"Ötən gün Azərbaycanda keçirilən investisiya forumunda deyilənlərlə beynəlxalq hesabatda qeyd olunanlar arasında ziddiyyətli məqamlar var".
Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
Ekspertin sözlərinə görə, bir neçə gün öncə açıqlanan Qlobal İnnovasiya İndeksində Azərbaycanın ən zəif yerləri – biliklərin yayılması (“Knowledge diffusion”) və biliklərin mənimsənilməsi (“Knowledge absorption”) indeksləri olub:
"Son iki ilin nəticələri göstərir ki, Azərbaycan innovasiya ekosisteminin ən kritik iki sahəsində – “Knowledge diffusion” və “Knowledge absorption” üzrə dünyanın ən son sıralarındadır.
“Knowledge diffusion” – biliklərin yayılması.
Bu göstərici ölkələrin istehsal etdiyi bilik və texnologiyaları dünyaya necə ixrac etməsini ölçür: intellectual mülkiyyətdən gələn gəlirlər, yüksək texnologiyalı məhsulların ixracı, İKT xidmətlərinin ixracı və ixrac strukturunun mürəkkəbliyini özündə əks etdirir".
Azərbaycan üzrə nəticələr belədir:
• 2024-də 119 yer, 2025-də 129 yer (139 ölkə arasında).
• Yüksək texnologiya ixracından gələn gəlir artıq 0-dır.
• Yüksək texnologiyalı ixrac üzrə 116-cı yer,
• İKT xidmətlərinin ixracı üzrə 108 yer
Osman Gündüzün sözlərinə görə, İT ixrac, yüksək texnologiyalı ixracımız çox zəifdir, ixracımızın əsas hissəsi hələ də xammal və ənənəvi məhsullardır:
"“Knowledge absorption” – biliklərin mənimsənilməsi.
Bu göstərici ölkələrin xaricdən gətirilən bilik və texnologiyaları necə mənimsədiyini ölçür: yüksək texnologiyalı idxal, İKT xidmətlərinin idxalı, xarici sərmayə (FDI), bizneslərdə tədqiqatçıların payı və s.
Bu indeks həm də hesabatdakı “Biznesin inkişafı” əsas blokunun tərkib hissəsidir.
Məhz bu əsas blok üzrə biz cari ildə nə az, nə çox, 44 pillə geriləmişik.
Onun alt çoxluğu olan “Biliklərin mənimsənilməsi” üzrə vəziyyət belədir:
• 2024-də 130-cu yerdə idik, 2025-də 134-cü yerə enmişik
• Xarici sərmayə axını mənfidədir: (-2.8 %). Yəni innovasiya sahəsində ölkəyə kapital gəlmir, əksinə çıxır".
Ekspert bildirib ki, bu hesabatı hazırlayanların istifadə etdikləri təxminən 80 indeksin Azərbaycan üzrə ən zəif bəndi məhz bu indeksdir - "Biliklərin mənimsənilməsi". Hesabatı hazırlayanların bu sahədəki hesablamalarına görə biz dünya üzrə axırdan 5-ci yerdəyik:
"Amma maraqlıdır ki, ötən gün keçirilən biznes forumunda nədənsə fərqli açıqlamalar verilirdi, məhz bu sahədə vəziyyətin əla olduğu bildirilirdi. Ola bilər digər sahələrdə həqiqətən də vəziyyət yaxşıdır, amma bu hesabat deyir ki, innovasiya sektorunda vəziyyət yaxşı deyil.
Beləliklə, Qlobal İnnovasiya İndeksi 2025 deyir ki, Azərbaycan hələlik dünyaya öz bilik və texnologiyasını ixrac edə bilmir. Qazaxıstan, Gürcüstan, Ermənistan və Özbəkistanda məhz bu istiqamətlər üzrə göstəricilər daha üstündür.
Düşünürəm ki, qərar qəbul edənlərimiz, sektora cavadeh qurumlar bunların fərqində olmalıdırlar.
Hesabat ciddi analiz olunmalı və Beynəlxalq Reytinqlər üzrə Komissiyada və digər əlaqəli qurumlarda müzakirə olunmalıdır.
İnnovasiya və İT sektorunda ixracı stimullaşdırmaq üçün, xarici investisiyaların cəlbi üçün, startap və innovasiya ekosistemin inkişafı üçün ciddi addımlar atılmalıdır".