“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016 / 12:14

Uşaqların İnternetdə tez-tez təhlükələrə məruz qalması valideynlər tərəfindən vaxtında müdafiə tədbirlərinin görülməməsi ilə bağlıdır.

Kaspersky Lab şirkətinin internet istifadəçiləri arasında apardığı sorğunun nəticələrinə əsasən, istifadəçilərin yalnız 26%-i övladlarının internetdə fəaliyyətini tənzimləmək üçün valideyn nəzarət funksiyası olan təhlükəsiz proqram təminatlarından istifadə edir.

Bununla belə, xüsusi həllərin köməyi olmadan da keçinə biləcəyini düşünən çoxluq arasında hər beşinci respondent uşaqların sərbəst şəkildə valideynlərin nəzarəti olmadan internetdən istifadəni öyrənməklərinin tərəfdarıdır. Bu isə ekspertlərdə narahatlıq yaradır.

Xeberler.az bildirir ki, Kaspersky Lab-ın araşdırma apardığı 12 ay ərzində 41% uşaq kibertəhlükələrlə üzləşib. Böyüklər tərəfindən lazımi qayğı ilə əhatə olunmayan gənc internet istifadəçiləri kiberfırıldaqçılığın qurbanına çevrilmiş, təhlükəli yad insanlarla ünsiyyət qurmuş və arzuolunmaz kontentlə rastlaşıblar.

Bununla yanaşı, araşdırma onu da göstərdi ki, valideynlər uşaqların internetdə qarşılaşa biləcəyi təhlükələrdən xəbərdardılar. Belə ki, onların 37%-i düşünür ki, uşaq internetdə yaşına və psixoloji inkişaf səviyyəsinə uyğun olmayan bir şey görə bilər. 36% respondent isə onların internetdə təhlükəli insanlarla ünsiyyət qurmasından qorxur. Valideynlərin 34%-i isə mümkün internet fırıldaqçılığından və bunun övladlarına təsirindən narahatdır.

Bütün bu təhlükələri dərk edərək valideynlər hər halda övladlarını onlayn təhlükələrdən qorumaq üçün müəyyən tədbirlər görür. Əksər zamanlarda bu, internetin təhlükələri barədə uşaqla söhbətin aparılması olur (38%). Daha bir maraqlı məqam hər beşinci respondentin bu problemin həllini sosial şəbəkələrdə uşaqla dostluq etməkdə görməsidir.

“Valideynlər anlamalıdırlar ki, onlayn təhlükələr uşaqlar üçün fiziki dünyanın təhlükələri qədər qorxuludur. Real həyatda heç bir valideyn öz uşağının nəzarətsiz yol keçməsinə və ya yad biri ilə ünsiyyət qurmasına icazə vermir. İnternetə gəldikdə isə valideynlərin əksəriyyəti uşaqları brauzer və məlum olmayan kontentlə təkbaşına buraxır. Uşaqlara mütəmadi olaraq internetin təhlükələri barədə danışmaq, ehtiyatlı və ayıq davranışı öyrətmək lazımdır. Bu vasitə faydalı olsa da uşağın hər hansı bir təhlükə ilə üzləşməyəcəyinə təminat vermir. Bunun üçün maarifləndirici tədbirlərlə yanaşı, valideynlər texnoloji səviyyədə internet təhlükələrin qarşısını alan xüsusi həllərdən də istifadə etməlidirlər”, - deyə Kaspersky Lab şirkətinin istehlakçı biznesinin rəhbəri Andrey Moxolya bildirib.

İnternetdə uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə Kaspersky Lab şirkəti bütün məşhur əməliyyat sistemləri ilə uyğunlaşdırılmış “Kaspersky Safe Kids” adlı xüsusi proqram həlli təqdim edir. Proqram valideynləri uşaqların internetdə nə ilə məşğul olduqları, şəbəkədə nə qədər vaxt keçirdikləri barədə məlumatlandırır, o cümlədən onların smartfonlarına daxil olan zəng və SMS-lər barədə bildiriş almaq və geolokasiya funksiyası sayəsində onun harada olduğunu müəyyən etməyə imkan yaradır.

Kaspersky Lab şirkətinin apardığı sorğu 21 ölkədən 12 546 internet istifadəçisini əhatə edib.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə