“Asan İmza” Polşada təqdim edilib

12-06-2015 / 23:32

B.EST Solutions şirkətinin təsisçisi xanım Yana Krimpe iyunun 10-12-də Polşada keçirilən “Elektron İmza”ya dair XV Avropa Forumunda (EFPE 2015) iştirak edib.

Xeberler.az-ın məlumatına görə, Forum elektron etimad xidmətləri, elektron imza, açıq açar infrastrukturu və elektron identifikasiya kimi mövzulara həsr edilmiş ən böyük beynəlxalq konfranslardan biridir.

EFPE 2015-də məruzəçi qismində Avropa Komissiyasının, Avropa Telekommunikasiya Standartları İnstitutunun, BMT-nin orqanı olan UNCITRAL Katibliyinin, etimad xidmətlərindən istifadə edən dövlət və özəl təşkilatların, proqram və aparat həlləri istehsalçılarının, eləcə də elektron imza və elektron identifikasiya ilə əlaqədar xidmətlər təqdim edən sertifikasiya mərkəzlərinin nümayəndələri iştirak edir.

Forumda “Asan İmza – Azərbaycanda mobil hökumətin nadir platforması” mövzusunda məruzə edən xanım Krimpe tədbir iştirakçılarına Azərbaycanda elektron və mobil idarəetmə sahəsində mövcud vəziyyət barədə məlumat verib və “Asan İmza” mobil elektron imza texnologiyasını təqdim edib.

O qeyd edib ki, Azərbaycanın dövlət və özəl sektorlarının birgə tərəfdaşlıq modelinə əsaslanan mobil imza texnologiyasının tətbiqindəki təcrübəsi hazırda beynəlxalq miqyasda böyük maraqla qarşılanır. Onun sözlərinə görə, “Asan İmza” bütün tərəflərə açıq-aydın üstünlüklər təqdim edən çevik innovativ həldir. O, elektron xidmət təminatçıları üçün tətbiqin asanlığı, əhali üçün kütləvi istifadə baxımından əlçatan olması, eləcə də elektron mühitdə əməliyyatların həyata keçirilməsi zamanı maksimal təhlükəsizliyin təmin edilməsi kimi mühüm amillərə görə dünya miqyasında mövcud olan alternativləri ilə müqayisədə önə çıxır. Dövlət xidmətlərinin göstərilməsində geniş tətbiq edilməklə yanaşı, “Asan İmza” həm də elektron maliyyə əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsi baxımından perspektivli bir texnologiyadır.

Ümumilikdə, “Asan İmza” texnologiyasının təqdimatı forumun auditoriyası tərəfindən yüksək maraq şəraitində keçib. Konfrans ərzində həmçinin elektron etimad xidmətləri sahəsində ixtisaslaşmış nüfuzlu mütəxəssislərin məruzələri dinlənilib, hökumət və biznes nümayəndələri arasında müzakirələr təşkil edilib.

EFPE dünyanın müxtəlif ölkələrini təmsil edən məruzəçilərə və iştirakçılara elektron imza texnologiyasının inkişaf meyilləri, mövcud hüquqi baza, eləcə də qlobal informasiya cəmiyyətinin və elektron iqtisadiyyatın gələcək inkişafının qarşısında duran sədlərin müəyyən edilməsi istiqamətində təcrübə və fikir mübadiləsi aparmağa imkan verən geniş müzakirə meydançasıdır.

 

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.