Bu il Beynəlxalq Qadınlar Günü elm, texnologiya və innovasiya sahələrində gender boşluğunun aradan qaldırılmasına həsr olunub. Qlobal miqyasda kişilərin internetdə olma ehtimalı qadınlara nisbətən 21 faiz, aşağı gəlirli ölkələrdə isə 50 faiz daha çoxdur.
Bu fikirlər Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antono Quterreşin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə yazdığı məqalədə yer alıb.
Onun sözlərinə görə, hətta ən zəngin ölkələr belə gender əsaslı stereotiplər və tarixi qərəzlər səbəbindən uduzur. Texnologiya sənayesində kişilər qadınları iki dəfə üstələyir. Süni intellekt sahəsində isə bu nisbət beşə birdir. Böyük məlumatlar qızıl dəyərindədir və müasir dünyada siyasi, biznes qərarlarının əsasını təşkil edir. Ancaq burada da tez-tez gender fərqliliyi nəzərə alınmır və ya ümumiyyətlə, qadınlar görməzdən gəlinir. Hamımız təməlindən gender bərabərsizliyini artıran, habelə rəqəmsal məhsullar hesabına patriarxallığı, qadına qarşı nifrəti əbədiləşdirən məhsul və xidmətlərdən narahat olmalıyıq. Dünyanın Silikon Vadiləri qadın hüquqları üçün Ölüm Vadilərinə çevrilməməlidir. Kişi orqanizminin öyrənilməsi əsasında əldə olunan məlumatlara görə verilən tibbi qərarlar qadınlara nəyinki zərər vura, hətta onların ölümünə səbəb ola bilər.
“Elm və texnologiya sahələrində qadınlara qarşı ayrı-seçkilik çoxəsrlik patriarxallığın, ayrı-seçkiliyin, zərərli stereotiplərin nəticəsidir. 1901-ci ildən bəri qadınlar elmi kateqoriyalarda Nobel mükafatı alanların yalnız üç faizini təşkil edir. İnternetdə isə qadınlar, o cümlədən elm adamları, jurnalistlər tez-tez nifrət nitqinə və onları susdurmaq, utandırmaq üçün təhqirlərə məruz qalırlar. Lakin onları susdurmaq mümkün olmayacaq. Qadın və qızlar hər yerdə öz hüquqlarını tələb edirlər və onların sözləri bütün dünyaya yayılır. Qadın və qızların elm və texnologiyanın köməyi ilə dünyanın öyrənilməsinə tam töhfə verə bilməsi üçün bir neçə istiqamətdə əməli tədbirlər görməyə ehtiyacımız var. Ayrı-seçkilik yaradan məlumatlardan tutmuş qızları erkən yaşlarında elmi fənləri öyrənməkdən uzaqlaşdıran stereotiplərə qədər maneələri aradan qaldırmalıyıq.
Bütün sahələrdə qərar qəbul edənlər, ehtiyac olarsa kvotalar vasitəsilə qadınların elm və texnologiyada iştirakını, liderlik imkanlarını genişləndirməlidirlər. Onlar yaradıcı olmalı, işə qəbuletmə sistemini genişləndirməli və insanları bacarıqlarına görə işə götürməlidirlər. Bununla yanaşı, bu səyləri davamlı şəkildə göstərməlidirlər. Gender bərabərliyi öz-özünə baş verməyəcək – bu sahəni prioritetləşdirmək və qərarların icrasına nəzarət etmək lazımdır. Bu yanaşma BMT-də artıq öz nəticələrini verir”, - deyən Baş katib qurumun əməkdaşlar arasında gender bərabərliyini təmin etmək üçün strategiyasının olduğunu bildirib.
Antono Quterreş, həmçinin qeyd edib ki, qadınlar üçün təhlükəsiz rəqəmsal mühit yaratmaq, habelə internetdə onları təhqir edənləri və bu şəxslərə şəraiti yaradan rəqəmsal platformaları məsuliyyətə cəlb etmək üçün də tədbir görməyimizə ehtiyac var. BMT ifadə azadlığını qorumaq şərtilə rəqəmsal platformalarda zərərin azaldılması və məsuliyyətin artırılmasına yönəlmiş davranış qaydalarını hazırlamaq üçün hökumətlər, vətəndaş cəmiyyəti, özəl sektor və digərləri ilə işləyir.
“Bütün insanlar, icmalar və ölkələrin durumunu yaxşılaşdırmaq və Dayanıqlı İnkişaf üçün 2030-cu il Gündəliyinə nail olmaq istiqamətində qadın və qızlara sərmayələrin yatırılması ən doğru yoldur. Gəlin hər yerdə qadın və qızlar, kişi və oğlanlar üçün daha inklüziv, ədalətli, firavan bir dünya yaratmaq üçün birlikdə çalışaq”, - deyə BMT Baş katibi məqaləsində çağırış edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri