Bu gün Beynəlxalq Proqramçılar Günüdür

13-09-2023 / 14:04

13 sentyabr – Beynəlxalq Proqramçılar Günüdür. Bu təqvim hər il ilin 256-cı günü beynəlxalq səviyyədə qeyd olunur. İl 365 gündən ibarət olarsa sentyabrın 13-ü, hər dörd ildən bir isə sentyabrın 12-si keçirilir.

AZƏRTAC xəbər verir ki, bu gün dünyanın bir çox ölkəsində qeyd olunsa da, Rusiyada rəsmi bayram elan edilib. Həmin təqvimin qeyd olunması fikri rusiyalı proqramçılar Mixail Çervyakov və Valentin Balt tərəfindən 2002-ci ildə irəli sürülüb. Onlar 256 rəqəmini ikili kod sisteminə, yəni rəqəmsal informasiyada səkkiz bitin bir baytla ifadə olunduğu fərqli dəyərlərə görə seçiblər. Bir sözlə 13 sentyabr peşəkar fəaliyyətini proqramlaşdırma sahəsi ilə bağlayan proqramçıların bayramıdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov bildirib.

Elvin Abbasov qeyd edib ki, proqramçılar, dünyanı daha yaxşı və daha rahat bir yer etmək üçün müxtəlif sahələrdə yaradıcı və innovativ həllər yaradırlar, müasir cəmiyyətin inkişafında böyük rol oynayırlar. Onların işi, bizim həyatımızı asanlaşdırır, maraqlı və zəngin edir. Proqramçıların yaratdığı məhsulların və xidmətlərin dünyanı necə dəyişdiyini və onların həyatımızda nə qədər vacib rol oynadığını hiss edirik. Bu dəyəri yaradan proqramçılardır.

“Rəqəmsal məhsullardan və xidmətlərdən gələn gəlirlər dünyada ən böyük maliyyə mənbəyinə çevrilən iqtisadiyyat rəqəmsallaşıb. Həmçinin hazırda ölkəmizdə əmək bazarında ən çox tələb olunan peşədə məs proqramçı peşəsidir. Sevindirici haldır ki, ölkəmizdə bu sahəyə bütün yaş qrupları maraq göstərir və xüsusən də gənclər və yeniyetmələr arasında ən çox rəqabət görən peşədir. Bir çox insan gələcək karyerasını proqramçılıq sahəsində qurmaq istəyir, çünki bu proqram inkişafçısı olmaqla siz yüksək gəlirlər əldə edə bilərsiniz.

Qeyd edim ki, proqramçılar, kod yazmaqdan daha çox şey edirlər. Onlar problem həll edirlər, yaradıcılıq göstərir, innovasiya aparırlar və insanlara kömək edirlər. Proqramçılar gününüz mübarək olsun! Sizinlə fəxr edirik!”, - deyə Elvin Abbasov bildirib.

Qeyd edək ki, Ada Avqust Bayron-Kinq dünyada ilk proqramçı qadın kimi tanınır. Məşhur ingilis şairi Corc Qordon Bayronun qızı Ada Kinq 1842-ci ildə ixtiraçı Çarlz Bebbicin hazırladığı layihə əsasında hesablama maşınının təsvirini verməklə ilk proqramı yaratmış və bununla tarixə düşüb. Məhz Ada Avqust Bayron-Kinq proqram təminatı tarixində ilk dəfə proqramlaşdırmanın əsas anlayışlarını təqdim edib. Bundan başqa, hesablama texnikasından praktiki istifadənin mümkün istiqamətlərini – musiqi əsərlərinin yazılması, mürəkkəb qrafiki obyektlərin qurulması və hətta kompüter oyunlarını proqnozlaşdırıb.

1976-cı ildə ABŞ-ın Müdafiə Nazirliyi Amerika silahlı qüvvələrinin vahid proqramlaşdırma dilinin adını rəsmi olaraq təsdiq edib. Planetin ilk qadın-proqramçısının şərəfinə proqramlaşdırma dili ADA adlandırılıb.

Bu gün Azərbaycanda da bir sıra uğurlar qazanmış qadın qroqramçılarımız var - İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva, B.EST Solutions şirkətinin təsisçisi və direktoru Yana Krimpe, “Azercell Telekom” MMC-nin Şəbəkə Texnologiyası şöbəsinin rəhbəri Xavər Babazadə və başqaları bu sahədə kifayət qədər müvəffəqiyyət qazanıblar.

Bu gün ən prestijli və ən çox qazandıran ixtisaslardan biri, bəlkə də birincisi proqramlaşdırmadır. Bu faktdan xəbərdar olan bir çox insan həvəsə gəlib proqramçı olmaq istəyir. Əlbəttə ki, hər bir işə başlamaq üçün həvəs yaxşı motivatordur, lakin uğur qazanmaq və müvəffəq olmaq üçün kifayət deyil.

Bu barədə müsahibəsində Bakı Dövlət Universitetinin Kompüter elmləri bölməsinin məzunu Lalə Muxtarova deyib.

“Elektronikaya olan dərin marağım və bu sahədə olan biliklərimi artırmaq üçün “Code&More” kursunda Elektronika təliminə qoşulmuşam. Proqlamlaşdırma biliklərim əsasında Embedded proqramlaşdırmaya (Mikrokontroller proqramlaşdırma) yönəlmişəm. Bu təlimlərdən sonra burada qalıb karyerama təlimçi kimi davam edirəm. Seçimimdən heç peşman deyiləm. Hər il bu kurslara çoxsaylı gənclərimiz müraciət edir. Onlarda gördüyüm proqramlaşdırmaya olan maraq və səylər məni bir daha əmin edir ki, vaxtında düzgün seçim etmişəm. Əvvəllər bu sahədə daha çox kişiləri görmək olardı, lakin bu gün ölkəmizdə xanım proqramçılar var ki, artıq bu sahədə öz sözünü deyib. Bu çox sevindirici haldır ki, oğlanlarımızla bərabər qızlarımızda proqramçı olmaq istəyir”, - deyə xanım proqramçı bildirib. (Azərtac)

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə