Dövlətə məxsus olan, məhdud olan və hamıya çatmayan resurslardan biri də tezlik resursudur.
Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.
“Radiotezlik istifadəçiləri müxtəlif məqsədlər üçün əldə etdikləri tezliklərdən istifadəyə görə müəyyən ödənişlər edirlər. Ölkəmizdə bu tariflər 2004-cü ildə Tarif Şurası tərəfindən müəyyən olunub. Artıq 20 ildir ki, bu sektorda dəyişməz tarif tendensiyası davam edir.
Qonşu ölkələrin təcrübəsinə baxsaq görərik ki, texnologiyalar dəyişdikcə, yeni xidmətlər yarandıqca və radiotezlik istifadəçilərinin sayı artdıqca tezliklərdən istifadə tariflərini də dəyişiblər. Yəni, hər inkişaf mərhələsinin, hər yeni texnologiyaların yeni tezlik tarifləri olub. İnkişaf etmiş ölkələrdə, elə qonşu ölkələrdə də tezliklər üstündə amansız mübarizə gedir, adi bir radiotezliyi əldə etmək üçün auksionlar və müsabiqələr keçirilir.
Bizdə isə uzun illər öncə kimsə “su qiymətinə” qızıldan qiymətli radiotezlik resursu əldə edibsə, illik cüzi ödənişlərini etməklə, hətta ondan istifadə etməyə də bilərdi. Uzun illər “Tezlik mənimdir, pulunu ödəmişəm, özüm bilərəm” prinsipi ilə işləyən çoxsaylı radiotezlik istifadəçilərinə Dövlət Radiotezliklər İdarəsinin təsir imkanları sıfıra bərabər olub. 20 il bundan öncə tariflər tezliyin əhəmiyyətinə və sayına görə deyil, tezlik zolağına və əraziyə görə deyil, əsasən bu tezlikdə istifadə olunan radioelektron vasitələrin sayına görə müəyyən olunub. Hansı ki, buna nəzarət etmək elə də asan başa gəlmirdi.
Yəni, kiminsə milyonlar ödəməyə hazır olduğu dövlət resursunu başqası cüzi ödənişlər etməklə böyük gəlirlər də əldə edə bilərdi, səmərəsiz də istifadə edə bilərdi və ya ümumiyyətlə ondan istifadə etməyə də bilərdi. Artıq bu tendensiyaya son qoyulur.
Cari ilin avqust ayında ölkənin radiotezlik sektorunda əhəmiyyətli bir hadisə baş verdi. Radiotezliklərdən istifadə tariflərinin müəyyən edilməsi səlahiyyəti Prezidentin fərmanı əsasında Tarif Şurasından alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verildi. Nazirlik də dərhal, elə bir neçə gün öncə beynəlxalq tendensiyanı nəzərə almaqla radiotezliklərdən istifadə üzrə tariflərin hesablanması üçün yeni Metodika hazırlayıb.
Yeni Metodikaya görə tariflər daha çox bəlli bir tezlik zolağında işləyəcək avadanlıqlar və ya texnologiyalar üzrə, radiotezliyin əhəmiyyətlilik dərəcəsi, radiotezlik zolaqlarının genişliyi və sayı , həmçinin də radiotezliyin istifadə olunacağı ərazi nəzərə almaqla müəyyən ediləcək. Artıq regionlarda və Qarabağda istifadə ediləcək radiotezliklərin qiyməti ilə Bakı və Abşeronda istifadə arasında kəskin fərq olacaq. Bununla da regionlarda mobil rabitənin inkişafı üçün daha münbit şərait yaradılacaq.
Bahalı radiotezlikləri istifadəsiz və səmərəsiz saxlamaq heç kimə sərf etməyəcək. Digər radioxidmətlərin zəbt etdiyi faydalı tezlik zolaqları , 5G üçün gərəkli olan tezliklər sərbəstləşəcək. Düşünürəm ki, yeni tariflər, tezliklərdən daha effektiv və səmərəli istifadəni və yeni texnologiyalardan istifadəni stimullaşdıracaq, dövlətə məxsus olan və məhdud olan tezlik resurslarının daha ədalətli formada tənzimlənməsinə şərait yaradacaq.
Eyni zamanda, düşünürəm ki, hökumət, RİNN, bu sektoru idarə etməli olan tənzimləyici qurumun, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin formalaşmasnı da tezliklə başa çatdrımalıdır.
Doğrudur, Prezidentin fərmanı ilə “Generallar Komissiyası” adlanan NK yanındakı Radiotezliklər Komisssiyasının ləğvi və yeni Dövlət Radiotezliklər Komissiyasının yaradılması, onun əvvəlkindən fərqli olaraq “mülkiləşdirilməsi” sektorda qısa zamanda bir çox müsbət dəyişikliklərə səbəb oldu. Amma , Prezidentin İKT Agentliyi ilə bağlı fərmanından uzun müddət keçməsinə baxmayaraq bu Agentliyin Nizamnaməsinin indiyədək təsdiqlənməməsi və rəhbərliyinin də formalaşmaması, düşünürəm ki, doğru bir hal deyil.
Fikrimcə , bu tənzimləyici qurumun tez bir zamanda formalaşması həm yeni tarif Metodikası və həm də digər tənzimləyici vasitələrlə sektorun inkişafını daha da sürətləndirə bilər”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri