“Azərkosmos”un KOSMİK Akademiyasının təşəbbüsü, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi və İsrail Kosmik Agentliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan Beynəlxalq Kosmik Olimpiadanın final mərhələsi uğurla başa çatıb.
Xeberler.az məlumat verir ki, Milli mərhələnin I yer qalibi Akademik Zərifə Əliyeva adına liseyin məktəbli komandası beynəlxalq mərhələdə 500 məktəb və 11000 məktəbli arasında II yerə layiq görülüb.
İlk dəfə 2000-ci ildə Təl-Əviv şəhərində keçirilmiş Beynəlxalq Kosmik Olimpiada dünyada kosmik sahə üzrə ən nüfuzlu məktəbli tədbirlərdən hesab olunur.
Olimpiada minlərlə gənci kosmosun geniş möcüzələrini kəşf etməyə ruhlandıran kosmik təhsil təşəbbüsüdür. Sərhədləri aşaraq kosmik maariflənmənin əhatəsini genişləndirməklə Olimpiada kosmosa maraq göstərən qlobal məktəbli icmasını inkişaf etdirir. Beynəlxalq Kosmik Olimpiada 3 əsas pedaqoji yanaşma - (1) İdarəolunan Kəşf və Öyrənmə (GDL), (2) Problembazlı Tədris (PBL), (3) Hesablama Təfəkkürü (CT) vasitəsilə məktəblilərin bacarıqlarını inkişaf etdirir.
Bu il olimpiadada ölkəmizin 35 ümumtəhsil müəssisəsindən 700 nəfər 7-9-cu sinif şagirdi iştirak edib. Sözügedən ümumtəhsil müəssisələrindən 70 nəfər STEAM müəllimi Olimpiada çərçivəsində fasilitator qismində məktəbli komandalarına dəstək göstərib. Beynəlxalq ekspertlərin moderatorluğu ilə 70-dən çox müəllim üçün hibrid formatda silsilə seminarlar və ölkəmizdə “Təlimçilər üçün təlim” proqramı təşkil edilib.
Olimpiadanın birinci mərhələsi 2024-cü ilin oktyabr – 2025-ci ilin aprel aylarını əhatə edib. Bu mərhələdə məktəblilər dayanıqlı inkişaf, süni intellekt, beşinci texnoloji inqilab və cəmiyyətlə kosmosun qarşılıqlı təsiri kimi mövzularda praktiki tapşırıqlar yerinə yetiriblər.
İkinci mərhələdə məktəbli komandaları bir sıra kompleks və yaradıcı tapşırıqları yerinə yetiriblər. Onlar beynəlxalq kosmik stansiyaları araşdıraraq müqayisəli təhlil aparıb, özlərinin dizayn etdikləri innovativ kosmik stansiyanı vizual infoqrafik poster vasitəsilə təqdim ediblər. Məktəblilər, həmçinin “Claude AI Artifacts” alətindən istifadə edərək dizayn etdikləri stansiya haqqında təhsilyönümlü oyun hazırlayıb və bu sahəyə marağı artırmaq məqsədilə məktəblərində maarifləndirmə tədbirləri keçiriblər.
Üçüncü mərhələdə məktəblilər “Tinkercad” platformasında 3D kosmik stansiya modelləri dizayn edib, virtual çatbotlar vasitəsilə stansiya idarəetmə ssenariləri qurub və seçdikləri materialların kosmos şəraitinə uyğunluğunu test ediblər. Bu mərhələ həm də beynəlxalq əməkdaşlıq baxımından önəmli olub, məktəblilər “səfir” rolunda çıxış edərək fərqli ölkələrin komandaları ilə layihə mübadiləsi aparıb və qarşılıqlı təqdimatlar vasitəsilə qlobal təcrübə qazanıblar.
Olimpiadanın milli final mərhələsi çərçivəsində məktəblilərdən ibarət 14 komanda orbitdə həyat dəstəkləmə sistemləri, süni intellektlə idarəetmə və kosmosda davamlı kənd təsərrüfatı kimi mövzularda innovativ layihələr təqdim edib, fiziki modellər və vizual posterlər vasitəsilə dizayn etdikləri stansiyaları təqdim ediblər. Beşdəqiqəlik ingilisdilli təqdimatlarla layihələrini təqdim edən komandaların fəaliyyəti texniki və ünsiyyət bacarıqları baxımından qiymətləndirilib.
“Azərkosmos” nəzdindəki KOSMİK Akademiya ilə İsrail Kosmik Agentliyinin əməkdaşlığı, Azərbaycan Respublikası Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyin dəstəyi ilə həyata keçirilmiş Beynəlxalq Kosmik Olimpiadanın milli mərhələsi 2025-ci ilin aprel ayında uğurla başa çatıb.
Qeyd edildiyi kimi, Milli mərhələnin yekununda Akademik Zərifə Əliyeva adına liseyin məktəbli komandası I yerə, “Women in Tech” layihəsinin qızlardan ibarət yığma komandası II yerə, 161 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Beynəlxalq Kosmik Olimpiadanın beynəlxalq mərhələsi 2025-ci ilin may ayında İsrailin Təl-Əviv şəhərində Tel-Əviv Universitetində keçirilib. Olimpiadanın beynəlxalq mərhələsində Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov, Azərbaycan Respublikası Kosmik Agentliyi və İsrail Kosmik Agentliyinin nümayəndələri iştirak ediblər. Olimpiadanın beynəlxalq mərhələsi üzrə təşkil edilmiş qiymətləndirmə (jüri) üzvləri sırasında İsrail və Azərbaycanın Olimpiada üzrə Təşkilat komitələrinin bir sıra üzvləri yer alıb. Beynəlxalq mərhələdə məktəbli komandaları 9 ay boyunca milli mərhələ çərçivəsində hazırladıqları kosmik stansiya modelinin interyeri və eksteryeri, eləcə də hazırladıqları poster barədə müxtəlif tapşırıqları yerinə yetiriblər. Tədbir çərçivəsində “Azərkosmos” və İsrail Kosmik Agentliyi arasında gənclər üçün kosmik təhsil proqramlarının inkişafı üzrə əməkdaşlıq perspektivləri də müzakirə olunub.
“Kosmik stansiyalar” mövzusuna həsr olunmuş Olimpiada çərçivəsində məktəblilərdən ibarət komandalar innovativ yanaşma, yaradıcı düşüncə və elmi biliklərini nümayiş etdirərək müxtəlif praktiki tapşırıqları uğurla yerinə yetiriblər. Komandalar kosmik stansiyaların həm daxili, həm də xarici dizaynına dair funksional və yaradıcı həllər təklif ediblər.
Eyni zamanda, komandalar hazırladıqları stansiyaların texniki xüsusiyyətlərini və funksionallığını əhatəli şəkildə əks etdirən vizual posterləri jüri heyətinə təqdim ediblər. Bu posterlər vasitəsilə stansiyanın hissələrinin kosmik mühitdə necə fəaliyyət göstərdiyi və hansı məqsədlərə xidmət etdiyi izah olunub.
Təşkilat Komitəsi komandaların təqdimatlarını texniki parametrlər və ünsiyyət bacarıqları baxımından meyarlara uyğun şəkildə faiz göstəriciləri ilə qiymətləndirib. Təqdimatların sonunda jüri heyəti tərəfindən məktəblilərə suallar ünvanlanıb.
Səfər çərçivəsində Akademik Zərifə Əliyeva adına liseyin məktəbliləri və fasilitator müəllimləri İsrailin yüksək texnologiyalar sahəsində bir sıra qabaqcıl elmi və texnoloji sənaye mərkəzlərinə də baş çəkiblər. Onlar peyk və raket texnologiyaları üzrə ixtisaslaşmış İsrail Aerokosmik (IAI) MABAT bölməsində olub, orada naviqasiya və rabitə sistemləri ilə tanış olub və mühəndislərlə görüşüblər. Eyni zamanda, şagirdlər İsrailin kosmosa qayıdış proqramı - Rakia Missiyası barədə məlumat alıb, astronavt Eytan Stivbenin komandası ilə görüşlər keçiriblər.
Daha sonra onlar Planetanya Kosmik Mərkəzində astronomiya üzrə interaktiv dərslər və simulyasiya oyunlarında iştirak edib, qlobal kosmik problemlər üzrə bilik və liderlik bacarıqlarını inkişaf etdiriblər. Şagirdlər həmçinin “Google”un Təl-Əviv ofisini ziyarət ediblər.
Ziyarətlər çərçivəsində şagirdlər “Kosmosdan təəssüratlarım” adlı mühazirədə iştirak edib, İsrailin ikinci astronavtı Eytan Stivanın Beynəlxalq Kosmik Stansiyada keçirdiyi 17 günlük missiyası barədə təqdimatını dinləyiblər. Mühazirə zamanı kosmosda insan psixologiyası, mikroqravitasiya şəraitində həyat və elmi tədqiqatlarla bağlı maraqlı məlumatlar təqdim olunub.
Beləliklə, KOSMİK Akademiyanın təşkilatçılığı ilə həyata keçirilən layihələr ölkəmizin kosmik təhsil və elm sahəsində nüfuzunun artırılmasına dəstək göstərir, kadr potensialının formalaşmasına və insan kapitalının inkişafına yönəlir, eyni zamanda, milli kosmik ekosistemi təşviq edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları