Ölkədə internetin keyfiyyəti niyə pisləşib?

20-04-2016 / 14:35

Son dövrlərdə Azərbaycan internetinin keyfiyyətində ciddi problemlər müşahidə edilir.

Provayderlərin təqdim etdikləri internet xidmətləri istifadəçiləri qane etmir.

Müxtəlif provayderlərdən istifadə edən vətəndaşlar narazılıqlarını həm sosial şəbəkələrdə yazır, həm də Xeberler.az-a müraciət edərək, məsələnin səbəbini öyrənməyə çalışırlar.

Azeronline provayderindən istifadə edən Murad Məmmədzadə deyir ki, əvvəllər bu proveyderin xidmətindən razı idi.

Onun sözlərinə görə, son dövrlərdə provayderin  xidməti çox aşağı düşüb. Murad Məmmədzadə hazırda da internetin sürətinin çox aşağı olduğunu  vurğulayıb.

Uninet provayderindən istifadə edən Kərəm Məmmədov da qeyd edir ki, Uninet- CityNet Nar Mobile tərəfindən satın alındıqdan sonra proveyderin xidmətinin keyfiyyəti aşağı düşüb.

Kərəm Məmmədov qeyd edib ki, tez-tez internetdə kəsintilər olur.

Uninet-in  təqdim etdiyi internet sürətinin də aşağı düşdüyünə görə, istifadəçi bu xidmətlərdən normal istifadə edə bilmir.

İmpler Agentliyinin Digital direktoru, Sosial Media və Digital Marketinq üzrə mütəxəssis İlqar Mirzə də  ölkədə internetlə bağlı problemin olduğunu diqqətə çatırıb.

Mütəxəssis deyir ki, işdə Azeronline provayderindən istifadə edir və bu xidmətdən razı deyil.

Evdə isə KATV1-in internet xidmətindən istifadə etdiyini bildirən mütəxəssis bu provayderdə də problemlerin olduğunu deyib:

“Yanvar ayından Azərbaycanda internetin sürətində və keyfiyyət məsələlərində ciddi problemlər müşahidə edilir. Artıq əvvəlki kimi internetdən normal istifadə edə bilmirik”.

Bununla yanaşı, çoxsaylı digər internet istifadəçiləri də ölkədəki  həm özəl, həm də dövlət  provayderlərin xidmətinin çox aşağı düşməsindən narahatlıqlarını bildirir.

Xeberler.az olaraq məsələni araşdırmağa çalışdıq.

Məlum olduğu kimi, son dövrlərdə Azərbaycanın internet infrastrukturunda müəyyən dəyişikliklər olub.

Belə ki, Nar Mobile-ın CityNet-i satın alması ilə bazarda xüsusi çəkisi yetərincə yüksək olan CityNetUninet də Azərbaycanın ikinci backbone provayderi Azərtelekom-dan internet almağa başladı.

Əvvəllər Delta Telecom-dan internet trafik alan CityNet bu bakbone provayderin xidmətindən artıq imtina edib.

Hərçənd bu birləşmədən sonra CityNet provayderinin fəaliyyətinin daha təkmilləşəcəyi gözləniləsə də, müşahidələrimiz və istifadəçilərin rəyləri də göstərir ki, gözləntilər özünü doğrultmadı. Hətta, əksinə indi CityNet əvvəlkindən daha zəif xidmət göstərir.

Mütəxəssislər bildiririr ki, internetlə bağlı yaranan problemin digər səbəbi  isə provayderlərin Delta Telecom ilə məhkəmə səviyyəsinə çatan borc davası ilə bağlı ola bilər.

Məlumat verdiyimiz kimi, yerli provayderlərin ölkənin əsas internet təchizatçısı olan Delta Telecom-a külli miqdarda borcu yaranıb. Bu səbəbdən də adı çəkilən şirkət beynəlxalq telekommunikasiya operatorları ilə ödənişləri edə bilmədiyindən ölkədə internetin kəsilməsi ehtimalı yaranıb.

Təkcə dörd dövlət provayderinin Delta Telecom-a 10 milyon manatadək borcu olduğu bildirilirdi.

Provayderlər Delta Telecom-a borclarının olduğunu Xeberler.az-a  təsdiqləmişdi.

Əldə etdiyimiz məlumata görə, hələ də provayderlər  şirkətə borclarını tam  ödəməyib.

Bir müddət əvvəl də məlumat vermişdik ki,  Delta Telecom borcunu ödəməyən,   provayderlərin internet trafikini  azaltmağa və onların internetini kəsməyə , həmçinin  onları məhkəməyə verməyə hazırlaşır.

Qeyd edilirdi ki, ilk növbədə uzun müddətdən bəri borcu olan provayderlərlə münasibətlərin məhkəmə müstəvisində həll edilməsi nəzərdə tutulur.

Hazırda Bakı Telefon İstehsalat Birliyi – Bakinternet provayderinin, Aztelekom (AzTelecom.net), AzEurotel , MHM ( AzDataCom), AzQtel (SAZZ), Qlobal Network, Smart System, Caspel,  Connect, Caspian Telekom (Ailə TV), Avritel provayderlərinin Delta Telecom-a böyük miqdarda borcunun olduğu bildirilir.

Bu faktlar da onu göstərir ki, provayderlər  hələ də Delta Telecom-a borclarını ödəməyib və güman ki, şirkət də onlara verilən internet trafikini azaldıb.

Digər bir məsələ isə regionlarda dövlət provayderlərinin mövqelərinin daha da gücləndirilməsi, özəl provayderin sıxışdırılması halıdır.

Belə ki, 2013-cü ilə qədər  özəl provayderlər hər bir  müştərisinə görə, ATS-lərə, daha doğrusu Qovşaqlara 5 AZN qoşulma haqqı ödəyirdi.

Məsələn, tutaq ki, hansısa bir provayderin bir ayda 1000 müştərisi internetə qoşulursa, buna görə provayder  ATS-ə  5000 AZN ödəyirdi. Bu da internetin qiymətinə ciddi təsir edirdi. 

Bir neçə il öncə bu məsələ internet ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılandığından müzakirələrə səbəb oldu. Bunun nəticəsində 2013- cü ildə rabitə nazirinin Aztelekom və BİTRİB-ə rəsmi müraciətlərinə əsasən bu ödənişlər  dayandırıldı. 
Lakin indi provayderlər qeyd edir ki, Aztelekom və BTRİB onlara təsir etməyə başlayıb ki, nəinki indi qoşulanlar, həmçinin 2013-cü ildən sonra qoşulanların hər birisi üçün də əvvəlki qaydada 5 manat ödənilməlidir.

Artıq bəzi provayderlərə xəbərdarlıq edilib ki, bu məbləğ ödənilməsə, onların ATS-lərdə olan qurğuları söndürüləcək.

Bütün bunlar onu göstərir ki, dövlət provayderlərinin xərclərini süni şəkildə artırılmasından həmişəki kimi internet istifadəçiləri əziyyət çəkir.

Görünür, öz xərclərini ödəmək , həmçinin ondan tələb edilən ödənişləri də qarşılaya bilmək üçün provayder müştərinin cibinə girməyi çıxış yolu kimi görür.

Hər halda  problemin həlli  ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi(RYTN) və digər məsul qurumlar müvafiq addımlar atmalı, vətəndaşların  provayderlərə ödədiyi kifayət qədər baha olan qiymətə uyğun keyfiyyətli internet xidməti əldə etməsi təmin olunmalıdır.

Məsələni diqqətdə saxlayacağıq.

 

 Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə