Bir neçə gün öncə Prezident İlham Əliyev Bakıda 6-cı, ölkə üzrə isə 21-ci olan “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
Prezidentin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” Mərkəzinin yaradılması haqqında 2012-ci illdə imzaladığı fərmandan sonrakı 9 il ərzində 21 ASAN Mərkəz açılıb.
Xeberler.az məlumat verir ki, məsələyə Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz münasibət bildirib.
Ekspert bildirib ki, ASAN xidmət modeli cəmiyyətin bütün sahələrində müstəsna rol oynayan, inqilabi bir dəyişiklik yaradan, uzun illər əldə edilməsi mümkün olmayanı qısa müddətdə əldə etməyə imkan verən bir model olub. Bu, birmənalıdır. Hazırda da ASAN Mərkəzlər tikilməkdə davam edir.
"Xatırlayıram ki, pandemiyadan öncə Prezident 10 il müddətində 27 ASAN Xidmət Mərkəzinin tikiləcəyini bildirmişdi. Maraqlı sual yaranır".
Bütün ölkə boyu ASAN Mərkəzlər olmalıdırmı, bütün rayonlarda yeniləri tikilməlidirmi ?
"Düşünürəm ki, müasir çağırışlar baxımından ASAN-nın 10 illiyindən sonra bu sahədə yeni konsepsiya ortaya qoyulmalıdır.
Hazırda VXSİ Dövlət Agentliyinin birbaşa tabeliyində olan hər iki qurumu, ASAN xidməti və eGov Mərkəzini müqayisə etsək görmək olar ki, ASAN Mərkəzlərə, oflayn sahəyə, oflayn infrastrukturun formalaşmasına daha çox diqqət yetirilir və daha çox yatırım edilir. ASAN Mərkəzlərin gündəlik həyatını da müşahidə etsək görərik ki, vətəndaşların bura axını yüksəkdir.
Yəni, əhali hələ də oflayn formada xidmətləri almaq məcburiyyətindədir. ASAN Mərkəzlərdə əhalinin sıxğlığı dövlət və qeyri-dövlət sektorunda rəqəmsal transformasiyanın zəif inkişafının göstəricisindir.
Düşünürəm ki, əhalinin oflayn xidmətlərə meyilli olması elektron xidmətlərin əlçatan və rahat olmaması, rəqəmsal savadlılığın yetərli olmaması və həm də ASAN Mərkəzlərin - oflayn xidmətin daha əlçatan olması ilə bağlıdır.
Yəni, belə görünür ki, vətəndaş məmnunluğu baxımından ASAN Mərkəzlərin olması həm hökuməti razı salır və həm də elə vətəndaşlar da xidmətləri oflayn almağa meyilli olurlar.
Fikrimcə, müasir çağırışlar baxımından qarşıdakı illər üçün bu model dəyişməlidir.
Qlobal dünyada baş verənlər göstərir ki, mütləq formada, cəmiyyətin bütün sahələrində rəqəmsal transformasiyaya getmək lazımdır, əhalinin rəqəmsal savadlılığı artırılmalıdır".
Osman Gündüzün sözlərinə görə, hökumət indiki məqamda rəqəmsallaşmanı, rəqəmsal hökuməti və rəqəmsal savadlılığın artırılmasını prioritet elan etməli, ASAN Mərkəzlər isə başqa – daha modern formada, daha yığcam formada davam etdirilməlidir.
"Hazırda ASAN regionlarda yerli icra hakimiyyətlərinin xidmətlərini də elektron formaya keçirir. Yaxın müddətdə regional eGov formalaşacaq. Bu baxımdan da, indiki klassik formada ASAN Mərkəzlərin modernləşdirilməsi, yerli icra qurumlarının binasında daha yığcam ASAN Mərkəzlərin yaradılmasına üstünlük verilməsi doğru olardı.
Fikrimcə, bir sıra populyar dövlət xidmətlərinin də yalnız elektron formada göstəriləcəyi ilə bağlı qabaqcadan açıqlamalar verilməsi, buna hazırlaşmaq doğru olardı.
Vəsaitlərin isə rəqəmsal transformasiyaya, innovasiyaların və internetin inkişafına, əhalinin rəqəmsal savadlılığının artırılmasına yönəltmək, bu sahəni prioritet elan etmək daha doğru olardı".