“Hazırda İKT sektorunda durğunluq, ruh düşkünlüyü yaşanır”

23-11-2015 / 11:23

Məlumat verdiyimiz kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) 20 noyabr-20 dekabr tarixlərində “Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı”na başlayır.

Artıq  bu məqsədlə RYTN-də müvafiq Tədbirlər Planı hazırlanaraq icra üçün aidiyyatı qurumlara tapşırıqlar verilib.

Xeberler.az bu müddət  ərzində rabitə sahəsində hansı dəyişikliklərin, müsbət təsirlərin olacağı barədə maraqlanıb.  Maraqlıdır ki, hazırki vəziyyətdə RYTN-nin bu addımı İKT sahəsində rəqabəti gücləndirib,  mövcud problemləri aradan qaldıra bilərmi?

Məlumdur ki, RYTN ətrafında baş verənlərdən , RYTN -də və ona tabe olan qurumlarda bir sıra yüksək vəzifə tutan şəxslərin həbsindən sonra bu sektorda bir durğunluğun yaşandığı müşahidə olunur.

Görəsən RYTN tərəfindən elan edilən “Rabitə aylığı” bu durğunluğun qismən də olsa aradan qaldırılmasına yardım edə biləcəkmi ?

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Xeberler.az-a bildirib ki, RYTN tərəfindən həyata keçirilən “Rabitə xidmətlərinin  keyfiyyətinin yüksəldilməsi aylığı” müsbət addımdır.

Onun sözlərinə görə, bu, son dövrlərdə RYTN ətrafında baş verən hadisələrlə bağlı bu sektorda yaranan ruh düşkünlüyünü, durğunluğu aradan qaldıra bilər:

“Bunun üçün əlbəttə çox iş görmək,  bir çox məsələlərə yenidən baxmaq lazım gələcək. Əlbəttə, gözləmək olmaz ki,  hansısa bir-iki addımdan sonra burada bir canlanma yaşansın. Bunun üçün çox çalışmaq lazımdır”.

Osman Gündüz bildirib ki,  bu problemləri aradan qaldırmaq üçün  Nazirlik ilk növbədə maraqlı tərəflərin iştirakı ilə müzakirələr təşkil etməli, mövcud vəziyyəti dəyərləndirməlidir :

“Düşünürəm ki, bu aylıq çərçivəsində ilk növbədə qüvvələri səfərbər etmək, İKT sektorunda mövcud vəziyyəti qiymətləndirmək,  ən ağrılı problemləri, prioritetləri müəyyən etmək və bunların aradan qaldırılması üçün yeni yanaşmalar irəli sürmək düzgün olardı”.

Osman Gündüz bildirib ki , internetlə bağlı ilk növbədə dövlət provayderlərinin haqsız rəqabət mühiti yaratmasına,  qiymətlərin yüksək olmasına, provayderlərin “çəkidə aldatmaq” məsələsinə, ATS- lərdə hər bir müştəriyə görə  provayderlərdən alınan qeyri-qanuni haqlara  diqqət yetirmək lazımdır.

Onun sözlərinə görə, əgər ATS-lər provayderlərdən qeyri-qanuni haqları almasalar, əlavə xərclər olmasa,   təbii ki son müştəri üçün qiymətləri endirmək daha asan olacaq:

“Provayderlər tərəfindən müştərilərin çəkidə aldadılmasına son qoymaq üçün RYTN yeni addımlar ata bilər. Məsələn, başqa ölkələrdə olduğu kimi hər provayder üçün müştərilərin sayına uyğun olaraq aldığı internet trafikin həcminə minimal tələb qoymaq olar. Məsələn, əgər provayderin müştərilərə satdığı toplam  trafik 10 Gb/s olarsa , o ən azı 3 Gb/s trafik almalıdır ki, günün ən pik saatlarında  normal internet təminatı verə bilsin. İndiki halda isə provayder 10 Gb/s  satırsa,  cəmi 1 Gb/s alır. Uzun illərdir ki, bu, belə davam edir”.

Osman Gündüz qiymətlərin endirilməsi ilə bağlı indiki məqamda  Delta Telecom-dan da gözləntilərin çox olduğunu qeyd edib.

 “Fikrimcə , RYTN  və Delta Telecom , xüsusilə də son günlərdə baş verən “16 noyabr” hadisəsindən sonra,  internet qiymətlərinin endirilməsi və ya bu qiyməti saxlamaqla sürətin artırılması məsələsinə yenidən baxa bilərlər. Delta Telecom tərəfindən bu cür addımın atılması anlaşılan olardı”.

Osman Gündüz  hazırda BTRİB, Aztelekom və Ultel-də mövcud olan  “doğma provayder” məsələsinə, inhisarçılıq məsələsinə də son qoymağın vaxtı çatdığını bildirib.

O qeyd edib ki,  RYTN rəqabətli mühit yaratmağa , operatorların özbaşınalığına son qoymağa diqqət etməlidir:

Kabel-kanalizasiya sistemlərindən hər bir provayderin istifadəsi üçün şərait yaradılmalıdır. Tənzimləmə məsələləri  liberallaşmalıdır. Ənənəvi qadağa qoyulan sahələr aradan qaldırılmalı, İP telefoniaya olan qadağa aradan götürülməlidir, həmçinin .az domeninin qeydiyyatı  üzərində uzun illər davam edən  inhisarçılıq da aradan qaldırılmalıdır”.

Osman Gündüz  xüsusilə də şəffaflıq və informasiya açıqlığı məsələlərinin gücləndirilməsini,  RYTN-də  ictimai nəzarət imkanlarının genişləndirilməsinin vacibliyini qeyd edib:

“Son hadisələrlə bağlı aparılan təhqiqatlar göstərir ki, dövlət operatoru, RYTN-nin tabeliyində olan qurum hər hansı  bir şirkətlə müqavilə imzalayır, əməkdaşlığa başlayır  və on min kilometrlərlə fiber optik infrastruktur qurulur. Amma nə İKT ictimaiyyəti , nə də Nazirlik bu qurumları tanımadığını bildirir. Belə hallar  yolverilməzdir”.

Forum prezidenti son günlər müzakirə olunan  BTRİB- in müəyyən etdiyi analoqu olmayan  tariflər məsələsinin  tənzimlənməsinin də bu aylıq çərçivəsində vacib olduğunu qeyd edib:

“Düşünürəm ki,  həm Tarif Şurası tərəfindən, xüsusilə də RYTN və BTRİB  tərəfindən müəyyən olunan tariflərə yenidən baxılmalıdır. Hazırda bu tariflərin böyük əksəriyyəti ancaq inkişafı ləngidən amilə çevrilib. Eyni zamanda düşünürəm ki, RYTN operatorlara, tabeliyindəki qurumlara nəzarəti gücləndirməlidir. Bəziləri özlərini nazirdən də yüksək səviyyədə tuturlar. Provayderlərə, müştərilərə aşağı münasibət sərgiləyirlər".

Osman Gündüz bu sektordakı müsbət addımları da qiymətləndirib:

“RYTN-in Məlumat Hesablama Mərkəzində təşəbbüskarlıq, şəffaflıq, informasiya açıqlığı, onların media qurumları və təhsil sektoru, digər dövlət qurumları  ilə apardıqları işlər təqdirə layiqdir. Düşünürəm ki, bu cür işgüzar , şəffaf   mühit RYTN-nin digər qurumlarında yaradılmalıdır. Bəzən olub ki , hansısa bir təşəbbüs ,  layihə RYTN-də uzun-uzadı müzakirə olunub, bununla bağlı yüzlərlə qapalı toplantılar keçirilib və çox zaman da belə layihələr iflasa uğrayıb. Sonradan isə  layihə ilə bağlı başqa  maraqlı tərəflərin iştirakı ilə yenidən müzakirə olunub və onlar tərəfindən icra edilməyə başlayıb.  Belə olanda da biz inkişafdan geri qalırıq. Fikrimcə, vətəndaş cəmiyyəti üçün ictimai nəzarət imkanlarını genişləndirmək  RYTN üçün əsas fəaliyyətlərdən biri olmalıdır. Bu məsələ ilə bağlı  İctimai Şuranın da yaradılmasına  başlamaq faydalı olardı. Nazirliyin  özünə məxsus olan bir neçə  xəbər saytları yaratması da anlaşılan məsələ deyil.  RYTN  çoxlu saytda xəbər saytları saxlamaqdansa, informasiya mərkəzləri qurmaqdansa , elə nazirliyin rəsmi saytını təkmilləşdirmək, başqa nazirliklərdə olduğu kimi kadr və maliyyə resurslarını  rəsmi resursun   üzərində cəmləsə daha düzgün və faydalı olardı”.

Sevinc Çəltikova 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə