“Rəqəmsal İpək Yolu” layihəsi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İKT qurumlarının iştirakı ilə müzakirə olunub

17-04-2023 / 18:27

Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin formalaşmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin icrası Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən qurumları tərəfindən müzakirə edilib.

Onlayn formatda keçirilmiş görüşdə təşkilata üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları sahəsində dövlət və özəl sektoru təmsil edən təşkilatları və layihəni icra edən şirkətlər - Azərbaycan tərəfdən AzerTelecom, Qazaxıstan tərəfdən isə Kazakhtelecom şirkətlərinin rəhbərliyi iştirak edib.

Tədbirdə “Rəqəmsal İpək Yolu” layihəsinin icrası, bu rəqəmsal infrastruktur layihəsində Türk Dövlətləri Təşkilatına üzv olan digər ölkələrin iştirak imkanları müzakirə edilib.

“AzerTelecom” şirkətinin Əməliyyatlar üzrə baş direktoru Sergey Nazarenko çıxış edərək təşkilata üzv ölkələrin nümayəndələrinə layihə barədə ətraflı məlumat verib, “Rəqəmsal İpək Yolu” layihəsinin icrası istiqamətində görülən işlər barədə danışıb. O rəqəmsal infrastruktur layihəsinin Orta Asiya və Qafqaz regionunda, ümumilikdə isə Avropa ilə Asiya arasında bağlantı xidmətlərinin təkmilləşməsinə verəcəyi töhfəni qeyd edib.

Qeyd edək ki, “Rəqəmsal İpək Yolu” layihəsi Türk Dövlətləri Təşkilatının diqqət mərkəzindədir. Təşkilatın ötən ilin 11 noyabr tarixində Özbəkistanın paytaxtı Səmərqənd şəhərində keçirilmiş IX Zirvə Görüşünün yekunlarına dair imzalanmış Səmərqənd Bəyannaməsində üzv dövlətlər arasında əməkdaşlığı genişləndirəcək “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Trans-Xəzər fiber-optik kabel infrastrukturunun əhəmiyyəti, sözügedən layihənin həyata keçirilməsində IT infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı fəaliyyətlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin, “2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası”nda da Xəzərin dibi ilə Trans-Xəzər fiber-optik kabel xəttinin icrasının sürətləndirilməsi, Avropa ilə Asiya arasında yüksək ötürmə gücünə sahib olacaq fiber-optik internet xəttinin qurulması prioritet vəzifə olaraq qeyd olunub.

“Rəqəmsal İpək Yolu” layihəsi Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə məlumat mübadiləsi ehtiyaclarını ödəyəcək regionun bütün ölkələri üçün strateji əhəmiyyətli bir layihədir. Layihə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihəsindən biri seçilib.

AzerTelecom Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur. Şirkət müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə