienceNet-in monitorinq və təhlükəsizlik xidməti ilə tanış oldular. 

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev elmi-texniki sferada innovativ nailiyyətlərin əldə olunması, müasir informasiya texnologiyalarının insanların intellektual fəaliyyətinin bütün sahələrinə nüfuz etməsinin informasiya cəmiyyətinin bərqərar olunmasında başlıca şərtlərdən olduğunu bildirdi. İnstitut direktoru İKT sahəsində bəşəriyyətin rifahı üçün əldə edilən innovativ elmi nəticələrdən, həmçinin mövcud problemlər və onların həlli yollarından, beynəlxalq təcrübədən bəhs edən dəyərli məqalə və məlumatların müxtəlif səpkili, xüsusən də elmi-nəzəri, elmi-praktiki və elmi-texniki nəşrlərdə dərcinin əhəmiyyətindən söhbət açdı. R.Əliquliyev institutun bir sıra alimlərinin “IEEE Transactions on Knowledge and Data Engineering”, “International Journal of Intelligent Information Processing”, “Электроника и связь” kimi nüfuzlu jurnalların rəyçisi və redaksiya heyətinin üzvləri olduğunu söylədi. 

Tədbirdə çıxış edən professor V.Titov Cənub-Qərb Dövlət Universitetində rəhbərlik etdiyi kafedra tərəfindən görülən işlər, əldə edilən elmi nəticələr, müxtəlif layihələr haqqında ətraflı məlumat verdi. Alim 47 illik tarixə malik olan ali təhsil müəssisəsinin 2010-cu ildə Cənub-Qərb Dövlət Universiteti statusunu aldığını söylədi. Hazırda 15 min tələbənin təhsil aldığı universitetdə müxtəlif elmi istiqamətlər üzrə 9 dissertasiya şurasının fəaliyyət göstərdiyini bildirdi. 

Universitetdə aparılan elmi tədqiqat işləri və həyata keçirilən layihələrdən bəhs edən V.Titov ali təhsil müəssisəsinin müvafiq şirkətlərlə birgə həyata keçirdiyi layihələrindən söhbət açdı. Coğrafi informasiya sistemlərinin tətbiqi texnologiyaları, inzibati hakimiyyət orqanları və korporativ qurumlar üçün perspektivli regional GRİD-sistem, biometrik obrazların tanınması, tibbi təsvirlərin tanınması və diaqnostikası layihələri haqqında ətraflı məlumat verdi. 

Professor Tamara Şirabakina “Телекоммуникации” jurnalının fəaliyyətindən söhbət açaraq dərginin 2000-ci ildən işıq üzü gördüyünü bildirdi. Jurnalın “Telekommunikasiyaların nəzəri əsasları”, “Telefoniya”, “Paylanmış informasiya və idarəetmə sistemləri”, “Hərəkətli radiorabitə sistemləri”, “Peyk rabitə sistemləri”, “Optik sistemlər” və “İnformasiya mühafizəsi” tematik bölmələrindən ibarət olduğunu qeyd edən T.Şirabakina dərginin 2006-cı ildən etibarən ABŞ-da ingilis dilinə tərcümə edildiyini və “Begell House. Inc.” nəşriyyatı tərəfindən ən yaxşı məqalələr toplusu şəklində «Telecommunications and Radio Engineering» jurnalına əlavə kimi nəşr edildiyini bildirdi. Ayda bir dəfə işıq üzü görən “Телекоммуникации” dərgisində müxtəlif telekommunikasiya vasitələrinin işlənməsi, istehsalı və istismarı sahəsində yeni nailiyyətlər haqda məqalələrin öz əksini tapdığını bildirdi. İnstitutun alim və mütəxəssislərini, aspirant və gənc tədqiqatçılarını jurnalla əməkdaşlığa dəvət etdi. 

Tədbirin sonunda yekun olaraq AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə Cənub-Qərb Dövlət Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalandı. 

//ikt.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə