“Artıq boş tezliklər var və yeni kanallar açıla bilər”

05-11-2016 / 19:26

Osman Gündüz rəqəmsal yayıma keçidi tələsik addım adlandırdı: “Aztəminatlı ailələrə hökumətin pulsuz dekoderlər verməsi düzgün olardı”

Noyabr ayının 1-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılıb, rəqəmli televiziya yayımına keçilib. Müasir televizorlar, o cümlədən 2010-cu ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edə bilirlər. Lakin rəqəmsal yayımı dəstəkləməyən televizorlarda kanalları izləmək mümkün deyil. Bu məqsədlə mütləq televizorlara dekoder  quraşdırılmalıdır.

Dekoderlərin alınması, quraşdırılması isə insanlar üçün əlavə problemə çevrilib. Artıq bir neçə gündür ki, çanaq antenaları, yeni televizoru və kabel televiziya imkanları olmayan vətəndaşlar yerli kanalları izləmək imkanından məhrum olunublar. Ekspertlər isə dövlət qurumlarının verdiyi qərara görə yaranmış bu durumun vətəndaşlara problem yaratdığını bildirirlər.

  “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan internet-forumunun prezidenti Osman Gündüz “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu, zərurətdən doğmayan  bir tələsik addım oldu: “Bu, gözlənilən hadisə idi. Biz hökumətin rəqəmsal yayıma keçməsi ilə bağlı qərarına daha öncə də münasibət bildirərək vurğulamışdıq ki, bu, tələsik bir addımdır. Bunu mərhələli şəkildə etmək olardı, regionlar üzrə etmək olardı. Əsaslandırılmamış bir tələskənlik oldu. Zərurətdən doğmayan bir tələsik addım oldu. Söhbət rəqəmsal yayımın tənqidindən getmir. Rəqəmsal yayımın üstünlüyü danılmaz faktdır, bu müzakirə predmeti deyil. Rəqəmsal yayımın imkanları genişdir, keyfiyyəti yüksəkdir, interaktivliyi təmin etmək mümkündür, daha çox tezlik resurslarının olmasına şərait yaradır”.

Osman Gündüz həmçinin bu prosesdə məlumatlandırma və reklam kampaniyasının da düzgün qurulmadığını diqqətə çatdırdı: “Ümumiyyətlə, bu proses düzgün aparılmadı. Televiziyaların özləri elan etməli idilər ki, filan tarixdən etibarən rəqəmsal yayıma keçəcəklər. Mən televiziyalara bu barədə reklama və ya elana rast gəlmədim. Bir-iki dəfə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi reklam verdi. Qalan digər qurumlardan sadəcə bir neçə xəbər verildi. Bu reklam və təbliğat işi düzgün qurulmadı. Digər tərəfdən insanlara həmin rəqəmsal yayımı qəbul etmək üçün kömək edilməli idi. Köhnə antenalara yeni dekoderlər qoşmaq lazımdır ki, rəqəmsal yayımı qəbul edə bilsin. Bununla bağlı əhali problem yaşayır. Özəl şirkətlərdə dekoderlərin qiyməti 40-50 manatdır. ”Azərpoçt"-da isə 22 manatdır. İstənilən halda həmin dekoderlərin vətəndaşa çatdırılması prosesi də problemli oldu. “Azərpoçt”un haradasa bir ofisi varsa, vətəndaş gedib  onu tapmalıdır, almalıdır, quraşdırmalıdır. Bunlar hamısı əlavə problemlərdir. Mən həm Milli Teleradio Şurası tərəfindən, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən atılan addımları yetərli hesab etmirəm".

Dekoderlərin qiymətinə gəlincə ekspert qeyd etdi ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi 22 manat normaldır: “Amma daha doğru olardı ki, bu avadanlıqlar pulsuz verilərdi. Rəqəmsal yayıma keçid Milli Teleradio Şurası tərəfindən irəli sürülən  addımdır, bu vətəndaşın təklifi deyil.  Ona görə də aztəminatlı ailələrə hökumətin pulsuz dekoderlər verməsi düzgün olardı. Bununla bağlı bir layihə var idi. Milli Teleradio Şurası hökumətə müraciət etmişdi, bir neçə min manat da pul istəmişdi ki, alsın və vətəndaşlara pulsuz versin. Amma bu proses uzandı, bu təklifə ciddi yanaşılmadı, sonradan da böhran vaxtına düşdü və hökumət bundan imtina etdi. Hökumət bildirdi ki, artıq bunu büdcədən maliyyələşdirə bilmərik. O səbəbdən belə bir situasiya yarandı. Gərək aidiyyatı qurumlar zamanında buna ciddi baxaydılar, bunun lobbiçiliyini edəydilər, zəruriliyini əsaslandıraydılar. Bunu zamanında dövlət qurumları diqqətdə saxlamalı idilər ki, hökumət daha tez bu qərarı qəbul edəydi”.

O.Gündüz rəqəmsal yayıma keçiddən sonra televiziya kontentinin də gücləndirilməsinə ehtiyac olduğunu vurğuladı: “Belə bir addım atıldı, yayım rəqəmsaldır və siqnallar keyfiyyətlidir. Amma o siqnalın içində gedən informasiya, televiziya kontenti bu dəqiqə vətəndaşın  tələblərini ödəyirmi, yox. Vətəndaşa keyfiyyətli siqnal verilir, amma o siqnalın içində keyfiyyətli informasiya yoxdur.  Ona görə mən deyirdim ki, bu kontentə görə tələsməyə dəyərdimi? Bəlkə birinci televiziya kontenti yaxşılaşdırmaq, intellektual, maarifləndirici  proqramlar hazırlamaq, kontenti qaydaya salmaq yaxşı olardı. Daha sonra o kontent keyfiyyətli siqnallarla göndərilərdi. Elə bil ki, çox keyfiyyətli yol var, amma yolda gedən maşın xarabdır və sürücü əziyyət çəkir. Təxminən belə bir mənzərədir. Milli Televiziya və radio yayımı üzrə bizdə inhisarçılıq var, yalnız bir qurum bunu yayımlaya bilər. Milli Televiziya və radio yayımı İstehsalat Birliyi yəqin ki, televiziyalarla yeni müqavilələr bağlayacaqlar. Analoq yayımla bağlı əvvəlki müqavilələr yenilənməlidir. Məsələbn, TRT-nin yayımı dayanıb. Çünki bu kanalın yayımı analoq  müqavilə ilə həyata keçirilirdi. Digital yayım üçün həm xarici kanallar, həm də yerli kanallar yeni müqavilə bağlamalıdırlar. Maraqlıdır ki, yeni müqavilədəki tariflər necə olacaq, əvvəlki səviyyədə olacaq yoxsa, daha baha”.

Osman Gündüz həmçinin vurğuladı ki, artıq milli tezliklərimizin imkanları daha genişdir və tezliklə efirdə yeni kanallar görə bilərik: “Rəqəmsal yayım üçün də tezliklərdən istifadə olunur, amma bir tezlikdə bir neçə kanalı yayımlamaq mümkündür. Məsələn, əvvəllər 10 televiziyanın yayımı üçün 10 tezlikdən istifadə olunurdu, indi isə o kanallar bir tezlikdə yayımlanacaq, qalan tezliklər sərbəst olacaq. Artıq tezliklər boş olacaq və yəqin ki, MTRŞ bu boş televiziya tezliklərini müsabiqəyə çıxaracaq ki, kim öz proqramı və konsepsiyasi ilə qalib gələcəksə ona  veriləcək. Artıq boş tezliklər var. Əvvəl maneəsiz olan, yayım üçün keyfiyyətli olan tezliklərin defisiti var idi, ancaq indi bu dəqiqə bunlar var. MTRŞ bununla bağlı müsabiqə keçirə bilər”. (Musavat.com)

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə