Məlumat verdiyimiz kimi, Bakıda artıq 4 gündür ki, proqramçılar arasında HackDay keçirilir.
Dünən səhər saat 9:00-dan etibarən isə yarış başlayıb və proqramçılar dayanmadan işləyir.
Onlar ötən gecə də yuxusuz qalıb, səhərə qədər kod yazıb.
Hazırda yarış davam edir.
Xeberler.az olaraq yarışda komandaların fəaliyyəti ilə maraqlanmaq üçün Barama HackDay-də olduq.
Proqramçılar bu neçə gündə işlərindən və gecə yuxusuz qalmaqlarından danışdı.
Öncə tədbirin təşkil edilməsi ilə bağlı Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin kordinatoru Fidan Tofidi ilə söhbət etdik.
O, HackDay-in təşkili ilə bağlı maraqlı məqamları bölüşüb.
Fidan Tofidi deyir ki, HackDay dünya ölkələrində çox keçirilir. Onun sözlərinə görə, artıq belə tədbirlər trend halına gəlib. Belə ki, böyük şirkətlər daxilində olan ehtiyaclardan qaynaqlanaraq HackDay təşkil edir və proqramçıların təklif etdikləri layihələri dəyərləndirir:
“ Biz HackDayi-i təşkil edəndə dünya ölkələrindəki təcrübə ilə maraqlandıq. 36 saat dayanmadan HackDay ilk dəfədir ki, təşkil olunur. Dünyada böyük şirkətlər HackDay tədbirlərini təşkil edərək onlara lazım olan mövzu ilə bağlı yeni layihələr qazanır. Bu, həm şirkət üçün, həm də proqramçılar üçün faydalıdır”.
Fidan Tofidi deyir ki, tədbirin keçirilməsində əsas məqsəd gənc proqramçıların özlərini inkişaf etdirmələrinə yeni imkan yaratmaqdır:
“ Bəzən gənclər özlərini inkişaf etdirmək üçün yeni imkanlar axtaranda problemlə üzləşir. Yəni, onlar öz potensialını göstərə bilmək üçün tədbirlər tapa bilmir. Bu problemləri də nəzərə alaraq ölkəmizdə belə tədbir keçirmək qərarına gəldik. Əslində, gözləmədiyimiz qədər müraciət aldıq. Bu, sevindirci haldır. Proqramçılar belə tədbirlərə qatılıb, öz layihələrini irəli sürmək istəyir. İlk vaxtlar HackDay-i developer sahəsində təcrübəsi az olanlar üçün təşkil etməyi düşünmüşdük. Tədbirə böyük maraq olduğunu nəzərə alaraq HackDay-i daha geniş təşkil etmək qərarına gəldik”.
Fidan Tofidi təbirdə iştirak üçün 150-dən çox müraciət olduğunu deyib:
“ Təcrübəsi daha çox olan gənclərin müraciətlərini nəzərə alaraq mövzunu bir az çətinləşdirdik. Hazırda onlar qida ilə bağlı layihə yazırlar. Məqsədimiz, yaradıcı gəncləri kəşf etməkdir. Onları bir araya toplayıb nəyi bacardıqlarını müəyyən edirik. Əslində, 36 saat ərzində startap yaratmaq olmaz, amma layihənin ilk mərhələsini tamamlamaq olar”.
O qeyd edib ki, burada yaranan layihələrin müəlliflik hüququ layihə rəhbərlərinə məxsusdur. Azercell sadəcə onlara dəstək verir:
“Azercell layihələrə dəstək verir. Məqsədimiz maraqlı layihələrin ortaya çıxmasına yardım etməkdir. Proqramlaşdırma da bizə də maraqlıdır. Son dövrlərdə bu sahə sürətlə inkişaf edib, populyarlaşır. Ölkəmizdə də bu sahəyə gənclər arasında böyük maraq var. Bunları nəzərə alaraq HackDay-i ənənə halına gətirib, tez-tez təşkil etməyi düşünürük. Gələcəkdə HackDay tədbirlərini daha geniş məkanlarda və müxtəlif mövzularla bağlı təşkil edəcəyik. İndi məkanı nəzərə alaraq 13 komandanı qəbul etdik. Əslində, biz 10 komanda nəzərdə tutmuşduq, müraciətlərin çoxluğunu nəzərə alaraq sayı artırdıq”.
Fidan Tofidi tədbirlə bağlı rəylərə açıq olduqlarını da diqqətə çatdırıb.
O bildirib ki, tədbirin yekununda iştirakçıların da təklifləri dinləniləcək və gələcək tədbirlərdə bu rəylər nəzərə alınacaq.
Daha sonra HackDay-də yarışan komandalarla söhbət etdik:
LyaFaMi
LyaFaMi komandası 3 nəfərdən ibarətdir- Mircəlal Talışinski, Ləman Qədrili və Fərid Cəlilov.
Komanda rəhbəri Mircəlal Talışinski deyir ki, LyaFaMi onların komandasındakı üzvlərinin adlarının ilk 2 hərfidir.
LyaFaMi qrupunda xanım developerin olması diqqətimizi cəlb etdi.
Elə söhbətə Ləman xanımla başladıq. Onlar gecə yuxusuz qalıb kod yazıblar:
“Bakı Dövlət Universitetinin Sabah qrupularının 3-cü kursunda Kompüter Elmləri üzrə təhsil alıram. Universitetdə proqramçılıqla bağlı müxtəlif yarışlarda iştirak edirəm. Amma developer sahəsində ilk dəfədir ki, belə yarışa qatılıram. Mənim üçün Barama Hack Day böyük təcrübə oldu. Düzdür, gecə bir az çətin oldu. Əsas da səhər 4:00-dan sonra lap çətinləşdi. Amma yarış çox maraqlıdır. Bilirik ki, yeni proqram üzərində işləyirik və qalib olma şansımız var. Komandamız da yaxşı çalışır. Ümid edirik ki, qalib olacağıq”.
Komanda kapitanı deyir ki, yarışın bitməsinə son saatlar qalıb və demək olar ki, proqramın texniki tərəfini bitiriblər:
“Proqramın funksionallıq tərəfini də bitirmişik. Sonra dizayn tərəfini işləyəcəyik. Düzdür, vaxta az qalıb. Amma bitirəcəyimizə əminik (gülür)”.
Mircəlal Talışinski deyir ki, gecə yuxsuz qalsalar da, yorulmayıb və yarışda qalib olacaqlarına iddialıdır.
Prorqamçı qeyd edib ki, HackDay-də iştirak etmək maraqlıdır və yeni tanışıqlar qazanıblar.
Ləman Qədirli qalib olmaq üçün əllərindən gələni etdiklərini də diqqətə çatdırıb.
Yusoft komandasının da başı qarışıqdır. Proqramçılar vaxtın azlığına görə diqqətlərini işlərinə yönəldib, ciddi-ciddi işləyir.
Ona görə onların vaxtını da çox almamaq üçün elə komandanın kapitanı Elşad Primov ilə söhbət edirik.
Elşad Primov əvvəlcə komandanın adının açıqlamasını edir:
“Oğlumun adı Yusifdir. Ona görə də komandaya bu adı verdik ( gülür). Bəli, gecə çox işlədik, kod yazdıq. Amma elə bu işin maraqlı tərəfi, özəlliyi də gecə kod yazmaqdır (gülür)".
Proqramçı deyir ki, əslində yarışda daha çətin İT solutions ( həllər) tələb olunacağını gözləyirmiş:
“Əslində, mən daha çətin iş gözləyirdim. Amma yarışda normal biliyə sahib developerlerin hamısı iştirak edə bilər. Yəni, onlar da bizim kimi kod yaza bilər. HackDay-də proqramın yazılması, fərqlilliyi hər kəsin öz yanaşmasından aslıdır. Qida üzrə proqram yazırıq, amma bu, o qədər də qlobal deyil. Yəni, sizin yaradıcılığınızdan çox şey aslıdır”.
Elşad Primov komandasına inandığını və qalib olacaqlarına ümid etdiyini vurğulayıb.
Check Mate ( Şahmat) komandasında isə 2 proqramçı var- Məcnun Abdurahmanov və Qalib Sarayev.
Hər iki proqramçı Qafqaz Universitetində tələbədir.
Deyirlər ki, gecə 2 saat stolun üstündə yata biliblər. Amma yorğun deyillər.
Məcnun Abdurahmanov qalib olacaqlarına ümid etmir və səbəblərini də açıqlayır:
“ Burada kifayət qədər təcrübəli devolperlər var. Ona görə biz qalib olacağımıza əmin deyilik. Komandamızın bir üzvü səhhəti ilə bağlı ayrıldı. Belə görünür ki, layihəmiz texniki cəhətdən zəif olacaq. Buna baxmayaraq biz əlimizdən gələni edirik”.
Qalib Sarayev deyir ki, yarışda iştirak etmək onlara fərqli insanlara ünisyyətdə olub, yeni tanışlıqlar baxımından faydalıdır.
Proqramçılar gələcək HackDay-lərdə komandaların daha çox olmasını və belə tədbirlərin tez-tez keçirilməsini təklif edir.
Bet365 komandasında 2 nəfər var- Xumar Musayeva, Məzahir Eyvazlı
Komanda rəhbəri Məzahir Eyvazlı deyir ki, Bet365 Topaz-ın qlobal formasıdır. Onlar maraqlı olsun deyə bu adı seçiblər.
Xumar Muayeva Bakı Dövlət Universitetində Kompüter Elmləri üzrə təhsil alıb. Hazırda front-end developer işləyir:
"HackDay-də ilk dəfədir iştirak edirəm. Marqlı olduğu qədər çətindir. Əslində, biz bu proqramı özümüz üçün edirik. Gələcəkdə bunu layihə kimi formalaşdırmağı düşünürük. Hazırda kiçik yaşlı uşaqlar üçün sağlamlıqa bağlı oyun yaradırıq”.
Məzahir Eyvazlı deyir ki, işin 60 faizini ediblər və axşama qədər bitirəcəklər:
“Əvvəllər Barama-da işləmişəm. Burada əksər proqramçıları tanıyıram. Qalib olmaq üçün çalışırıq. Rəqiblərimizin də gücünə bələdik. Gecə bir az çətin oldu. Yata bilmədiyimiz üçün yorğunluq var”.
Qeyd edək ki, bu gün saat 21:00-da yarış bitəcək. Sabah səhərdən isə komandalar layihələri ilə bağlı münsiflər qarşısında təqdimat edəcək.
14 mart 10:00-da baş tutacaq mükafatlandırma mərasimi ilə HackDay2016 yarışı yekunlaşacaq.
Münsiflər heyətində Yüksək Texnologiyalar Parkından, Azercell-in Yeni Texnologiyalar şöbəsindən, Huawei şirkətindən PAŞA Bank və Sup.az-dan nümayəndələr olacaq.
Azercell-in baş sponsorluğu, PAŞA Bank və Huawei Mobile Azərbaycanın sponsorluğu ilə təşkil olunan yarışda 1-ci yerə layiq görülən komanda üzvləri Huawei şirkəti və Azercell tərəfindən qiymətli hədiyyələr ilə mükafatlandırılacaq. Yarış müddətində proqramçıların yemək təminatını isə PizzaMizza şirkəti öz öhdəsinə götürüb.
Məltəm Talıbzadə
Barama İnnovasiya Mərkəzi
Saat 16:37
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri