“Biznesin inkişaf səviyyəsi” indeksində geriləmişik - Ekspert

17-09-2025 / 15:09
"“Qlobal İnnovasiya İndeksi 2025” dərc olunub. Hesabata görə Azərbaycan bu il cəmi 1 pillə irəliləyib, 139 ölkə arasında 94-cü yerdə qərarlaşıb".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Xatırladaq ki, ötən il dərc olunan hesabatda Azərbaycan 6 pillə geriləmişdi.
 
Son illərin nəticələri isə aşağıdakı kimi olub:
2020: 82-ci yer
2021: 80-ci yer
2022: 93-cü yer
2023: 89-cu yer
2024: 95-ci yer
2025: 94-cü yer
 
Ekspert bildirib ki, biz bir neçə il öncəki mövqeyimizi indiyədək bərpa edə bilməmişik. Bunun konkret açıqlaması odur ki, baxmayaraq ki bu sahədə bizdə müəyyən addımlar atılır, amma görünən odur ki, qonşularımız və digər ölkələr də yatmayıblar:
 
"Bu il reytinq cədvəli innovasiya ekosistemini əhatə edən 80 indikator-göstərici əsasında hazırlanıb. Azərbaycan “innovasiya resursları” subindeksi üzrə 76-cı yeri , “innovasiya nəticələri” subindeksi üzrə 112-ci yeri tutub. Yəni bu o deməkdir ki, yenə də resurslar var və hətta bu göstərici artıb, amma nəticələr qane edici deyil.
 
Hesabata görə ölkəmizin “İnstitutlar” indeksi üzrə mövqeyi də yüksəkdir, – 41-ci yer, həm də əvvəlki illə müqayisədə 10 pillə irəliləyib.
 
“İnsan kapitalı və elm” subbloku üzrə 88-ci , “İnfrastruktur” göstəricisi üzrə 105-ci, “Bazarın inkişaf səviyyəsi” göstəricisi üzrə 72-ci , “Biznesin inkişaf səviyyəsi ” üzrə 111-ci, “Bilik və texnoloji təsirlər” üzrə 110 -cu yer və “Yaradıcı fəaliyyət ” indeksi üzrə 108-ci yer əldə olunub".
 
Osman Gündüzün sözlərinə görə, Azərbaycanda ən zəif sahələr “Biznesin inkişaf səviyyəsi” bloku üzrə (67-ci yerdən 111-ci yerə enmişik), “Bazarın inkişafı” blokunda İnvestisiya- vençur maliyyələşmə sahəsi üzrə, “Bilik və texnoloji nəticələr” sahəsi üzrə (İT eksport və import, patentlər, intellektual mülkiyyət , yüksək texnologiyalar) , “Yaradıcı fəaliyyət” sahəsi üzrə (Yaradıcı məhsullar və xidmətlərin ixracı, milli filmlər, milli domenlər, mobil tətbiqlər ) və s. olub:
 
"“Yaradıcı fəaliyyət” sahəsi üzrə 12 pillə geriləmişik. "Bilik və texnoloji nəticələr” və İnfrastruktur göstəricilərimiz də pisliyə doğru dəyişib".
 
“Qlobal İnnovasiyalar İndeksi 2025” hesabatında region ölkələrinin innovasiyanın inkişafı üzrə sıralaması aşağıdakı kimi olub:
 
1. Türkiyə 43-cü yer
2. Gürcüstan 56-ci yer
3. Ermənistan 59-cu yer (+4)
4. Rusiya 60-cı yer (-1)
5. Ukrayna 66-cı yer
6. İran 70-ci yer
7. Özbəkistan 79-cu yer (+4)
8. Qazaxıstan 81-ci yer
9. Belarus 85-ci yer
10. Azərbaycan 94-cü yer (+1)
11. Qırğızıstan 96-cu yer (+3)
12. Tacikistan 108-ci yer
 
Ekspert bildirib ki, yenə də sektora yatırımlar çox qoyulsa da nəticələr çox zəif olub. Yəni əldə olunan nəticələr potensial imkanlarımıza uyğun deyil. Reytinq cədvəlində 95-ci yerdə oturuşan Azərbaycanın yanındakı ölkələrin adlarına baxanda bir daha bunun şahidi oluruq.
 
Hansı qurumlar bu sahədə vəziyyətə cavabdehdir?
 
Osman Gündüz qeyd edib ki, “Qlobal İnnovasiyalar İndeksi 2025” indikatorları bir çox sahələri ( innovasiya və rəqəmsal sektor, elm və təhsil sektoru, iqtisadiyyat, əqli mülkiyyət, mədəniyyət, qanunvericilik və s. ) əhatə edir. Hesabatı hazırlayanlar da bu indekslər üzrə datanı aidiyyatı üzrə müxtəlif mənbələrdən əldə edirlər:
 
"Düşünürəm ki, hesabatda sadalanlarla əlaqəli olan RİNN, İRİA, İqtisadiyyat Nazirliyi, KOBİA, Elm və Təhsil Nazirliyi, ASAN, Mədəniyyət Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyi və digər əlaqəli qurumlar bu nəticələri ciddi analiz etməlidirlər.
 
Elə qurumlar, elə məsul şəxslər var ki onlarla əlaqəli sahələrdə vəziyyət müsbətə doğru dəyişib. Amma elə sahələr də var ki nəinki yaxşılaşıb, əksinə pisliyə doğru dəyişib".
 
Ekspert bildirib ki, hesabatdan bir qədər şübhəli qalıb:
 
"Bu il gözləntilər çox idi. Sahə ilə əlaqəli işçi qruplarında aparılan çoxsaylı müzakirələrdən belə hesab edirdim ki bu il nəticələr çox yüksək olacaq.
 
Lakin təəssüf ki gözləntilərimiz özünü doğrultmayıb. Bəlkə də bəzi qurumlar tərəfindən zamanında vacib datalar Hesabatı hazırlayanlara təqdim edilməyib.
Ümid edirəm Katiblik , əlaqəli qurumlar Hesabatı ciddi analiz edəcəklər.
 
Düşünürəm ki, Prezident Administrasiyasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyi, RİNN-nin rəhbərlik etdiyi 60-dək qurumun nümayəndəsi təmsil olunan “Texnologiya və innovasiyalar” işçi qrupu və digər əlaqəli işçi qrupları səylərini gücləndirməlidirlər".
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə