Ekspert: “Radiotezliklərin səmərəli və effektiv istifadəsi üçün komissiyanın ”mülkiləşməsi" mühüm şərt idi"

09-05-2021 / 09:44

Prezident İlham Əliyev mayın 4-də “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, radiokommunikasiya vasitələrindən və yüksəktezlikli qurğulardan istifadənin səmərəliliyini artırmaq və bu sahədə dövlət orqanlarının  fəaliyyətini əlaqələndirmək məqsədilə Radiotezliklər üzrə Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasının sədri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, üzvləri isə müdafiə və daxili işlər nazirlərinin müavinləri, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavinidir. Komissiyanın qərarı ilə dövlət qurumlarının nümayəndələri Dövlət Komissiyasının işinə cəlb edilə bilərlər. Nazirlər Kabinetinə bir ay müddətində Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamənin layihəsini hazırlayıb Prezidentinə təqdim etmək tapşırılıb.

Qeyd edək ki, Azərbaycanda uzun müddətdir ekspertlər radiotezliklərə nəzarətin gücləndirilməsini və kommersiya istiqamətində effektiv istifadəsini təklif edirdilər. Köhnə qurumun ləğv edilərək nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin rəhbərliyi ilə belə bir komissiyanın yaradılması bu prosesə start verilməsindən xəbər verir.

Bəs görəsən, yeni formalaşan Radiotezliklər üzrə Dövlət Komissiyası nəyi dəyişəcək?

Xeberler.az Yeni Müsavata istinadın verdiyi məlumata görə, mövzu ilə bağlı danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, İKT sektorunda köhnə komissiya “Generallar komissiyası” kimi tanınırdı: “Prezident 1996-cı ildən Nazirlər Kabineti yanında fəaliyyət göstərən Radiotezliklər üzrə Dövlət Komissiyasını ( RDK) ləğv etdi. Prezident həmçinin bu komissiyanın yenidən formalaşdırılması haqqında sərəncam da imzalayıb. İKT sektorunda bu komissiya ”Generallar komissiyası" olaraq tanınırdı.

Əsasən müdafiə və hüquq-mühafizə orqanlarının rəhbərləri, nazirlər daxil idi. Uzun illər bu komissiyaya Abid Şərifov rəhbərlik etmişdi, ondan sonra isə Hacıbala Abutalıbovun kurasiyasında olub.  Kifayət qədər bürokratik, konservativ, şəffaf olmayan bir komissiya olub və mən ötən 25 ildə bu qurumun bir məlumatına rast gəlməmişəm. Qarşısında qoyulan vəzifə isə çox ciddi, strateji əhəmiyyətlidir. Allahın bəxş etdiyi, dövlətə məxsus tezlik zolaqları, mövcud qanunvericiliyə görə mülki və digər məqsədlər üçün RDK tərəfindən ayrılır. Bu, məhdud bir resursdur və onun  mülki sektor üçün ayrıca, hərbi sektor üçün ayrıca, təhlükəsizlik üçün ayrıca tezlik bölgüsünü bu komissiya aparmalı idi. İndiyə qədər bu necə aparılıb bəlli deyil. Elə bu səbəbdən Prezident bu komissiyanın ləğvi haqqında fərman verdi və yeni komissiyanın yaradılması üçün sərəncam imzalandı".

O.Gündüzün sözlərinə görə, yeni komissiyanın işi çox əhəmiyyətli olacaq: “Çünki strateji ”Yol xəritəsi"ndə də qarşıdakı illərdə dövlətə məxsus olan tezlik resurslarından effektiv istifadə nəzərdə tutulurdu. Pozitiv məqamlardan biri budur ki, yeni komissiyanın rəhbəri Rəşad Nəbiyevin təyin olundu. Bu önəmli məsələdir. Əvvəllər komissiya kənar bir qurum idi və orada toplaşan generalların nə işlə məşğul olması bilinmirdi. Düşünürəm ki, müstəqil olması və birbaşa radiotezlik sektoruna cavabdeh nazirin quruma rəhbər təyin edilməsi, müdafiə və hüquq-mühafizə sektorunun nazir müavinləri səviyyəsində təmsil olunması qurumun daha çevik və effektiv fəaliyyətinə imkan yaradacaq". 

Ekspertin fikrincə, uzun illər “hərbi-təhlükəsizlik” istiqamətində formalaşan komissiyanın nisbətən “mülkiləşməsi” doğru yanaşmadır: “İnkişaf etmiş ölkələrdə, MDB məkanında bu tip komissiyalar xeyli müddətdir ki ”mülkiləşib". Əvvəlki komissiyada nazir  mülki sektordan yeganə üzv olaraq təmsil olunurdu.

Tezliklərdən ədalətli və səmərəli istifadə edilməsi, mülki sektorda tezliklərdən daha effektiv istifadə edilməsi sahəsində ciddi problemlər var.  Mən hesab edirdim ki, bu komissiya ləğv olunduqdan sonra onun səlahiyyətləri birbaşa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində yaradılacaq bir tənzimləyici  quruma verilməlidir. Hələ ki bu istiqamətdə müzakirələr gedir. Çox güman ki, yeni komissiyanın əsasnaməsində köhnə qurumun səlahiyyətlərinin çoxunu tənzimləyici quruma verəcəklər. Bütün dünyada bu belədir, ədalətli və səmərəli bölgünü tənzimləyici qurum edir.

Bizdə tezliklə bağlı ciddi problem odur ki, bəzi qurumlar 30 il öncə tezlikləri götürüb, indi də ondan istifadə etmir. Ancaq tezlik məhdud bir resursdur və dövlətə məxsusdur. Ədalətsizlik hesab olunan məqamlardan biri də budur ki, mülkidə istifadəsi nəzərdə tutulan tezlik hərbidədir və ya xüsusi müdafiədədir və onlar da istifadə etmir. Tezliklərdən ədalətli, səmərəli, effektiv istifadə ilə bağlı ciddi problemlər var, tezlik resursu var ki, bir neçə qəpikdir. Bu tezlikdən hansısa kommersiya qurumu böyük gəlirlər götürür. Eləsi də var ki, çox bahadır".

O.Gündüz vurğuladı ki, bu problemlərin həlli həm büdcəyə əlavə vəsaitlərin toplanması, TV-lər rəqəmsala keçdikdən sonra sərbəstləşən məhdud tezlik resurslarına əlçatanlıq, 5G ilə bağlı tezliklərin ayrılması və həm də informasiya təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir: “Fikrimcə, indiki halda, bu komissiyanın bir çox səlahiyyətlərinin NRYTN əsasında formalaşdırılacaq tənzimləyici quruma verilməsinin nəzərdə tutulması da daha doğru olardı. Dünya təcrübəsində olduğu kimi tezlik resursları ilə bağlı bir çox məsələlərin tənzimləyici qurum tərəfindən reallaşdırılması, texniki məsələlərin isə Dövlət Radiotezliklər İdarəsi tərəfindən gerçəkləşməsi bu sektorda daha effektiv və səmərəli fəaliyyətə kömək edərdi. Bu zamanında verilmiş bir qərardır və komissiyanın hərbi təhlükəsizlik məsələsindən mülki istiqamətə gəlməsi müsbət təsir göstərəcək”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə